Qidalanma mütəxəssisləri iri və yırtıcı növ olan tuna balığının bədənində yüksək miqdarda civə toplama riski daşıdığını bildirərək onun tez-tez istehlak edilməməsi barədə xəbərdarlıq ediblər.
Civə riskindən qorunmaq üçün iri balıqlar əvəzinə sardina, xəmsə (hamsi), kilkə (çaça) və siyənək (rinqa) kimi xırda balıq növlərinə üstünlük verilməlidir. Yüksək protein, omeqa-3, vitamin və minerallarla zəngin olan bu balıqlar ürək, beyin, sümük sağlamlığı və immunitet üçün olduqca faydalıdır.
Konservləşdirilmiş balıq alarkən 5 əsas risk: Mütəxəssislər etiketdəki tərkib hissəsinə diqqət etməyi və xüsusilə ağır souslu məhsullardakı bu risklərdən uzaq durmağı tövsiyə edirlər:
Həddindən artıq duz: Qan təzyiqini yüksəldir və böyrəklərin yükünü artırır.
Əlavə şəkər: Xüsusilə tomat souslu və marinad olunmuş məhsullardakı şəkər nəzarətsiz çəki artımına səbəb olur.
Kimyəvi qatqılar: Qatılaşdırıcılar, dadlandırıcılar, aromalar və qoruyucular məhsulun zərərini artırır.
Ağır souslar: Mayonez və qaymaq əsaslı souslardakı konservalar öz suyunda olanlardan 2-3 dəfə daha kalorilidir.
Günəbaxan yağı: Zeytun yağı əvəzinə günəbaxan yağından istifadə edilməsi orqanizmdə omeqa-3 və omeqa-6 yağ turşularının balansını pozur.
Mütəxəssislər həftədə 1-2 dəfə olmaqla, qatqısız - suda, öz suyunda və ya zeytun yağında hazırlanmış sadə xırda balıq konservalarını seçməyi məsləhət görürlər.