veten informasiya agentliyi

Ömür də bir kitabdır...

Tarix:Bu gün, 14:28
Baxış Sayı:9

Ömür də bir kitabdır...

İllərimin dostu, "5 qardaş"dan biri Təranə Cəbiyevanın 60 illik yubileyinə dost hədiyyəsi


Dünyanın hər bir yerində olduğu kimi, bizim cəmiyyətdə də qadınlara, yaradıcı xanımlara xüsusi ehtiram və diqqət var. Fəqət, yaxın keçmişə qədər Azərbaycan xanımlarına elmlə, tədqiqatla, yaraıcılıqla məşğul olmaq yasaq edilmişdi. Sanki xanımların təhsil almaları, savadlanmaları kimlərəsə mane olurdu. Yalnız XX əsrin ortalarından başlayaraq, elmin müxtəlif sahələrində alim xanımlarımız da yer tuta bildilər.
Bəli, bu dəfə sizə əli qələmli, sözü bal dadan ziyalı bir xanım – Təranə Əmir qızı Cəbiyeva haqqında söhbət açmaq istəyirəm. Onu həmçinin gözəl şeirlər müəllifi Təranə Əmirqızı kimi də tanıyırlar.

Dərin zəka sahibi

Sirrli cazibə qüvvəsi, güclü daxili enerjisi və sabit xarakteri ilə seçilir. Əslində, o özündə dərin duyğuları, güclü intuisiya qabiliyyətini ehtiva edir və öz dəyərlərinə sadiqdir. Həyatında nə istədiyini dəqiq bilir və bu məqsədlərə çatmaq üçün qətiyyətlə səy göstərir. Ətrafında baş verən hadisələrə qarşı soyuqqanlı və sakitdir. Bəzən qərarları emosional əsaslara söykənsə də, məntiqi düşüncəsini heç vaxt itirmir. Dostluqda sadiq və etibarlıdır.
Jurnalistikanı Azərbaycandan kənarda da tanıdan və böyük nüfuz qazanan, ölkəmizin media xəzinəsinə sanballı töhfələr verən, məhsuldar və yorulmaz fəaliyyəti ilə ədəbiyyatın, yazılı jurnalistikanın dinamik inkişafına qayğısını əsirgəməyən görkəmli qələm sahibi, neçə-neçə kitab müəllifi Təranə Cəbiyeva zamandan bir addım öndə irəliləyən yazarlarımızdandır. Çağdaş dövr mətbuatın tarixində özünəməxsus yer tutan Təranə xanım bütün fəaliyyətini, yaradıcılığını mətbuatımızın, ədəbiyyatımızın, cəmiyyətimizin inkişafına sərf edən dəyərli ziyalılarımızdandır. Onun mühüm həyati problemlər qaldıran, vacib ictimai-siyasi və mənəvi-əxlaqi məsələləri əks etdirən araşdırmalarında əsas tədqiq və inikas obyekti insan, onun mənəvi dünyasıdır. Xalqımızın gözəl, zəngin mənəvi dəyərlərinin təbliği görkəmli qələm sahibinin yaradıcılığında mühüm yer tutur. Onun məqalələri, araşdırmaları və monoqrafiyaları həm mövzu zənginliyinə, həm də dil və üslubuna görə böyük maraq doğurur. Dərin zəka sahibi olan Təranə xanım həm görkəmli jurnalist, əsl qələm sahibi, həm də istedadlı şair kimi tanınmaqdadır”.

Ömürnaməsindən:

Gəlin əvvəlcə Təranə xanımın ömür kitabına nəzər yetirək:
Təranə Əmir qızı Cəbiyeva 1966-ci il mayın 10-da İsmayıllı rayonunun Quşencə kəndində anadan olub. Quşencə kənd orta məktəbində oxuyub və oranı da bitirib.
O, bir müddətdir jurnalistliklə məşğuldur. Orta məktəb illərində yaradıcılığa başlayan T.Əmirqızı bu sahədə fəaliyyətini davam etdirib və bir sıra mətbuat orqanlarında çalışıb. Bir neçə ədəbi-bədii kitabın redaktoru olub. “Babadağa baxan ellər” kitabı onun ilk əsəridir. Daha bir neçə kitabın müəllifi kimi də tanınır.
İlk dəfə Bakıda, plkəmizin müxtəlif guşələrində, İsmayıllıda yaşayan ziyalıları bir araya gətirən də məhz Təranə Cəbiyevadır. Digər bir ziyalımız Xeyrulla Ağayevlə 15-16 il öncə əvvəlcə Bakıda, sonra da onun davamı kimi İsmayıllıda möhtəşəm tədbirlər keçirməklə ziyalıları birləşdirən də məhz Təranə xanım oldu. “Babadağa baxan ellər” kitabının 1-ci hissəsilə bu bütövləşmənin, birləşmənin əsasını qoydu. Bu gün də oradan başlayan dostluq, mehribançılıq uğurla, xoş niyyətlərlə davam edir. Bu fikirlərdən sonra deyə bilərik ki, o, birləşdirici missiyanın daşıyıcısıdır...
Azərbaycan Müstəqil Jurnalistlər Liqasının üzvüdür. 2005-ci ildə Azərbaycan KİVİHİ Rəyasət Heyətinin “İnam” şərəf diplomuna layiq görülüb.
Bir övlad anasıdır. Nənədir və onun dadını çıxarmağa çalışır...

