veten informasiya agentliyi

KAMRAN MƏMMƏDOV- VƏTƏN AŞİQLƏRİNDƏN BİRİ...

Tarix:27-10-2025, 18:59
Baxış Sayı:329

KAMRAN MƏMMƏDOV- VƏTƏN AŞİQLƏRİNDƏN BİRİ...

Zümrüd meşələr, əzəmətli, ağappaq qara bürünmüş qarlı dağlar, yalçın qayalarla hər tərəfdən əhatə olunmuş, gözəlliklərlə dolu olan tarixlər kəndi Maçaxı yurdunun övladıdır, Kamran Kərim oğlu Məmmədov. Maçaxı çox qədim kənddir. Maçaxı sözünün mənası – maye var, yəni sular məskəni deməkdir. Çoxlu bulaq olduğuna, yanından buz kimi sərin çay axdığına görə bu kəndin adı belə adlandırılıb. Burada tarixən xanlıqlar yaşayıb. Xanların iqamətgahı olub bu kənddə. Maçaxı vaxtilə Şirvan bölgəsinin ağır, sayılan-seçilən yurdlarından biri, meydana gedəndə baş gətirən, qazanca gedəndə aş gətirən bir eli olub. Yoldan gələnə əppək, beldən gələnə dəstək, eldən gələnə yardım ediblər. Tarixən Qocabəyli, Cavad və s. Bəylərin iqamət etdiyi tarixi məkandır bu kənd. Sovet imperializminin hökm sürdüyü repressiya dövründə, 1937-ci illərdə həmin bəylərin çoxu güllələnib, qətl edilib. Çox comərd, sözübütöv, etibarlı sakinləri var. Bu kənddə o zamandan indiyədək kimsə qapısına kilid vurmayıb, o dövr bu dövr hər zaman qonaq-qaralı olub, adət-ənənəyə sadiq qalan insanlardır, Maçaxı camaatı. Maçaxılı Kərim əmi də həmin bəy nəslindən olub. Rayonumuzda sayılıb-seçilən ziyalılarımızdan idi. Rayonun bütün ictimai işlərində həmişə öndə gedənlərdən olub, ehtiyacı olan insanlara əlindən gələni heç vaxt əsirgəməyib, Kərim əmi. Uzun illər baytarlıq sahəsində çalışıb. Böyükdən-kiçiyə hamının dostu idi, demək olar ki. Atamla da yaxın dost idilər, hətta qardaş kimi idilər. Uşaq vaxtı çox görərdim onu bizim evimizdə, rəhmətlik həmişə atamla gələrdi bizə. Kərim əmi çox hazırcavab, baməzə insan idi, amma çox təəssüflər olsun ki, övlad itkisi onun belini bükdü, qəddini əydi. Yeganə oğul övladının vaxtsız, faciəvi itkisindən sonra bir gözü gülər, bir gözü ağlar oldu, dünyasını dəyişənədək. Allah Kərim əmiyə qəni-qəni rəhmət eləsin.
Kamranın anası Sünbül ana da çox xanım-xatın, hörmətli bir xanımdır. Uzun illər rayonumuzda tibb sahəsində çalışıb. Onların övladı Kamran şəhid olana qədər bu ailə çox dərdsiz-qəmsiz idi. Vəhşilər, nankor ermənilər, bu torpaqyeyənlər nələr etmədilər ki?.. Mərd oğulları əlimizdən aldılar, neçə ailənin həyatını qaraltdılar, soyunu kəsdilər, neçə ailənin ocağını söndürdülər, neçə ailəni övladsız, neçə qız-gəlini başsız, dul qoydular. Nələrə əl atmadılar? Qorxunc vəhşətlər yaşatdılar millətimizə. Terrorlar, soyqırımlar, ölüm-itim, müharibə, tökülən qanlar... bunların hesabını verən olacaqmı nə vaxtsa?
Kamran qardaşımız da belə bir terror aktının qurbanı oldu…
Kamran Kərim oğlu Məmmədov 1977-ci il noyabr ayının 7-də İsmayıllı rayonunda anadan olmuşdu. 1995-ci ildə orta məktəbi bitirərək Bakı Ali Kompüterlər Kollecinə qəbul olunmuşdu. O, məktəb illərındə öz dostarından vətənpərvərliyi, canayaxınlığı, comərdliyi ilə fərqlənirdi. İdmanla məşğul olurdu. Hərdən də çox gözəl tar ifa edərdi. Müəllimləri onu şagirdlərə nümunə göstərər, “Kamran kimi olun !”, deyərdilər.
... Kamran Məmmədov orta məktəbi yenicə bitirmişdi. Bakı Ali Kompüter Kollecinə daxil olmuşdu. Hələ çox gəncdi, cəmi 18 yaşı var idi, bütün arzularının çiçəkləndiyi, reallaşdığı günlər, gələcək həyatı qarşıdaydı hələ. Amma fələk nə yazdı ona? Hələ orta məktəbdə oxuya-oxuya dostlarına Qarabağa getmək arzusunda olduğunu bildirmişdi. Qansız ermənilərlə üz-üzə gəlmək, onlardan intiqam almaq, işğal ettikləri torpaqların, qətl ettikləri oğullarımızın, uşaqlarımızın, qız-gəlinlərimizin intiqamını almaq istəyənlər kimi o, da bir namuslu Azərbaycan övladı olaraq bu intiqam hissiylə yaşayırdı. Torpaqlarımız uğrunda şəhadətə qovuşmaq istəyirdi. Əmisi oğlanları kimi vuruşaraq, döyüşərək şəhid olmaq istəyirdi Kamran. Hər zaman