![]()
Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyinin təmin olunması ilə bağlı valideynlərə müraciət edib.
Nazirliyin müraciətində maarifləndirmə tədbirlərinə baxmayaraq, azyaşlıların nəzarətsiz qalması səbəbindən onların həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətlərin yarandığı bildirilib.
Qeyd olunub ki, FHN-in "112" qaynar telefon xəttinə uşaqların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı mütəmadi məlumatlar daxil olur. Daxil olan müraciətlər əsasında nazirliyin xilasetmə qüvvələri tərəfindən görülən operativ tədbirlər nəticəsində təkcə son 15 gün ərzində 32 uşaq xilas edilərək ailə üzvlərinə və ya yaxınlarına təhvil verilib.
Aparılan araşdırmalar göstərir ki, bu cür hadisələr əsasən valideynlərin uşaqlara nəzarət etməməsi və ya müxtəlif səbəblərdən onları evdə tək qoyması nəticəsində baş verir.
Nazirlik diqqətə çatdırıb ki, mənzillərdəki elektrik və qaz cihazları, açıq eyvan və pəncərələr, aşma və ya düşmə təhlükəsi olan ağır əşyalar, kimyəvi maddələr və kəsici alətlər azyaşlıların həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır.
Bundan başqa, uşaqların liftdə, həyətdə, küçədə, avtomobildə və digər yerlərdə nəzarətsiz qalması da arzuolunmaz nəticələrə səbəb ola bilər.
FHN valideynləri bir daha diqqətli olmağa, uşaqların təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa və onları nəzarətsiz qoymamağa çağırıb.