Dost-tanış necə səciyyələndirir?

Yaxın dostları, illərin tanışları, həmkarları ilə də söhbət edərkən bu məqamlara toxundular.

“Neft daşları” qəzetinin baş redaktoru, İsmayıllının canlı ensiklopediyası Xeyrulla AĞAYEV: “... Min illər boyu yazılan heç bir kitabın səhifəsində var-dövlət deyilən mirasdan kiçik bir zərrə də yoxdur, ancaq insan ehtirasını, düşüncəsini, hissiyyatını özündə yaşadan, bu gün belə sənin əhvalınla həmahəng olan SÖZ var, QƏLƏM var. Bu sözü səhifələrində qoruyub saxlayan isə KİTAB-dır. Ona görə də həmişə kitaba ən qiymətli dəyər kimi baxmışam. Məhsuldar yazar kimi həmyerlimiz Təranə Cəbiyevaya böyük hörmətim var. Adam var ki, yerində sayır, amma Təranə xanım məsuliyyətli olduğundan verdiyi sözə, götürdüyü öhdəliyə
həmişə əməl edib. Bir sözlə, tanıdığım qələm sahibi kimi, o, bütün naşirlik fəaliyyəti boyu ədəbi prinsiplərə, eyni zamanda götürdüyü öhdəliklərə sadiq qaldığını sübut edib. Biz onun xətrini çox istəyirik. “5 qardaş” qrupumuzda o, qadın olsa da, biz ona KİŞİ kimi baxırıq. Çünki əsl kişiliyə xas bütün xüsusiyyətlər məhz onda cəmlənib. O, bizim “DƏRD qardaşı”mızdır. Çətin məqamlarda onunla məsləhətləşir, dərdlərimizə çarə umuruq. O da bir dəfə olsun belə, bizi ümidsiz qoymayıb.
Bu gün onun günüdür, yubiley yaşı tamam olur. Bu yaşa gəlib çatmaq indiki zamanda təəssüf ki, bir çoxuna nəsib olmur. O isə hələ qarşıdakı illəri yola salacaq, 70, 80, 90, ... yaşını bizimlə birlikdə qeyd edəcək”.

Əməkdar jurnalist, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə MUSAQIZI: “Onun əmək fəaliyyəti sadəlikdən başlayıb, zəhmətlə zirvəyə doğru yüksəlib. Müəllimlikdən jurnalistikaya, müxbirlikdən baş redaktorluğa uzanan yol yalnız vəzifə artımı deyil, həm də məsuliyyətin, təcrübənin və etimadın artımı idi. Təranə xanım hər zaman sözün məsuliyyətini daşıyanlardan olub.
Onun qələmindən süzülən əsərlər isə sadəcə kitab deyil — bir bölgənin yaddaşıdır. “Babadağa baxan ellər” kimi ensiklopedik əsərlər, “İsmayıllı lətifələri”, “Dərviş yolu” kimi kitablar xalqın ruhunu, tarixini, folklorunu yaşadan canlı mənbələrdir. Bu kitabların hər səhifəsində müəllifin illərlə çəkdiyi zəhmət, kənd-kənd gəzərək topladığı xatirələr, duyduğu məsuliyyət hiss olunur.
Təsadüfi deyil ki, ona “Dərviş” deyirlər. Çünki o, doğrudan da bir dərviş kimi yollara düşüb — amma bu yol maddi deyil, mənəvi yol olub. O, yaddaş toplayıb, unudulanları dirildib, səssiz qalanları danışdırıb. Bu ad onun fəaliyyətinə verilən ən səmimi qiymətdir”.

İsmayıllının tanınmış ziyalısı, bacarıqlı kənd təsərrüfatı mütəxəssisi, partiya və dövlət xadimi Vidadi BAYRAMOV: "... Elə bir dövr çatır ki, tez-tez keçib gəldiyin ömür yoluna boylanır, özün-özünə hesabat verirsən, olub-olmuşlar bircə-bircə xəyalında canlanır. Bəzən sevinir, bəzən kədərlənirsən. Qismət elə gətirib ki, mən ömrümü kənd təsərrüfatına, heyvandarlığa həsr etmişəm, amma kitaba, yazı-pozuya da vaxt ayırmışam. Hərdən düşünürəm: bəs bununla nə qazanmışam, nə itirmişəm? Yəqin ki, ömrünü başqa sahələrə həsr etmiş bir çox həmkarım da elə mənim kimi düşünür. Haqqında maraqlı fikirlər söylədiyim, şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayan Təranə Cəbiyeva da yazıçı-publisist kimi oxucuların qəlbində özünə çoxdan yer tutub, onların həyat yollarına çıraq tutub. Bu gün onun şəeəfli bir yubiley günüdür. Bu münasibətlə onu qəlbən təbrik edir, irəlidə onu gözləyən yaşam illərində yaradıcılıq uğurları arzu edirəm”.

İsmayıllı ziyalısı, veteran müəllim, yazıçı-pubisist Hacıməmməd MƏMMƏDOV: “Hörmətli, sevimli, istəkli, Təranə xanım! Sizin kimi qeyrətli, ləyaqətli qadınlarımız nə qədər çox olsa, yurdun, el-obanın başı uca olar. Siz həmişə ləyaqətli, mərifətli xanım, əsl ana olmusunuz və varsınız! Sizi həmişə tədbirlərdə təşkilatçı kimi görmüşəm, sizi söz sahibi kimi tanımışam. Fəxr etmişəm ki, belə bir elqızımız var. Sizə xoş günlər arzulayır, şən və firavan ömür arzulayıram! Qardaşımız Daşdəmir Əjdəroğluya çox-çox sağ olun deyir və təşəkkür edirəm! Qələmi həmişə yazar, ürəyi işiqli olsun!”

“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd DAĞLAROĞLU: “Uzun illərdir ki, Təranə Cəbiyrvanın yaradıcılığı ilə tanışlığım, hətta bir müdət əvvəl işbirliyimiz onun haqqında kifayət qədər söz deməyə mənə imkan verir.
Təranə xanımın mövzu dairəsi çox genişdir. Ana vətən məhəbbəti dostluq, sevgi və bu kimi əbədi mövzular onun yaradıcılığının əsas ideya məzmununu əhatə edir. Həyatda elə anlar olur ki, bəzən insan qəlbinmin qapılarını bütün insanların üzünə bağlayır. Lakin, o, an heç də özü hiss etmədən ruh kimi kiminsə qəlbinə dolur. Çünki ruh üçün heç bir bağlı qapı yoxdur. Ruh qalın-qalın divarlardan belə sızıb keçə bilir. Təranə Cəbiyevanın zamana və məkana sığmayan ruhu, poeziya və ətirli hissləri də belədir.
Bəs şairə Təranə Cəbiyevadan fərqli olaraq nasir Təranə Cəbiyeva necə?...
Təranə Cəbiyevanın yaradıcılığı onun özünə çox bənzəyir.
Onun həyatı görünməz daxili dünyası, arzu vədüşüncələri, qələmə aldığı əsərlərində müəllif dili ilə özünü təcəssüm edir.
Sonuncu “Babadağa baxan ellər-2” kitabı dediklərimin əyani sübutudur.
Eşitdim ki, bu gün onun yubiley yaşıdır. Əziz həmkarıma, elqızıma möhkəm cansağlığı, sağlıqlı ömür və yaradıcılıq uğurları arzulayıram. Yorulmayasan, Təranə xanım!”.

“Təhsil” jurnalının baş redaktoru Nizami MİRZƏ: “Bəşəriyyətin ən dəyərli kəşflərindən sayılan kitab haqqında zamanında da, sonralar da çox qiymətli fikirlər söylənib, yenə də söyləniləcək. Çünki onun insana bəxş etdiyi duyğuların saflığı, aşıladığı nəcibliyi vəsf etməklə bitən deyil. Kitab insan ağlının, düşüncəsinin bəhrəsidir. Bu əvəzolunmaz nemət öz dövrünün "məhsulu" olsa da, həmişə sabaha, gələcəyə ünvanlanmış olur. Məhz bu cəhətinə görə insan cəmiyyəti öz mənəviyyatını, ümumbəşəri dəyərlərini, keçmişini, tarixini qoruyub saxlaya, yaxşı ənənələrini yaşada, sonrakı nəsillərə ötürə bilir. Bu mənada 60 yaşı tamam olan Təranə Cəbiyevaya yalnız həsəd aparmaq olar. O da elimizin, obamızın keçmişini, şərəfli tarixini öyrənir, yaddaşına həkk edir, sonra da bizlərə ötürür”.

Yazıcı-jurnalist, dövlət qulluğunun baş müşaviri, F.b.Köçərlinin tədqiqatçısı, “Elm və təhsil”, “Şərqin səsi” qəzetlərinin baş redaktoru Pərixanım MURADOVA: “Xəyanəti, nankorluğu bağışlamır. Hissetmə qabiliyyəti çox güclüdür- qarşısındakı insanın niyyətini, necə deyərlər, ilk sözündən anlayır. Bəzən sərt və qapalı görünsə də, bu onun zəif olduğunu deyil, əksinə, çox güclü insan olduğunu göstərir. Ətrafındakı insanlara qarşı daim diqqətlidir və analitik yanaşma sərgiləyir... Bu, Təranə Cəbiyevanın xarakterindən cizgilərdir.
Ədəbiyyat insan hisslərini, düşüncələrini, arzu-istəklərini, cəmiyyətin problemlərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Onun vəzifələrindən biri zövq verməkdirsə, ikincisi insanları tərbiyə etmək, onlara gözəl mənəvi, əxlaqi sifətlər aşılamaq, həyatda düzgün mövqe tutmağa kömək göstərməkdir. Dünya, eləcə də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, klassik sənətkarlar həmişə ədəbiyyatın tərbiyəedici imkanlarına fikir vermiş, öz əsərlərində böyük idealların, müqəddəs amalların, arzuların daşıyıcısı olan kamil qəhrəmanlar yaratmışlar.
Haqqında söhbət açdığımız yazıçı-publisist Təranə Cəbiyevaya gəldikdə isə, o, öz yaradıcılığında ədəbiyyata xas tələb və normaları gözləyir, yazdıqlarını ustalıqla cilalayır. Həyatdakı, cəmiyyətdəki hadisələrin məntiqini, fəlsəfəsini açıb göstərir, obrazlı dilində, təsvir vasitələrində xalq ruhunun əbədi qoruyucusu kimi çıxış edir”.