bu arzuyla yaşayırdı. Həmin o əmi uşaqları ki, onlar birinci Qarabağ müharibəsində 5 il vəhşi ermənilərlə döyüşmüşdülər. Onlar da həyatlarının ən önəmli, ən gözəl illərini ailələrindən uzaq, qanın, odun-alovun içində keçirmişdilər. Əlyar nişanlı, Elçin isə ailəliydi. Dəfələrlə yaralanmışdılar, amma özlərinə gələn kimi yenidən cəbhəyə dönürdülər. Tərtərdə xidmət edirdilər. Son dəfə isə onların olduğu döyüş zonasında mina partlayır, Əlyar yaralanır. O zamankı hərbi hissələr indiki kimi deyildi, sovetler birliyindən yenicə ayrılmış Azərbaycan elan edilməmiş bu müharibəyə hazırlıqsız yaxalanmışdı, heç bir şeyə hazır deyildi. Ordu yox, ordu quruculuğu yox, hərbi qospitallar, müalicə mərkəzləri yox dərəcəsindəydi. Bu səbəbdən də Kamranın Ziyalı adlı əmisi oğullarının olduğu hərbi hissəyə gedir ki, onları cəbhədən gətirsin, yaralanan Əlyarı özü gətirib müalicə etdirsin. Belə fikirləşib yola çıxmışdı, Ziyalı əmi. Ziyalı əmi komandirdən icazə alır və gecə ikən yola çıxırlar. İki qardaş və ataları gecəyarısı kanal üzərindən keçərkən gəldikləri maşın qəzaya uğrayır, hər iki oğul və ata kanala düşür, əfsus ki, hər iki qardaşlar yerindəcə ölürlər. Ata isə möcüzə nəticəsində kanaldan sağ çıxır. Beləliklə, bir ailənin çırağı da belə sönür. Fəqət, həyat Kamranı başqa bir zaman başqa bir olayda əcələ təslim etdi. Həm də döyüşmədən, düşmənlə qarşılaşmadan erməni terrorunun qurbanı oldu – gənc, yeniyetmə Kamran balamız...
Kamran nə bilərdi ki, hər zaman arzuladığı şəhidlik məqamı həmin gün o metroda baş verəcəkdi. 18 yaşının tamamına lap az qalmışdı. Bəlkə də ömürboyu arzuladığı şəhidlik zirvəsinə Qarabağda, düşmənlə üz-üzə vuruşaraq yüksələcəkdi, kim bilir. Amma alın yazısı belə yazılmışdı, onun arzusu metroda reallaşdı, qanlı terror hadisəsində…
Dərsdən çıxıb evə gedirdi. Təsadüfdənmi, ya alın yazısındanmı o an Kamran da metrodaydı. Mindiyi qatarda birdən partlayış səsi gəldi və metroda çıxan partlayış hər kəsi təşvişə bürüdüyündən kim nə edəcəyini bilmirdi. O an hərə bir tərəfə, hara gəldi qaçmağa başladı. Səs-küy, bağırtı yeri-göyü bürümüşdü. Hər tərəf ölü insanlarla, yaralılarla dolu idi. Hər yerdən qan qoxusu gəlirdi. Kamranın olduğu vaqona sürətlə zəhərli qaz dolurdu. Zülmət çökmüş zəhərli vaqonda ölüm kabusu dolaşırdı. Bu an Kamran özünü düşünmədən partlayan tərəfə qaçdı. Bir qadını və onun nəvəsini yanğından son dərəcədə xilas edə bildi. Onlarla yaralını xilas etdi, lakin özü o vəhşətin qurbanına çevrildi, o, da burada günahsızcasına qətl edilmiş bir çoxu kimi terrorun qurbanı oldu…
Bu terrorda 289 nəfər qətl edilmişdi. Onlardan 126-sı qadın, 28-i uşaq, 3-ü xilasedici idi, 271-i yaralanmışdı. 18 oktyabr terror hadisəsi “Ginnesin rekordlar kitabı”na düşmüş bir terror aktıdır. Hadisə terror aktı kimi qiymətləndirilməsə də, nəticə bu qədər günahsız insanın ölümü ilə nəticələnmişdi. Həmin faciə bu ailənin çökməsinə səbəb oldu, ürəklərinə damğa vurdu, ömürlük bu ailəni oğulsuz qoydu. Bir ailənin də çırağı belə söndü, çünki Kamran Kərim kişinin yeganə oğul övladıydı, dörd bacı bir qardaş idilər. Bir nakam gənc də beləcə həyata gözlərini yumdu, əbədiyyən şəhadətə ucaldı, Kamran Məmmədov. Məkanı cənnət, torpağı bol, məzarı nurla dolsun.
Bu nəsil Qarabağ müharibəsində beş şəhid- BEŞ VƏTƏN AŞİQİ – Əlyar, Elçin, Kamran, Mikayıl və sonuncu Əşrəf adlı övladlarını şəhid verib. Onların da arzuları ürəklərində getdi, Əlyar nişanlı, Kamran, Mikayıl, Əşrəf isə subay idilər. Onlar Vətənimizin torpaqlarının azadlığı uğrunda canlarını fəda etdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin!
Allah Sünbül anaya və qardaş yanğısı ilə hər zaman gözləri yaşlı olan bacılara da səbr versin.

KAMRAN MƏMMƏDOV- VƏTƏN AŞİQLƏRİNDƏN BİRİ...
TƏRANƏ ƏMİR qızı CƏBİYEVA
YAZIÇI-PUBLİSİST

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı