
“Science” jurnalında dərc olunan yeni tədqiqata əsasən, son iki ildə müşahidə edilən kəskin istilər fonunda dünya üzrə çayların axını, göllərdəki və su anbarlarındakı su ehtiyatları görünməmiş səviyyədə azalıb.
1991–2020-ci illərin orta göstəricisi ilə müqayisədə 2023–2024-cü illərdə qlobal çay axını 5,7 faiz, göl və su anbarlarında aktiv su ehtiyatı isə 9,5 faiz enib.
Çin Elmlər Akademiyasının Yonqsyan Çjanın rəhbərlik etdiyi tədqiqat qrupu 1991–2025-ci illər üzrə qlobal şirin su tendensiyalarını araşdırıb. Alimlər 150 iri çay hövzəsindən toplanan ölçmələri və 1,2 milyondan çox su hövzəsinin peyk müşahidələrini təhlil ediblər.
Araşdırma göstərib ki, 1991–2006-cı illər arasında ciddi dalğalanmalardan sonra 2022-ci ilədək nisbətən sabit qalan çay axını və səth suları ehtiyatları 2023-2024-cü illərdə kəskin şəkildə düşüb. 2025-ci ildə çay axınlarında qismən bərpa əlamətləri müşahidə olunsa da, tədqiqatçılar əvvəlki iki ildəki azalmanın öyrənilən tarixi dövrdə misli görünməmiş olduğunu qeyd edirlər.
Ən ağır vəziyyət Cənubi Amerikada qeydə alınıb - bəzi ərazilərdə güclü yağış və daşqınlara baxmayaraq, qitədə çayların axını 17,8 faiz, göl və su anbarlarındakı su həcmi isə 16,5 faiz azalıb. Tədqiqatçılar hesabatda vurğulayıblar: “Qlobal su dövranı artıq Antroposenin dərin pozulma dövrünə daxil olub”.