“Ədaət və həqiqət” qəzetinin baş redaktoru, Turaz.tv saytının rəhbəri Cəmil ZƏBHULLAOĞLU: "Doğrudan da başa düşən üçün istedadlı adamlarla bir yerdə olmaq, söhbət etmək, işləmək çox xoşdur. İnsanın mənəvi dünyası zənginləşir, söz sözü çəkir, xatirələr çözələnir, bir də görürsən ki, yüz illərin, min illərin ardından Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin, Şah İsmayıl Xətainin, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin, Xan qızı Natəvanın... bir kəlamı, bir misrası tövşüyə-tövşüyə uçub gəldi yanına, oldu səninlə həmsöhbət, həmfikir... Bu yazıda haqqında söhbət açılan Təranə Cəbiyeva da tanıdığım ziyalılar arasında seçilir, öz yeri var və istedadı ilə daim ucalıqlara can atır. Yubiley yaşı ilə bağlı hazırlanan bu yazıda Təranə xanım haqqında söz demək çox xoşdur və mox fikir söyləyə bilərəm. Amma bu, imkan xaricindədir".

“Yada düşdü” jurnalının baş redaktoru Nəzakət MƏMMƏDOVA: “İstedadlı qələm dostumuz Təranə Cəbiyevanın ədəbi-bədii yaradıcılığı çoxşaxəlidir. Azərbaycan folklore, satira, yumor, eləcə də tariximiz, vətənpərvərlik mövzuları bu qəbildəndir. Təranə xanım Şirvan mahalının zəngin aşıq ədəbiyyatı və xalq şeiri materialları əsasında nəşr etdirdiyi “İsmayıllı lətifələri” kitab ilə folklorumuzun əhatə dairəsini genişləndirib. Bu kitab onun həmin sahədəki ilk uğurlu tədqiqatlardan biridir”.

Şair, yazıçı Əzizə AĞAHÜSEYNQIZI: “Təranə Cəbiyevanın bədii yaradıcılığında mənəvi saflıq və vətənpərvərlik ana xətt rolunu oynayır. Onun şeirləri qürurun, mərdliyin, saflığın aydın poetik ifadəsidir. Təranə xanım “Dərviş yolu“ kitabındakı poeziya nümunələrində ilahi sözün təbii poetik ifadəsini ustalıqla oxucuya çatdıra bilib. Ümumiyyətlə, yazıçı, şair, publisit Təranə Əmirqızı həm ədəbiyyatımızın, həm də mətbvuatımızın inkişafında böyük xidmətlər göstərməkdədir, bu gün də yorulmadan yazıb-yaradır...”

“Neft daşları” qəzetinin müxbiri, şair-publisit Bəhruz MƏMMƏDOV: “Təranə Cəbiyevanın yaradıcılığının mərkəzində Vətən sevgisi dayanır. Onun qələmində Vətən quru yaradıcılıq obrazı deyil - insanın nəfəsi, ata ocağının tüstüsü, dağların ucalığı, anaların duaları, oğulların qeyrəti, kəndlərin yaddaşıdır. Bu sevgi, sadəcə, hiss deyil - fəaliyyətdir, əməldir, yazıdır, araşdırmadır, yaşatma istəyidir.
O, həm doğulduğu Quşencə kəndinin tarixini, həm ümumilikdə İsmayıllı bölgəsinin insanlarını, adət-ənənələrini, folklorunu, taleyini öz yaradıcılığında yaşadır. Təranə xanımın əsərlərində kəndlərin görünməyən qəhrəmanları, unudulmuş xatirələr, insanların adi, amma dəyərli həyat hekayələri öz bədii ifadəsini tapır. Onun qələmində İsmayıllı yalnız coğrafi məkan deyil - ruhu olan canlı varlıq kimi təqdim olunur.
Təranə Cəbiyevanın yaradıcılığında xüsusi yer tutan əsər “Babadağa baxan ellər” kitabıdır. Bu kitab təkcə bir kəndin və ya bir rayonun təsviri deyil, bu, bütöv bir bölgənin mənəvi atlasıdır”.

