![]()
Ermənistan parlamenti növbədənkənar iclasında TRIPP (Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu) layihəsinin həyata keçirilməsi üçün şirkətin yaradılması məsələsini müzakirə edir.
Bu barədə "Armenia Today" nəşri yazır.
Müzakirəyə yeddi qanun layihəsindən ibarət paket çıxarılıb. Paket Ermənistanın beynəlxalq sazişləri çərçivəsində yaradılan və dövlətin iştirak payının azı 25 faiz təşkil etdiyi şirkətlər üçün qanunvericilik mexanizminin formalaşdırılmasını nəzərdə tutur.
Daha əvvəl Ermənistan hökuməti bildirmişdi ki, Ermənistan və ABŞ arasında çərçivə sazişi ratifikasiya edildikdən sonra TRIPP layihəsinin həyata keçirilməsi üçün şirkətin yaradılması prosesinə başlanılacaq.
Nazirlər Kabineti qanun layihələrinin sürətləndirilmiş qaydada müzakirəsini təklif edib. Belə ki, ikinci oxunuşun birinci oxunuşdan sonra 24 saat ərzində keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, noyabrın 10-da Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ABŞ ilə "Tramp marşrutu" (TRIPP - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) üzrə çərçivə sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb.
Oktyabrın 28-də Ermənistan Milli Assambleyası (parlament) ABŞ ilə sazişi ratifikasiya edib. Sənədin lehinə hakim "Vətəndaş müqaviləsi" fraksiyasından 63 deputat səs verib, müxalifətdən olan 32 deputat isə əleyhinə çıxış edib.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri "Sülh və Dövlətlərarası Münasibətlər haqqında" Sazişi paraflayıblar.