veten informasiya agentliyi

Kəlağayı ustası basqallı Mürşüd Talıbov məhz belə insan idi… -FOTOLAR

Tarix:9-06-2025, 15:22
Baxış Sayı:28

Kəlağayı ustası basqallı Mürşüd Talıbov məhz belə insan idi… -FOTOLAR


SƏNƏTİN MÜRŞÜDÜ
Kəlağayı ustası basqallı Mürşüd Talıbov məhz belə insan idi…

Kəlağayı - Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyü. Azərbaycanın qərb zonasında kəlağayıya bəzən çarqat da deyilir. XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanın ənənəvi kəlağayıçılıq mərkəzləri müxtəlif siyasi və sosial-iqtisadi səbəblər üzündən, xüsusilə də Rusiyadan daxil olan ucuz fabrik mallarının kustar karxana məhsullarını sıxışdırması nəticəsində mövqeyini dəyişmiş və kəlağayıçılıq tədricən yalnız iki mərkəzdə - Basqal və Gəncədə cəmləşməyə başlanıb.
2014-cü ildə kəlağayı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib.
Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Qadınların müasir kəlağayılara bənzər baş örtüyündən istifadəsi eramızdan əvvəl V-VI əsrlərdə İran şahı I Daranın zamanında saray qadınları arasında geniş yayıldığı barədə bəzi mənbələrdə qeyd olunub. X əsrdə yazılan Hüdud əl-aləm coğrafi traktatında, Bərzənd şəhərində baş örtüyünün istehsal olunduğu qeyd edilib.
XVIII əsr

Orta əsrlərdə Azərbaycan ərazilərində kəlağayı istehsal edən kiçik müəssisələr mövcud olub. Tarixçi Mais Cəfərovun fikrincə, kəlağayılar əvvəllər fərdi şəkildə hazırlansa da, sonralar kəlağayı istehsal edən xüsusi müəssisələr fəaliyyət göstərib.
Georq Forsterin 1784-cü ilə aid məlumatında qeyd edilir ki, Şirvandan 400 tona qədər ipək Həştərxana göndərilirdi. Ədəbiyyat və çöl-etnoqrafik materialları isə sübut edir ki, həmin ipəyin mühüm bir hissəsi Basqalın payına düşüb və bu sırada kəlağayı mühüm yer tutub. Həmin dövrdə Gəncə, Şuşa, Şəki şəhərləri ilə bərabər, Basqal Azərbaycanın ən böyük ipəkçilik mərkəzlərindən biri olub.
XVIII əsrdən dünya bazarlarında xüsusi dəyər qazanan Basqal kəlağayıları Qafqaza səfər edən səyyahların da səfərnamələrində yer alıblar. 1862-ci ildə Azərbaycanda olmuş rus səyyahı Pyotr Paşino “Kafkazskiy vestnik” qəzetində yazırdı ki, ucqar Basqal əyalətində kustar üsulla toxunan parçalar, o cümlədən kəlağayılar öz bədii xüsusiyyətlərinə görə heç də dövrün toxuculuq sənayesi nümunələri səviyyəsindən geri qalmırdı.
XIX əsr

1862-ci ildə Azərbaycan ilk dəfə olaraq Londonda keçirilən ümumdünya sərgisində iştirak edib ki, o zaman basqallı toxucu Nəsir Abduləziz oğlu nümayiş etdirdiyi nəfis kəlağayı və zərif qanovuz parçaya görə gümüş medal və xüsusi diplomla mükafatlandırılıb. Kəlağayı ustası Londondan qayıdanda demişdir: “İngilis xanımları macal vermədilər ki, camaat bir kəlağayıya tamaşa etsin. Bir anın içində yarmarkada keçirilən satış sərgisində hamısını aldılar. Qaldım mat-məttəl baxa-baxa. Gərək çox aparaydım. Allah qoysa, bu səfər çox apararam”.
XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın ənənəvi kəlağayıçılıq mərkəzləri müxtəlif siyasi və sosial-iqtisadi səbəblər üzündən, xüsusilə də Rusiyadan daxil olan ucuz fabrik mallarının kustar karxana məhsullarını sıxışdırması nəticəsində mövqeyini dəyişmiş və kəlağayıçılıq tədricən yalnız iki mərkəzdə – Basqal və Gəncədə cəmləşməyə başlanıb. Ordubadda kəlağayıdan, əsasən, XIX əsr və XX əsrin ortalarında istifadə olunurdu.
XX əsr

Birinci Dünya Müharibəsi ərəfəsində Basqalda 1500 dəzgaha malik 900 kustar şərbafxanada il ərzində 1 milyon 800 min ədəd kəlağayı istehsal olunurdu. Bu qədər kəlağayını boyamağa Basqal boyaqxanalarının gücü çatmadığından, onların xeyli hissəsi Şamaxı, Gəncə və Bakıya göndərilirdi.
1902-ci ildə Tiflisdə çağırılmış Qafqaz kustar sənayesi işçilərinin I qurultayına aid bir sənəddə isə aşağıdakı maraqlı fikirlər əksini tapıb: “...Ustaların hamısı (kəlağayı ustaları nəzərdə tutulur) savadsız olsalar belə, sənətkarlıqda öz avropalı həmkarlarını arxada qoyurlar. Onların hazırladıqları məmulat öz bədiiliyi və yaraşığı ilə adamı heyran edir. Avropada işlədilən maşınlar və başqa dəzgahlar burada yoxdur. Onların hazırladıqları məhsul gərgin işin və bacarıqlı əllərin bəhrəsidir”.
XXI əsr

2003-cü ildən İsmayıllı rayonunun Basqal qəsəbəsində “İnkişaf” Elmi Təşkilatın təşəbbüsü ilə “Kəlağayı” İpək Mərkəzi fəaliyyət göstərir. Həmçinin Basqalda unikal interaktiv “Kəlağayı” muzeyi yaradılmışdır. Muzeyə gələn ziyarətçilər kəlağayının tarixi və ənənələri ilə tanış ola bilər, eləcə də sənətin yaranma prosesini canlı görüb, hətta məhsulun hazırlanmasında da iştirak edə bilərlər.
Modelyer Fəxriyyə Xələfova dəfələrlə öz geyim kolleksiyasında kəlağayıdan istifadə edib. Modelyerin fikrincə, kütləvi istifadə üçün kəlağıyı mütləq müasirləşdirilməlidir, istehsala yeni kəlağayı nümunələri buraxılmalıdır. Psixoloq Rəna İbrahimbəyova 2011-ci ildə TEDx Bakı-dakı çıxışında kəlağayının insan həyatını təsvir etdiyini iddia edib: “Kələğayı naxışlarının müəyyən sistemi var və onu hazırlayan hər kəs o sistemə riayət etməlidir. Kələğayının üzərindəki naxışlar kainatın və dünyanın quruluşunu təsvir edir. Örpəyin kənarındakı haşiyə dağ anlamındadır, bu insanları qoruyur. Ortadakı haşiyə isə o biri dünyanı təsvir edir və naxışlardan göründüyü kimi, o dünya indikindən daha rəngli və mürəkkəbdir”.
Azərbaycan ipəkçiliyin inkişafını kələğayı istehsalı ilə birbaşa bağlı olduğunu qeyd edən Rəna İbarhimbəyova adıçəkilən baş örütüyünün həmişə ən vacib geyimlərdən olduğunu və xüsusilə toylarda qırmızı kələğayıdan istifadə olunduğunu qeyd edir.
2010-cu illərdə də Azərbaycanda kəlağayı toxuculuğu işini davam etdirən sülalələr çoxdur. Şəki şəhərində Şövkətziya Şamilovun törəmələri olan Şamilovlar nəsli bu sənətin mahir ustası sayılır. UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Həmin il Azərbaycanın İordaniyada səfiri Sabir Ağabəyov İordaniyada keçirilən ənənəvi “Diplomatik bazar”da, ora buyuran İordaniya Kral ailəsinin nümayəndələri, hökumət üzvləri, eləcə də bu ölkədə akkreditə olunmuş diplomat həmkarlarına Azərbaycan kəlağayılarını hədiyyə edib.
2016-cı ildə Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Parisdə "Beaugrenelle" ticarət mərkəzində azərbaycanlı dizayner Mənzər Hacıyevanın "Kəlağayı" butikini təşkil edib.
Və bu gün…

