![]()
Həmişə belə deyiblər, atalar da, aqillər də, müdriklər də- insanı tanımaq üçün yol yoldaşı olmaq gərəkdir. “Qardaşını tanıyırsanmı? –Xeyr, onunla yol yoldaşı olmamışam”. İnsanı tanımağın sadə düsturu. Yol tanıdır insanı bütün görünən və görünməyən tərəflərilə. Dahi Dostoyevski deyirdi ki, “İnsan xarakteri bütünlüklə müstəsna hallarda tam üzə çıxır”. Yol da əslində insan xarakterinin tam üzə çıxması üçün həmin müstəsna hallardan biridir. Mən də Söz açacağım qəhrəmanımı həyatda məhz Yol yoldaşı olaraq tanımışam. Qardaş adlandırdığımız Təranə xanım ilə demək olar, 30 ildir Yol gedirik, Yol gəlirik. Böyük düşüncə adamı alimimiz Kamal Abdulla deyir ki, “Yolla gedən olmasa bilinməz- gedir bu yol, ya gəlir”. Biz də Təranə qardaşımla uzun illərdir eyni Yoldayıq, hardansa harayasa gedirik, hardansa gəlirik. Bu adi yol deyil, biz getdiyimiz, birgə addımladığımız VƏTƏN YOLUdur, İsmayıllı yoludur. Məhz İsmayıllı adlı cənnət Vətənimizin tarixinə, gözəlliyinə, təbiətinə, insanlarına, keçmişinə, yetirdiyi şəxsiyyətlərə sevgi bizi bu Yolda tanıtdı, doğmalaşdırdı və birləşdirdi. Biz daim birgə keçmişik bu çətin, məşəqqətli, sonu şərəfli Yolu...
Biz şirvanlılar, xüsusən də İsmayıllılılar barədə deyirlər ki, siz soyuqsunuz, birləşə bilmirsiniz, çox da ünsiyyətcil deyilsiniz. Buna etiraz etsək də, Əlahəzrət Həqiqət hər şeydən üstündür və etiraf edək ki, bu sözlərdə həqiqət payı çox böyükdür. İsmayıllı ətrafında Təranə qardaşımla birgə mübarizə Yolunda bir çox həqiqətləri həyat bizə anlatdı, uzun illər rəhbər vəzifələrdə işləyən həmyerlilərimizin bir birini tanımaması və heç bir ünsiyyətin olmaması acı reallığını da gördük, yaşadıq. Və məqsədimiz Vətən adlı müqəddəs dəyər ətrafında ziyalıları, yaradıcı insanları, vətənpərvər ruhlu həmyerlilərimizi bir yerə topalmaq və təbiətinə uyğun cənnət aurası yaratmaq idi.. və bu ideyanı həyata keçirmək mümkün oldu.. və bu müqəddəs missiyanı həyata keçirən mübarizlərin önündə Təranə Cəbiyeva (Əmirqızı ) dayandı. Və bu böyük və əzablı yolda mən onu bütünlüklə tanıdım. Axı Yol müstəsna hadisədir insan taleyində.
Ən çətin anlarda Təranə qardaşımın necə dəyanətli, mübariz, dözümlü, Vətən naminə xırda şeyləri udmağı bacaran, təki Vətən qalib gəlsin, təki Vətən oğulları vətən naminə birləşsinlər- bax bu amalın sahibi olduğunu bə bu yolda bütün maneləri aşmağa hazır və qadir olduğunu gördüm, dərk etdim . Dahilər deyir ki “Hər bir çətinlik insanda onu dəf etmək qabiliyyəti yaradır”. Təranə qardaşım bu yolda o qədər çətinliklər, manelər, dedi-qodular, şayiələr, paxıllıq, riyakatlıq görüb və onları dəf edə-edə bu gün çox müdrik, ağıllı, nikbin və qalib insan xoşbəxtliyini yaşayan mərd, Kişi qeyrətli qadın kimi tanınır və qəbul olunur... Onun təşəbbüsü, təşkilatçılığı, rəhbərliyi ilə Bakıda, İsmayıllıda baş tutan ziyalı məclisləri, rayonun ad günləri, İsmayıllı mövzusunda kitablar, ensiklopedik nəşrlər- bunlar hamısı Təranə xarakterinin ayrı-ayrı əlvan səhifələridir. Musa Yaqub deyirdi ki, çox adam kitab yazır, çap edir, ancaq hər adam kitab ətrafında insanları belə birləşdirə bilmir”. Bu sözlər Təranə xarakterinin fərqli cəhətlərini bariz şəkildə göstərir.
60 illik yubileyi günüdə dəyərəl ziyalı, yaradıcı qardaşım Təranəni ilk növbədə xoşbəxt ANA kimi, Ruhən eyni doğulmuş doğma qardaşım kimi, İsmayıllı birliyinin yaradıcısı kimi, kitabları ilə İsmayıllı xarakterinə gur işıq salan böyük Vətənpərvər kimi və ən əsası, qəlbindəki Vətən arzularını böyük əzmlə, dəyanətlə gerçəkləşdirməyi bacaran QALİB İNSAN kimi ürəkdən təbrik edirəm və ən böyük arzumdur ki, onun əsasını qoyduğu böyük YOL daim davam etsin, çünki bu vətənə xidmətin ən gözəl nümunəsidir. Vətən yaşın mübarək Təranə qardaşım!...![]()
![]()
![]()
![]()
![]()
![]()

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

![]()