AYB-nin və AJB-nin üvzi, Prezident təqaüdçüsi, Xəbərlər İnformasiya Agentliyinn baş redaktoru, yazıçı-jurnalist Yusif MƏHƏMMƏDOĞLU: “Mənalı ömür özü bir həyat dastanıdır - kitab səhifələrində əbədiləşməyə, yaşamağa layiq...
Təranə xanımla bir qrupda dostluğumuzu daha da möhkəmləndirmişik. “5 qardaş” adlı qrupumuz İsmayıllı rayonunun ictimai, ədəbi həyatında çox xeyirli iş görüb, yaddaqalan tədbirləri ilə dərin iz buraxıb. Bu işdə Təranə Cəbiyevanın müstəsna xidmətləri var. Dediyim budur ki, qayğılarımız bir, iş-gücümüz bir olub. Mən hazırda fəaliyyətimi öz daytınızda davam etdirirəm. Həmkarım isə öz işinə sadiq qalaraq kitabçılıq işindən ayrılmayıb, bu yolda saç ağardıb, ömrünü kitab mədəniyyətinin inkişafına həsr edib. Doğma yurdumuz İsmayıllıya, onun zəhmətkeş adamlarına həsr etdiyi “Babadağa baxan ellər” (2 hissəli), “İsmayıllı folkloru”, “Dərviş” kitabları bu qəbildəndir. Əsl fədakarlıq tələb edəb bu işdə ona uğurlar, qarşıdakı illərdə isə cansağlığı arzu edirəm”.

Bədii qiraətçi Məhəbbət İBRAHİMLİ: “Kitabı haqlı olaraq, zəmanəsinin daşlaşmış yaddaşı sayanlar da var. Yaddaşı itirmək isə böyük faciədir - deməli, keçmişini itirmisən, dünənindən xəbərin yoxdur; deməli, bu gününə hansı tarixlə, hansı mənəvi sərvətlə, əxlaqi dəyərlərlə gəldiyini bilmirsən. Onda təbii ki, sabahına, gələcəyinə də hansı mənəviyyatla gedəcəyin məlum deyil... Deməli, yaddaş əsasdır. Bu yaddaşı qoruyub saxlayan, yaşadıb tarixə çevirən isə kitabdır.
Söhbət, əlbəttə ki, yaxşı kitabdan gedir. Mənalı yaşanmış ömrü də qiymətli bir kitaba bənzətmək olar. Ötüb keçən günləri, ayları, illəri göz önünə gətirdiyin kimi, kitabın da səhifələrini vərəqlədikcə sanki vəcdə gəlir, hissin, duyğuların coşub-çağlayır, intəhasız bir məkana düşür, orada aramla var-gəl edir, düşüncələrinlə baş-başa qalırsan. Bu ecazkar aləmin hüdudlarından çıxdıqdan sonra da yenə uzun müddət onun təsiri altında qalır, aldığın zövq, keçirdiyin hisslər, yaşadığın duyğular səni tərk etmək bilmir, sənə rahatlıq, həyat eşqi, həyat sevgisi bəxş edir. Bu mənada yubilyarımız Təranə Cəbiyevanın mənə təqdim etdiyi kitablardan həzz, ilham almışam. Hər dəfə oxuduqca mərhəba demişəm. Sükanı belə saxlayın, Təranə xanım!”

"Qəbələnin səsi" ədəbi yazarlar birliyinin rəhbəri Şəhla XƏLİLQIZI: "... qəlbimin sözlərini yazsam, bitib tükənməz. Mən Təranə xanımla fb da dostluq edirdim, sizin (Daşdəmir Əjdəroğlu nəzəedə tutulur) sayənizdə, amma dahi şairimiz, hər kəsin qəlbində söz mülkiyyətini qoyan Musa Yaqub dünyadan köçəndə onun qırx mərasımində yaxından tanış oldum və köhnə dostlar kimi görüşdük. Mən çox şadam ki, belə saf bir insanla dostluğum var. Təranə xanıma cansağlıgı, ailə xoşbəxtliyi, işlərində müvəfəqqiyətlər arzu edirəm. O gün olsun sadiq dostları ilə yüz illik yubileyini qeyd etsin.
Hörmətli və dəyərli dostumuz Daşdəmir müəllim! Siz dostları elə tərənnüm edirsiz ki, biz yazdığınız bu statusları oxuyanda onlara marağımız yaranır. Elə Təranə xanıma hörmətimiz, izzətimiz birəbeş artır. Nə yaxşı ki, sizin kimi qədirbilən dostlarımız var.
Təranə xanıma sizin timsalınızda dost zirvəsindən enməməyi arzu edirəm. Allah yaxşıları var etsin".

İsmayıllı ziyalısı, vergi xidmətinin veteranı Tahir RƏCƏBOV: “Gözəl bir yazarın, söz ustasının, qüdrətli qələm sahibinin digər bir gözəl söz ustası, gözəl yazar və qələm sahibi haqında ürək sözləri... Necə də təqdirəlayidir. Sovetlər dönəmində qəzetlərdə "Yoldaş yoldaş haqqqında" rubrikası vardı. Bu yazı da o dövrü xatırlatdı mənə... Təranə xanım haqqında nə qədər yazmaq istəsəm də, Daşdəmir kimi yaza bilməzdim. Boş yerə deyilməyib bu sözlər: Çörəyi ver çörəkçiyə, beşini də üstəlik. Zər qədrini zərgər bilər və sair. Təəssüf edirəm ki, Təranə xanımla şəxsi tanışlığım yoxdur. Lakin Daşdəmirin onun haqqında dedikləri və yazdıqları və Təranə xanımın öz yazıları onu tanımağa bəs edir hələ ki. Onun 5 kitabı nəşr olunsa da, təəssüf ki, məndə yalnız biri var - "Dərviş yolu" və bu kitab onu yaxından tanımağa yetərlidir. Bu kitabı avtobioqrafiya da saymaq olar. Uşaqlıq illərini o qədər gözəl təsvir edib ki... Hələ ata-anası, qardaşı barədə yazdıqları... Kitabda Təranə xanımdan aforizm tipli kəsərli sözlər də yer alıb. Artıq nə deyim ki. Təranə xanımı doğum günü münasibəti ilə təbrik edir, Daşdəmirə "çox sağ ol" deyirəm”.

İsmayıllı ziyalısı Ismayil TARVERDİYEV: “Təranə xanım bütün varlığıyla xanım-xatın bir qadın, gözəl qələmi olan yazar, sədaqətli dost, təəssübkeş həmyerli, cəfakeş, qayğıkeş ana, ürəyiyanan nənə və nəhayət, sözün əsl mənasında, yaxşı insandır. Ona cansağlığı, xoşbəxt anlarla zəngin bir ömür arzulayıram! Daşdəmir qardaşımın isə doğrudan da istedadlna, qələminin şirinliyinə, qəlbinin təmiz və səxavətliliyinə heyranam!..”

Yaxın dostu, kitablarının dizayneri, tərtibatçısı Dönməz ABBASOV: “Yubilyarımızın bütün kitablarını demək olar ki, mən işləmişəm, dizayn, tərtibat işləri ilə məşğul olmuşam. Birgə işbirliyimiz çox olub. Bu aspekti nəzərə alsaq, deyə bilərəm ki, Təranə Cəbiyevanın elə ilk oxucu da mən olmuşam. Onun publisistikası təkcə təsvir və tərənnüm etmir, həm də təhlil edir, nəticə çıxarır, qiymət verir, düşündürür və oxucuya da düzgün yolu göstərir.
Öz üslubu, öz nəfəsi, öz dəsti-xətti var. Orjinal yazıları ilə hamını təəccübləndirməyi bacarır. Standartlardan və qəlblərdən uzaqdır. Folkloru güclü bilir, yazı dili çox zəngindir, bulaq suyu kimi saf və axıcıdır – hamı bunu birmənalı etiraf edir.”

... bu çətinliyin bir asanlığı da var...

Hə, indi də illərin dostu Təranə xanım haqqında özümün fikirlərimə diqqət yetirək.
… Deyirlər ki, tanıdığın insan haqqında söz demək, yazı yazmaq olduqca asandır. Ən azı ona görə ki, tanıdığın adamın həyat tarixçəsini, xasiyyətini yaxşı bildiyindən onun fəaliyyətinə müxtəlif baxış bucağından yanaşmaq, yanılmadan qiymət vermək imkanın olur.
Amma nədənsə bu yazını yazanda xeyli düşündüm, daşındın, amma qələmim hərəkət etmirdi, sanki yazmaq istəmirdi. Vaxt azalır, özümü danlayırdım ki, aman Allah, hamı haqqında yazı yazmışam, təbrik etmişəm. Bəs nədəndir indi Təranə xanım haqında yaza bilmirəm. Xeyli özümü danladım və...
Tanınmış ziyalı, istedadlı qələm sahibi, publisist, yazıçı, şair, ən əsası əsl insan Təranə Cəbiyeva haqqında yazı yazmaq onun mənim kimi yüzlərlə dostu üçün “sonu görünməyən yovşanlı çöldə” gəzmək qədər çətin oldu...
Amma bu çətinliyin bir asanlığı da var….

zaman öz görkəmində və xarakterində yaşadır.
Onu zaman öz görkəmində və xarakterində yaşadır...

Yaz səhərinin sərin mehinin asta-asta dalğalandırdığı yovşanların babalarımızın ruhu kimi qanımıza hopmuş bihuşedici ətrini ciyərlərinə çəkərək, İsmayıllının dilbər guşələrində, təbiətinin qoynunda addımlamaq sevinci, qısa bir vaxtdan sonra bu məkanların üfüqlə birləşən ucsuz-bucaqsız ənginliyini gəzib qurtara bilməmək qorxusu ilə əvəz edildiyi kimi, parlaq istedadı, çoxşaxəli və çoxillik fəaliyyəti ilə cəmiyyətin gözündə öz obrazını yaratmış tanınmış şəxslər haqqında mükəmməl söz deyə bilməmək qorxusu da məsuliyyətli qələm sahibini həmişə təqib edir…
İnsan təbiətin bir parçasıdır və doğulub böyüdüyü yerin xüsusiyyətlərini çox zaman öz görkəmində və xarakterində yaşadır.
Bu baxımdan mən dostum Təranə Cəbiyevanı kiçik Vətəni İsmayıllının zirvələrində qartallar qıy vuran “qüdrətdən səngərli qalalı dağlar”ına, şaqqıldayıb axan bol sulu gur çaylarına və nədənsə, daha çox Quşencənin səfalı guşələrinə bənzədirəm…
…O səfalı guşələr ki, oradan İsmayıllıya boylanır, üzünü Babadağa tutur...
…O səfalı guşələr ki, bol bərəkətli torpaqları göz işlədikcə uzanıb gedir, otlaq yerləri də, əkin tarlaları da, üzüm bağları da səxavətli dost süfrəsi kimi Vətən övladlarının qarşısında həmişə açıq olub.
…O səfalı guşələr ki, elə qəhrəmanımın özü kimi, onun təbii xarakteri var: qışı qış kimidir, yazı yaz kimi, uzaqdan dümdüz, yamyaşıl və hamar görünsə də, daşlı-qayalı, eniş-yoxuşlu, çiçəkli, yovşanlı və şoran yerləri də var.
…O səfalı guşələr ki, qucaqlamaq istəyərsən, qolların çatmaz.
…O səfalı guşələr ki… sadəcə, iki göz istər tamaşasına gəlsin.
…O səfalı guşələr dolanbacları, sərt yoxuşları ilə həm də Təranı Cəbiyevanın keşməkeşli həyatının, çətin keçən ömrünün və xarakterinin ümumiləşdirilmiş rəmzidir…
Təranə xanım taleyi göydə yazılmış qəza-qədər adamıdır. Zatən, yazıçı qəza-qədərsiz olmaz ki!..

Təranə xanım Təranə xanım elə 10 yaşında da, elə 15-də də xasiyyətini dəyişməyib

Düz altmış il əvvəl İsmayıllının Quşencə kəndində, gözəl bir məkanın qoynunda dünyaya göz açmış Təranəni tale çox da əzizləyib süsləməyib...
İsmayıllı camaatının xeyrində-şərində görüşdüyüm insanlar arasında Təranə xanımın uşaqlıq dostlarına onu lap körpəliyindən tanıyan qonşularına, kəndçilərinə də tez-tez rast gəlirəm. Söhbət hərlənib-fırlanıb hökmən onun üzərinə gəlir.
…Və bu sadə insanlar Təranə Cəbiyevanın uşaqlıq, yeniyetməlik çağlarından, elə əhvalatlar, hadisələr danışırlar ki, kövrəlirəm, duyğulanıram, həm bəhrələnirəm, həm də bir daha əmin oluram ki, 60 yaşlı Təranə xanım elə 10 yaşında da, elə 15-də də belə olub: bütöv, mərd, kişiyana, dostcanlı, səmimi…
Dostları deyirlər ki, Təranı xanım elə lap əvvəldən özündən yaşda böyüklərlə ünsiyyət qurub, dostluq edib. Tale onsuz da onu vaxtından əvvəl böyütmüşdü – o isə taleyinin özünün yazdığı mərhələlərini böyüklərlə keçirdi, böyük sözü dinlədi, sonra da böyük yolların sarvanı, böyük söz sahibi oldu…

O, öz dünyasını yaşayır...

Onu da deyim ki, T.Cəbiyeva məclislərdə, tədbirlərdə tez-tez çıxışa yazılan, çox və uzun nitqlər söyləyən, özünü gözə soxmağa çalışan insanlardan deyil.
Təvazökar və təmkinli… Öz dünyasında yaşayan, reklamdan və şoudan çox uzaq…
Zatən moxlu kitab buraxan bir xanımın çox danışmağa ehtiyacı da yoxdur. Tez-tez çıxış etməsə də, onun bir fikri, bir cümləsi, bir sözü, adətən, qərar qəbul edilməsi anında həlledici olur.
Onun çox qəribə aurası var…
Çox ünsiyyətcil, mehriban insandır. Eyni zamanda münasibətini də tez büruzə verəndir, sevdiyi insandan sevgisini, bəyənmədiyi insana miyanə münasibətini gizlətmir. O, yaxın dostları ilə görüşəndə elə bil dörd tərəfdən adamın üstünə gəlir, qollarını qartal qanadları kimi açaraq adamı elə səmimiyyətlə qucaqlayır ki, kənardan baxan bu dostların illər ayrısı olduğunu düşünə bilər. Dostluqdan söz düşmüşkən, bizim “5 qardaş” adlı qrupumuz var. Təsadüfən yaranmış bu qrup bu gün fəaliyyətinin günün tələblərinə uyğun qurub, İsmayıllının ictimai həyatında fəal iştirak edir, ədəbi tədbirlərə dəstək verir, yaradıcı insanların, dostların yubileylərini xüsusi şövqlə təşkil edir. Təbii ki, bu tədbirlərin təşkilatçısı kimi Təranə xanım həmişə öndədir. Bunu yaddan çıxartmamalılyıq.
O, kimsəyə paxıllıq etməz, qeybət-həkət bacarmaz, söz gəzdirməz, ara vurdurmaz… Mərdi-mərdanə, kişi kimi sözü sərrast üzə deməyi bacarır. Bəlkə buna görədir, hamı onu belə çox istəyir, xətrini əziz tutur, ürəyini ona açır, dərd-sərini onunla bölüşür…
Təranə Cəbiyeva bütün varlığı ilə dövlətə, xalqa, torpağa, yurda bağlı qadındır…
Bu baxımdan onu xoşbəxt də hesab etmək olar. O, nümunəvi bir azərbaycanlı ailəsinin başçısıdır, dəyərli övladları, gözəl nəvələri var.

Hər şeyin ən çətini, ən mürəkkəbi, ən əlçatmazı...

Təranə xanım el-oba adamıdır. İsmayıllı camaatının, Bakıda yaşayan ismayıllılıların bir xeyrindən, bir şərindən qalmaz. Onun çox zaman yerliləri görüş yeri də elə bu məclislər olur. Səbirlə, hövsələ ilə hər kəslə qayğısını bölüşər, məsləhət verər, əlindən gələn köməyi göstərər.
Ömrünün 55-ci baharında yazdığım şeir aktuallığını itirmədiyi üçün bird aha müraciət etdim.

Salam 55-in xoş gördük səni,
Gəl, sıxım əlini bir qardaş kimi.
Oturaq üz-üzə, baxaq göz-gözə,
Açım ürəyimi mən sirdaş kimi.

Sən nə tez yetişdin 55-nə,
Ömrü bitirməyə daha nə qaldı?
Səni qocaltmadı yaşanan illər,
Qayğılar içində canın qocaldı.

Öz halal haqqını alana kimi,
Başın daşa dəyib 55 dəfə.
Çölləri dolanan ovçu kimisən,
Bir oxun dəyməyib hələ hədəfə.

Bu fani dünyada bir gün görmədin,
Ömrü yola verdin 55 ildə...
Göz yaşın qəlbinə tökülməsəydi,
Selə qərq olardı doğma elin də.

Dünyada nə dərd var, 55 ildə,
Arayıb-axtarın tapıbdı səni.
Bəlkə gətirmisən xoşbəxtliyini,
Salam, 56-ın, xoş gördük səni!

Və sonda...
Qadın talelərindən yazmaq taleyimə yazılıb. Yazmaya bilmirəm, çünki qələm özü məni buna vadar edir: mənsə onun tabesindəyəm. Tolstoyun belə bir kəlamı var: "Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də, həmişə yepyenidir". Yaxşı anlamda bu, tamamilə doğrudur!
Qadınların qismətinə nələr düşmür ki... Hər şeyin ən çətini, ən mürəkkəbi, ən əlçatmazı. Dünyaya qadın olaraq gəlmək elə özü bir imtahan, bir sınaq deyilmi? Güclü ola-ola zəif görünmək, zərif ola-ola çətinliklərə sinə gərmək, bir canda bir neçə ruhu yaşatmaq, bir ürəkdə min dərd daşımaq...
Elə yubilyarımız Təranə Cəbiyeva kimi!..
Və sonda istedadlı qələm sahibi, dəyərli bacımız Təranə Cəbiyevanı yubileyi münasibətilə təbrik edib onun 50-sində yazdığım şeirlə bu yazımı tamamlamaq istəyirəm.

Haralısan Təranə Cəbiyeva?

Övlad oldun Vətəninə, elinə,
Bircə yalan gəlməyibdir dilinə.
Çox bağlısan Allahına, dininə,
Quşencənin maralısan, Təranə.

Ulu məkan, doğma yurdun, ocağın,
Xoşdu isti yayı, soyuq-sazağı.
Azərbaycan sənə açır qucağın,
Qədim yurdun maralısan, Təranə.

Neçə ildir sən çəkirsən zəhməti,
Elin, oban verir sənə qiyməti.
Əziz tutdun bütün dost-tanışları,
El-obanın maralısan, Təranə,

Üzün gülsün daim sənin Təranə,
Bu yaşın da mübarəkdir, Təranə,
Şad günü təbrik edək, Təranə,
Heç demədin haralısan, Təranə.

Sənin xətrini istəyən “5 qardaş”ın və digər dostlarının adından dostun
Daşdəmir ƏJDƏROĞLU

Ömür də bir kitabdır...
Ömür də bir kitabdır...
Ömür də bir kitabdır...
Ömür də bir kitabdır...
Ömür də bir kitabdır...
Ömür də bir kitabdır...
Ömür də bir kitabdır...
Ömür də bir kitabdır...
Ömür də bir kitabdır...
Ömür də bir kitabdır...
Ömür də bir kitabdır...
Ömür də bir kitabdır...
Ömür də bir kitabdır...
Ömür də bir kitabdır...
Ömür də bir kitabdır...
Ömür də bir kitabdır...
Ömür də bir kitabdır...

Ömür də bir kitabdır...
Ömür də bir kitabdır...
SÖZƏ, YADDAŞA VƏ VƏTƏNƏ HƏSR OLUNMUŞ ÖMÜR
SÖZƏ, YADDAŞA VƏ VƏTƏNƏ HƏSR OLUNMUŞ ÖMÜR
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
TƏRANƏ ƏMİRQIZI – 60
TƏRANƏ ƏMİRQIZI – 60
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
“Cahan Şirkətlər Qrupu”nun rəhbər heyəti Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib
“Cahan Şirkətlər Qrupu”nun rəhbər heyəti Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib
ATU-da Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş tədbir keçirilib
ATU-da Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş tədbir keçirilib
Miqren dərmanları təhlükəli göz xəstəliyinin qarşını alırmış...
Miqren dərmanları təhlükəli göz xəstəliyinin qarşını alırmış...