Bu gün isə toxuculuq, kəlağayı sənətini Basqalda fərdi qaydada davam etdirənlər çoxdur. Onlardan biri də bu sənətin mürşüdü kərbəlayı Mürşüd Talıbov idi. O, İsmayıllı rayonunun Basqal kənd sakini kimi, evində bu işi davam etdirirdi. Yuxarıdakı qeydlərimdən bəlli oldu ki, qədim Basqal kəlağayının məskəni hesab edilir. Bu səbəbdən də M. Talıbovun ailəsinin dədə-baba fəaliyyətinin məhz kəlağayı ilə bağlı olması heç də təsadüfi deyil.
Mürşüd Talıbovun babası kənddə və ümumiyyətlə, Azərbaycanda tanınmış kəlağayı ustası olub. Hətta Mirzə Ələkbər Sabir sənətkara 1818-ci ilə məxsus olan tiyan hədiyyə edib. Bu tiyanı hazırda da ABADçılar göz bəbəyi kimi qoruyurlar. Babasının əl işləri də Azərbaycan Tarixi Muzeyində sərgilənir. Lakin 1937-ci illərin repressiyaları və SSRİ-nin Azərbaycan mədəniyyətini unutdurmaq siyasəti onu bu işi davam etdirməyə imkan vermədi. Odur ki, o, vətənini tərk edərək Türkmənistana köçməyə məcbur oldu. O, orada yenidən təyziqlərə məruz qalaraq Gürcüstana qaçdı, sonra isə Vətən həsrətinə dözməyib Əmircanda məskunlaşdı və kəlağayı sənətini gizli şəkildə davam etdirdi. Lakin sahib olduğu qəliblər haraya getsəydi, əlindən alınırdı. Mürçüd sağlığında beləaçıqlama vermişdi: “Atam müharibə veteranı olduqdan sonra partiya və komsomol bileti aldı. Bununla da hakimiyyət ailəmizi təqib etməyi dayandırdı”.
Təqiblər dayandıqdan sonra basqallılar yenə də sevdikləri işi davam etdirə bildilər. O zaman kəlağayı istehsalı üzrə artellər, kiçik müəssisələr yaranırdı. 1972-1979-cü illərdə artellərin birinin rəhbəri Mürşüd Talıbovun atası idi. O, özü də uşaqlıq illərində qardaşı ilə birlikdə orada atasına köməklik edib. Bu barədə Mürşüdün söylədiyi maraqlı faktlara müraciət etdik: “İpək toxumağı, lülə sərməyi, dəzgahda ipəyi fırlatmağı və kəlağayıların boyanmasını bacarırdıq. Yəni bütün prosesləri əzbər bilirdik. Barama o zamanlar kəndimizdə də vardı. Hətta onu yığmağa da özümüz gedirdik. Kəlağayının təbii boyanması da çox maraqlı prosesdir. Bunun üçün yoğuşan, biyan, süpürgə kötüyü, sarağan, cır almanın qabığı və digər bitkiləri də özümüz yığırdıq”.
Sənətin sirlərini uşaqlıqdan aşkar edən Mürşüd Talıbov məktəbi bitirdikdən sonra daha çox qəliblərin hazırlanması üzrə mütəxəssis olmaq arzusu ilə Rəssamlıq Akademiyasına daxil olub və orada ağac üzərində oyma fakültəsini müvəffəqiyyətlə bitirib. Sonra elə bu və daş üzərində oyma sənəti üzrə fəaliyyətinə davam edib. Qardaşı Nofəl isə heykəltəraşlıq sahəsini seçib.
Mürşüd Talıbov sənətini hədsiz sevdiyini bu fikirlərlə dilə gətirib: “Kəlağayı sənəti UNESCO-nun qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildikdən sonra mən kəlağayının “ikinci doğuluşunun, yeni nəfəsinin” şahidi oldum və bu inkişafda mənim də rolumun olmasını, dədə-babalarımın ruhunu şad etmək istədim. Eyni zamanda “ABAD”ın yaranması və bununla da bizim artıq satış barəsində rahat olmağımıza, daha çox işimiz haqqında düşünməyə səbəb oldu. Artıq iki ildir ki, yeni qəliblər hazırlayıram. Qəliblər milli naxışlarımız, gerbimiz, abidələrimiz, hətta Qobustan qayalarındakı təsvirlər ilə çox mürəkkəbdir. Buna baxmayaraq bu işdən heç yorulmuram. Kəlağayıları da kəndimizdə hazırlayıram. Babamdan bugünədək qalan qəlibləri, tiyanları, mis qabları da sevərək istifadə edirəm. 2019-cu ilin “Nəsimi ili” elan olunması şərəfinə Nəsiminin təsviri ilə qəlib də hazırlamışam”.
Gözoxşayan al-əlvan kəlağayılar…

