![]()
11.11 və “Qara Cümə” ərəfəsində bir çox alıcı onlarla təklifi, çatdırılma şərtlərini və promo kodları müqayisə edir. Lakin daha sərfəli alış-veriş axtarışı psixikaya əlavə yük yarada və narahatlığı artıra bilər. Çünki insanın diqqət, qavrayış və yaddaş imkanları məhduddur.
Bu barədə Gazeta.ru-ya praktik psixoloq, psixologiya elmləri namizədi Yuliya Slobodçikova məlumat verib.
Onlarla təklifin və güzəştli şərtlərin müqayisəsi alıcıya əlavə koqnitiv yük yaradır. Mağaza əvvəlcədən müəyyən qiymət təyin edir, lakin müştərini seçim prosesinə cəlb etmək üçün bir növ oyun təklif edir. Kampaniyaların və reklamların çoxluğu isə insanda həddindən artıq informasiya yükü və vaxt çatışmazlığı hissi yaradır. Nəticədə insana elə gəlir ki, məlumat və tapşırıqlar həddindən artıq çoxdur, onları emal etməyə isə kifayət qədər gücü çatmır.
Mütəxəssisin sözlərinə görə, bu, sinir sistemi üçün təhlükəlidir və panik ataklara qədər kəskin psixoloji vəziyyətlərə səbəb ola bilər. Artıq ödəniş etmək və ya saxta məhsulla qarşılaşmaq qorxusundan yaranan narahatlığın isə iki əsas səbəblər qrupu var. Birinci qrup ətraf mühitdəki vəziyyətlə — iqtisadi qeyri-sabitlik, qiymət artımı, vicdansız reklam və dələduzluq halları ilə bağlıdır. Digər qrup isə insanın özündən — hadisələri fəlakət kimi qiymətləndirməyə meyillilikdən, pulla bağlı mənfi düşüncələrdən, ətrafdakılarla özünü müqayisə etmək vərdişindən və əvvəlki uğursuz alış-veriş təcrübəsindən qaynaqlanır.
“Çoxsaylı təkliflər narahatlığı artırır, çünki idrak proseslərimizin resursları sonsuz deyil. Buna görə də məhsulları bir yerdə axtarmaq daha yaxşıdır. Əks halda diqqət həddindən artıq bölünür, çox vaxt və enerji sərf olunur. Bu isə qıcıqlanmaya, nəticədə ya ümumiyyətlə heç nə almamaq, ya da əlinə keçən ilk məhsulu almaq istəyinə səbəb olur”, – deyə Slobodçikova izah edib.
Endirimlər mövsümündə əsas məsələ ümumi ajiotaja qapılmamaq və başqalarına çatmağa çalışmamaqdır. Endirimlərə tamamilə məhəl qoymamaqdan tutmuş bir neçə gün ərzində alış-verişə baş vurmağa qədər istənilən davranış normal hesab olunur. Təhlükəsizlik qaydalarına riayət etmək üçün isə tam yuxu, düzgün qidalanma, iş və istirahətin növbələşdirilməsi, həmçinin qıcıqlanma, qəzəb, qorxu, güclü yorğunluq və hətta eyforiya kimi ifrat emosional vəziyyətlərdən uzaq durmaq vacibdir.
Spontan alış-veriş hər zaman zərərli deyil, çünki stress səviyyəsini qısa müddətdə azaldır. Lakin şüurlu seçim etmək üçün psixoloq əvvəlcədən arzuolunan məhsulların siyahısını hazırlamağı və büdcə limiti müəyyənləşdirməyi tövsiyə edir. Bu limiti ən çoxu 20 faiz artırmaq olar. O, həmçinin ödəniş etməzdən əvvəl məhsulu səbətə əlavə edib bir müddət gözləməyi və ya kənara çəkilərək bir dəqiqə düşünməyi məsləhət görür. Bu zaman məhsulun lehinə üç, əleyhinə isə bir arqument sadalamaq lazımdır.