veten informasiya agentliyi

Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu

Tarix:Bu gün, 10:55
Baxış Sayı:11

Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu

Azərbaycanda dilənçiliklə məşğul olmağa görə sanksiya, cərimə və həbs cəzaları tətbiq ediləcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunur. Layihəyə əsasən, dilənçiliklə məşğul olan şəxslərə xəbərdarlıq ediləcək, yaxud 100-200 manatadək cərimə tətbiq olunacaq.

İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin kifayət etmədiyi hallarda 10 günədək inzibati həbs tətbiq ediləcək. Yetkinlik yaşına çatmayan şəxslərin dilənçiliyə cəlb edilməsinə görə isə 200-500 manatadək cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin kifayət etmədiyi hallarda 15 günədək inzibati həbs nəzərdə tutulur.

“Cəza mexanizmləri ilə dilənçiliyin azalmasına nail olmaq real deyil”

Hüquqşünas Şəbnəm Mirələmli “Kaspi”yə bildirdi ki, İnzibati Xətalar Məcəlləsinə dilənçiliklə bağlı yeni maddənin əlavə olunması avtomatik olaraq bu fəaliyyətin tam qadağan edilməsi demək deyil: “Bu cür dəyişikliklər adətən davranışın tənzimlənməsinə, müəyyən hallarda isə məhdudlaşdırılmasına yönəlir. Yəni qanunverici daha çox ictimai asayişi qorumağı, vətəndaşların rahatlığını təmin etməyi və bəzi hallarda insanların istismarının qarşısını almağı hədəfləyir. Təklif olunan maddə dilənçiliyə görə inzibati məsuliyyət nəzərdə tutursa, bu, faktiki olaraq həmin fəaliyyətin müəyyən formalarının İnzibati Xətalar Məcəlləsi çərçivəsində inzibati tənbeh tədbirləri vasitəsilə tənzimlənməsi deməkdir. Amma bu, o demək deyil ki, dilənçilik tam aradan qalxacaq. Çünki dilənçilik təkcə hüquqi məsələ deyil, eyni zamanda sosial-iqtisadi problemdir. Praktiki baxımdan, dilənçiliyin tam qadağan olunmasının həyata keçirilməsi kifayət qədər çətindir. Bunun bir neçə səbəbi var. Birincisi, dilənçilik çox vaxt yoxsulluq, işsizlik və sosial müdafiə mexanizmlərinin yetərsizliyi ilə bağlı olur. Bu problemlər həll olunmadan yalnız cərimə və ya inzibati tədbirlərlə nəticə əldə etmək mümkün deyil. İkincisi, bəzi hallarda dilənçilik arxasında təşkil olunmuş qruplar və ya insan alveri elementləri dayanır ki, bu da cinayət hüququ müstəvisində mübarizə tələb edir”.
Hüquqşünas bildirir ki, inzibati həbs və cərimə müəyyən çəkindirici təsir göstərə və qısamüddətli azalma yarada bilər: “Təkcə cəza mexanizmləri ilə dilənçiliyin əhəmiyyətli şəkildə azalmasına nail olmaq real deyil”.

Yeni maddə üçün zəruri şərt

Hüquqşünas bildirir ki, məcəllədə yeni maddənin nəzərdə tutulması zamanı onun mövcud qanunvericilik sistemi ilə uyğunlaşdırılması zəruridir: “Təklif olunan maddə İnzibati Xətalar Məcəlləsinin ümumi prinsiplərinə, xüsusilə inzibati məsuliyyətin əsaslarına, proporsionallığına və hüquqi müəyyənlik tələbinə uyğun olmalıdır. Eyni zamanda, norma Konstitusiya ilə təmin olunan əsas hüquq və azadlıqlara ziddiyyət təşkil etməməlidir. Bundan əlavə, yeni maddə sosial müdafiə, uşaq hüquqları və insan alverinə qarşı mübarizə sahəsində qüvvədə olan digər normativ aktlarla sistemli şəkildə uzlaşdırılmalıdır”.

