![]()
1955-ci ildə Buynuz kəndində doğulan Aslan Gənci oğlu Ağakişiyev elmin və təhsilin yolunu uşaqlıqdan seçmişdir. Kənd məktəbini bitirdikdən sonra Bakıda 5 saylı kimya-biologiya təmayüllü məktəbi qurtarmış, gənc yaşlarından elmin sirrlərinə dərin maraq göstərmişdir. Həmişə əlaçılar sırasında yer almış, gecə-gündüz çalışaraq özünü təkcə biliklə deyil, həm də əzmkarlıqla göstərmişdir.
1973-cü ildə Azərbaycan Dövlət Universitetinin kimya-biologiya fakültəsinə daxil olan Aslan müəllim, 1978-ci ildə ali təhsilini uğurla başa vuraraq kimya-biologiya ixtisası üzrə diplom almışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Bioloji Tədqiqatlar Mərkəzində baş laborant kimi fəaliyyətə başlamış, SSRİ Elmlər Akademiyasının Fotosintez İnstitutunda təcrübə keçmiş və Moskva Dövlət Universitetində dissertasiya müdafiəsi ilə biologiya elmləri namizədi elmi dərəcəsini qazanmışdır.
Aslan müəllim yalnız elmi nailiyyətləri ilə deyil, insani keyfiyyətləri ilə də seçilmişdir. İnsanlarla münasibətdə həmişə səmimi, köməksevər və qayğıkeşdir. Elmi bilikləri ilə başqalarını cəlb etmək bacarığı, həmkarları və tələbələri ilə ünsiyyətdə həmişə diqqətli olması onu həm əsl müəllim, həm də dost etmişdir.
1984-cü ildən Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda fəaliyyət göstərən Aslan müəllim, kiçik elmi işçidən aparıcı elmi işçiyə qədər yüksəlmiş, “Torpaq mikrobiologiyası” qrupuna rəhbərlik etmişdir. 25-dən çox elmi işin və bir səmərələşdirici təklifin müəllifi olan Aslan müəllim, elmi fəaliyyətinə görə “Tərəqqi” medalı ilə də təltif olunmuşdur.
1994–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində könüllü hərbi xidmət göstərmiş, baş leytenantdan mayor rütbəsinə qədər yüksəlmişdir. Hərbi xidmət zamanı qazandığı bilik və təcrübəni Azərbaycan Dövlət Neft Akademiyasının hərbi kafedrasında tələbələrə ötürmüşdür.
2000-ci ildən Odlar Yurdu Universitetində baş müəllim, Bakı Sənaye Pedaqoji Kollecdə şöbə sədri və kimya-biologiya məktəbində direktor müavini kimi çalışmışdır. Onun pedaqoji fəaliyyəti, tələbələrə və həmkəndlilərinə göstərdiyi qayğı, elmi biliklərlə insanları ruhlandırma bacarığı onu həm sevilən müəllim, həm də nümunəvi alim etmişdir.
Ailədə böyük övlad olaraq həmkəndlilərinə nümunə olan Aslan müəllim, indi övladlarının da həyatına işıq salır: qızı həkim, oğlu kimya müəllimi. Kəndinə bağlılığı, elmi və təhsil sahəsində xidmətləri onu ailəsi, həmkəndliləri və ölkə ictimaiyyəti tərəfindən böyük hörmətə layiq etmişdir.
Aslan müəllimin həyatına baxdıqda görünür ki, o yalnız elmi uğurlar və pedaqoji nailiyyətlər əldə etməyib. O, insanlığa, səmimiyyətə və dostluğa dəyər verən bir şəxsiyyətdir. Onun sözü ilə hər kəs ilham alır, onun nümunəsi ilə gənclər elmi seçirlər. O, elmin və insanlığın harmoniyasını həyatında yaşadan nadir insanlardandır.
Ömür cizgiləri düz yetmiş yazır.
Həyat lövhəsində yazılmış yetmiş düstur, yetmiş izah.
Baxışda sükutla söylənən yetmiş hekayə.
Bir kəndin havasında başlayıb hər şey,
Buynuz sərinliyi yaşar səsində.
Elmə qarışmış hər nəfəsində...
Uşaqlar güc alıb bu möhkəm əldən,
müəllim adıyla döyünən qəlbdən.
Bəlkə də bu ömür dərsin özüdür.
Bəzən bir baxış, bir gülümsəmə səbrin nə olduğunu öyrədər sənə.
Sanarsan, əlində hər an təbaşir,
lövhəyə həyatın formulun yazır
sevgi üstəgəl zəhmət üstəgəl insanlıq.
Bəli, bəziləri həyatı öyrənir, bəziləri öyrədir. Çox azı var ki, həyatı öyrədərək yaşadır. Aslan müəllim, Siz o azlardan birisiniz. Elm yolunda işıq saçan, 70 ilin nuruyla müəllim adını gələcəyə daşıyan şərəfə Eşq olsun!
Bəhruz