![]()
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək.
Bu yenilik hansı üstünlükləri vəd edir?
İqtisadçı Elçin Rəşidov ölkədə pensiyaların ödənilməsi sahəsində bank monopoliyası mövcuddur deyib.
"Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov da bizimlə görüşdə qeyd edib. Pensiyaçılara pensiyalarını müxtəlif banklardan almaq imkanı yaradılarsa, bu, ilk növbədə, onlar üçün rahatlıq təmin edər. İnsanlar özlərinə yaxın olan bankı seçə bilər, eyni zamanda, bir bankın bankomatları qarşısında yaranan növbələr azalaraq müxtəlif banklar arasında bölünər. Beləliklə, bank monopoliyası da aradan qalxar. Adətən insanlar əməkdaşlıq etdikləri və pensiyalarını aldıqları banklardan daha çox kredit götürür, digər bank xidmətlərindən istifadə edir və həmin bankın kartlarına üstünlük verirlər. Bu baxımdan, digər bankların da sistemə cəlb olunması onlara bərabər rəqabət imkanları yaradar".
İqtisadçı bildirib ki, əməkhaqqı ilə bağlı qərarı müəssisələr verir:
"Hansı bankla işləmək və əməkhaqlarını hansı bank vasitəsilə ödəmək müəssisənin öz seçimidir. Bu sahədə konkret bir bankın ölkə üzrə monopoliyasından danışmaq olmaz. Bununla belə, müəyyən amillər nəticəsində bəzi banklar əməkhaqqı ödənişlərində daha çox üstünlük əldə edə bilər. Hətta bu prosesdə qeyri-şəffaf prinsiplər, müxtəlif təzyiqlər və ya ayrı-ayrı şəxslərin maraqları da rol oynaya bilər. Digər bankların da bu sistemə qoşulması əməkhaqqı alan şəxslərə özləri üçün daha əlverişli və yaxın bankı seçmək imkanı verəcək. Eyni zamanda, banklar arasında rəqabət şəraiti bərabərləşəcək ki, bu da bütövlükdə bank sektoru üçün müsbət haldır".
E.Rəşidov qeyd edib ki, bu dəyişiklikdən müəyyən mənada itirən tərəf isə şirkətlər olacaq:
"Belə ki, şirkət əvvəllər əməkhaqqı vəsaitlərini bir banka köçürürdüsə, indi bir neçə bankla əməkdaşlıq etməli olacaq. Əvvəlki sistemdə şirkətlər bir bankla işlədiklərinə görə bəzi xidmətlər üzrə endirimlər əldə edir, daha rahat xidmət alır və mühasibatlıq işlərini asanlaşdırırdılar. Yeni qaydalar isə mühasibatlıq yükünü artıra və şirkətlərin müəyyən güzəştlərdən məhrum olmasına səbəb ola bilər".