“İnternet dilənçiliyi” və ciddi cəzalar

Ş.Mirələmli vurğuladı ki, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya kimi ölkələr “internet dilənçiliyi” də daxil olmaqla bəzi formaları qadağan edərək ciddi inzibati tənbeh və cəzalar müəyyən ediblər: “Bu ölkələrdə cərimələr, hətta azadlıqdan məhrumetmə kimi sərt cəzalar tətbiq edilir. Azərbaycandakı təkliflər bir sıra ölkələrin inzibati tənzimləmə yanaşmalarına oxşardır. Lakin beynəlxalq praktika göstərir ki, yalnız tənbeh və cəza mexanizmləri ilə problemi həll etmək geniş tətbiq olunan model deyil”.

Risk qrupuna daxil olan uşaqlara sosial nəzarət

Yetkinlik yaşına çatmayan şəxslərin dilənçiliyə cəlb edilməsinə gəldikdə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Bahar Həsənli bildirib ki, uşaqların bu fəaliyyətə cəlb olunmasının qarşısını almaq məqsədilə kompleks və çoxşaxəli tədbirlər həyata keçirilir: “İlk növbədə risk qrupuna daxil olan, çətin həyat şəraitində yaşayan və küçə həyatına məruz qalma ehtimalı yüksək olan uşaqlar müəyyən edilir. Bu proses digər aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə aparılır və əldə olunan məlumatlar əsasında həmin uşaqlar üzərində sosial nəzarət gücləndirilir. Xüsusilə, küçə həyatına məruz qalan uşaqlar aşkar edilərək təhlükəsiz mühitə yönləndirilir, sosial xidmətlərə cəlb olunur və hüquqları bərpa edilir. Eyni zamanda, komitə tərəfindən ictimai maarifləndirmə işlərinə də xüsusi önəm verilir. Valideynlər və uşaqlar üçün maarifləndirici materiallar hazırlanır və əhalinin sıx toplaşdığı məkanlarda yerləşdirilir”.

Uşaqların dilənçiliyə cəlb olunmasında əsas səbəblər

Komitə rəsmisi bildirir ki, valideyn, qəyyum və ya himayədar tərəfindən uşaqların dilənçiliyə cəlb olunması halları aşkar edildikdə, məsələyə operativ və kompleks yanaşma tətbiq edirlər: “Təcrübə göstərir ki, bu kimi halların əksəriyyəti valideyn məsuliyyətsizliyi və ya bəzi hallarda uşaqların qəsdən küçə həyatına yönləndirilməsi ilə bağlı olur. Belə hallarda digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstəririk. İlk mərhələdə uşağın hüquqlarının pozulub-pozulmadığının müəyyən edilməsi üçün hərtərəfli araşdırma aparılır. Bu çərçivədə uşağın ailə mühiti qiymətləndirilir, valideyn və ya himayədar tərəfindən uşağın dilənçiliyə məcbur edilib-edilməməsi, təhlükəsizliyinin, sağlamlığının və mənəvi inkişafının təhlükə altında olub-olmaması araşdırılır. Eyni zamanda uşağın şəxsiyyətini təsdiq edən sənədlərin mövcudluğu və ümumi sosial vəziyyəti də yoxlanılır. Araşdırmalar nəticəsində uşağın həyat və sağlamlığına, habelə mənəvi inkişafına təhlükə yaradan hallar müəyyən edildiyi təqdirdə, qüvvədə olan qanunvericiliyə, o cümlədən Ailə Məcəlləsinin 72-ci maddəsinə uyğun olaraq uşağın ailədən götürülməsi məsələsinə baxılır. Bu proses yalnız uşağın mənafeyinin qorunması prinsipi əsasında həyata keçirilir və müvafiq sosial xidmət müəssisələrinə yerləşdirilir”. ("Kaspi" qəzeti)

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar