![]()
Bu il havaların uzun müddət sərin keçməsi dəniz mövsümünün gecikməsinə səbəb olsa da, istilərin düşməsi ilə bədbəxt hadisələr də ard-arda gəlməyə başladı. Demək olar ki, hər gün dənizdə bir və ya bir neçə nəfərin boğulması barədə sarsıdıcı xəbərlər yayılır.
Bəs bu faciələrin statistikasında hansı ərazilər üstünlük təşkil edir? Boğulma hallarının kökündə xilasedicilərin nəzarətinin yetərsizliyi dayanır, yoxsa vətəndaşların xəbərdarlıqlara məhəl qoymayaraq təhlükəli, çimmək qadağan olunmuş ərazilərə üz tutması?
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirildi ki, qurumun aidiyyəti strukturları artıq mayın 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
"Monitorinqlər zamanı xüsusi təhlükəli çimərlik əraziləri müəyyən edilib. Bunlar Bakı şəhərinin Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən Mil qaya və Şimal Qress, Sabunçu rayonu Bilgəh qəsəbəsindəki 12-ci dalan (Daçnik ərazisi), Binəqədi rayonu Novxanı qəsəbəsində Sarı qaya və Qaradağ rayonunda yerləşən Mayak ərazisidir. Bu məkanlar mürəkkəb relyefi, sürətli axınları, qeyri-müəyyən dərinliyi və digər təhlükəli xüsusiyyətləri səbəbindən insanların həyatı üçün ciddi risk yaradır.
Ən çox rast gəlinən risk faktorları çimmək üçün nəzərdə tutulmayan ərazilərə daxil olmaq, xilasedici nəzarəti olmayan yerlərdə çimmək, küləkli və dalğalı havada suya girmək, spirtli içki qəbul etdikdən sonra suya daxil olmaq, eləcə də uşaqların nəzarətsiz buraxılmasıdır.
Bu il çimərlik mövsümündə 13 nəfər, ümumilikdə isə 19 nəfər FHN əməkdaşları tərəfindən suda boğulma təhlükəsindən xilas edilib. Həmçinin Xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən boğulma hadisəsi qeydə alınmayıb", - məlumatda qeyd olunub.
Bəs insanları həyatlarını riskə ataraq təhlükəli və nəzarətsiz ərazilərdə çimməyə vadar edən nədir? Niyə hətta özünə güvənən, peşəkar və üzməyi mükəmməl bacaran şəxslər belə dənizdə faciə ilə qarşılaşırlar? Xəzərdə insan həyatı üçün ən böyük təhlükə yaradan amillər hansılardır və vətəndaşlar bu risklərdən necə qoruna bilərlər?
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, dənizdə baş verən bədbəxt hadisələrin qarşısını almaq üçün ilk növbədə çimərlik seçiminə məsuliyyətlə yanaşmaq lazımdır:
"Çimərliyə planlı şəkildə getmək və yalnız fəaliyyətinə icazə verilən, xilasedici xidmətin fəaliyyət göstərdiyi çimərlikləri seçmək lazımdır. Xəzər dənizinin 825 kilometrlik sahil xəttinin hər yeri çimmək üçün nəzərdə tutulmayıb. Mövsüm başlamazdan əvvəl aidiyyəti qurumlar tərəfindən çimərliklərdə suyun fiziki, kimyəvi və bakterioloji göstəriciləri, həmçinin sualtı akvatoriya yoxlanılır. Yalnız təhlükəsiz hesab edilən ərazilərdə çimməyə icazə verilir. Bu il FHN-in nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən boğulma hadisəsi qeydə alınmayıb. Bu isə həmin çimərliklərin təhlükəsiz olduğunu göstərir".
Ekspert bildirdi ki, dünya statistikası da nəzarətsiz çimərliklərin daha təhlükəli olduğunu təsdiqləyir.
"Dünya üzrə boğulma hallarının 95 faizi nəzarətsiz çimərliklərdə baş verir. Hər il təxminən 400 min insan suda boğularaq həyatını itirir və onların böyük əksəriyyəti məhz belə ərazilərdə həlak olur. Bundan əlavə, boğulma hadisələrinin 70 faizdən çoxu əlverişsiz hava şəraitində qeydə alınır. Buna görə də hava küləkli, dəniz isə dalğalı olduqda suya girmək olmaz".
Elmar Nurəliyev çimərlikdə təhlükəsiz istirahət üçün əməl olunmalı olan əsas qaydaları da sadaladı.
"Çimərlikdə bu beş qızıl qaydaya əməl etmək vacibdir: əlverişsiz hava şəraitində dənizə girməmək, üzmə sərhədlərini keçməmək, spirtli içkinin təsiri altında suya daxil olmamaq, xilasedici xidməti olmayan çimərliklərdən uzaq durmaq və uşaqları nəzarətsiz buraxmamaq. Bəzən insanlar çimərliyi yarış meydanına çevirir, daha uzağa üzmək üçün yarışır, qayalı ərazilərdə və ya dəmir konstruksiyaların üzərindən suya tullanırlar. Bu cür davranışlar təhlükəsizlik qaydalarına ziddir. Dənizdə sahilə paralel üzmək və müəyyən olunmuş sərhədləri keçməmək lazımdır".