Sadəlik gözəllikdir. Və bu gözəlliyin içində həyatın bütün boyaları, naxışları var. Sadəlik heç də adilik demək deyil. Sadəlikdə adi baxışlarla görüb, sezə bilmədiyimiz o qədər dəyərli və insani keyfiyyətlər var ki, gəl görəsən. Yaponlar sadəliyin müdriklikdən xəbər verdiyini söyləyirlər. Məncə, bu qədim və mədəni xalq belə düşünəndə heç də yanılmır.
Sadəlik həm də gerçək həqiqət deməkdir. Çünki, bu gerçəklikdə nə var, hər şey göz önündədir, görünür. Sadəcə olaraq bunu görmək lazımdır.
Mürşüd hər dəfə köhnə məhəllələrinə yolu süşəndə, ata-baba yurduna qədəm qoyanda basqallılar çox sevinirdilər. Bilirdilər ki, ertəsi gün Mürşüd emalatxanasını işə salacaq, burada rəngbərəng kəlağayıları boyayıb qurumaq üçün ipin üstündən asacaq, öz əlləri ilə boyadığı, barmaqları ilə cürbəcür naxışlar vurduğu, gözoxşayan, al-əlvan kəlağayılara heyranlıqla tamaşa edəcək, hərdən də dərindən köks ötürərək ustadlarını xatırlayacaq. Kənardan tamaşa etdiyi əl işlərinin nazı ilə əməlli-başlı oynayır, növbənöv kəlağayılara baxanda dincəlir və zövq alırdı. Düşünürdü və doğruluğuna inanmaq istəyirdi ki, hərə bir ağac əksə, dünyamız yaşıl don geyinər, ətrafa baxanda adamın gözləri sevinər. Və dalınca da öz-özünə söyləyərdi ki, hər qadın başına bir kəlağayı örtsə, dünyamız cənnətə dönər…
Dostlarının söylədiklərinə görə, Mürşüdün qəribə bir xüsusiyyəti olub. Sadəliyindən doğan bu ali hiss ona iş vaxtı hər zaman hakim kəsilib. O, işinə vicdanla yanaşıb, əlindəki işi səliqə və keyfiyyətlə görüb. Maraqlısı budur ki, o, alıcı ilə heç vaxt pul, qiymət haqda söhbət etməyib, danışmayıb. Nə versəydin, bərəkət deyib. Özünün çox zaman pula ehtiyacı olsa da, bu sadə, təvazökar, əsl insan imkan daxilində adamlara kömək əlini uzadıb. Gördüyü işin müqabilində alıcılar nə versəydilər, - sağ olun, Allah razı olsun! - deyib.
Gözünü açandan babasını, atasını, yaxın qohumlarını kəlağayı toxuyan, boyayan, naxışlar vuran görüb. Qədim Basqalda lap əvvəldən bu işi kustar yolla görüblər. Əsrlərdən bəri babalarımız bu işlə məşğul olublar. Bu peşə onlara da nəsildən-nəsilə ötürülüb. Mürşüd Talıbov da babaları, atası kimi öz övladına sənətini miras qoyub gedəcəyini bildirirdi.
Sənətinin sirlərindən danışan M.Talıbov deyirdi ki, bu sənət o qədər incəlik, zəriflik tələb edir ki, peşənin həvəskarı olmadan nəinki bu işlə məşğul olmaq, heç boyaqxanaya belə yaxın gedə bilməzsən: “Qəliblər, onların vurduğu naxışlar mənə həmişə sirli gəlib. Hər dəfə onlar haqqında nə isə öyrənirəm. Bu sənət haramı sevmir. Onları stol üzərinə düzüb naxış vuranda təmiz olmalısan…
Və ömür kitabının son vərəqləri...

… Adam çox zaman peşəsi ilə tanınır. Çünki onu bu peşəyə sahib olmağa əqidəsi, mənəviyyatı, əxlaqı səsləyir. Və vicdanının səsinə qulaq asan, sadə əmək adamı peşəsini sevdiyi kimi, dünyamızı, insanları da sevir. Məgər yaşamaq üçün lazım olan ən böyük dəyərlərdən biri elə bu deyilmi? Kəlağayı sənətinin mürşüdü Mürşüd Talıbov da bu dəyərlərlə, yüksək mənəviyyatla yaşayan genişürəkli bir insan idi. Çünki peşəsi və həyatda əsas vəzifəsi kimlərə isə kömək edib, əlindən tutmaq, ehtiyaclarının ödənilməsində yardımçı olmaq idi, bir usta kimi onun böyük əməyi var idi. Və Mürşüdün də başqalarını sevindirdiyi kimi, özünün də sevinməyə haqqı var idi… Amma…
Neçə gündür ki, Mürşüd Talıbov aramızda yoxdur. O özünün haqq dünyasındadır. Allahdan ona rəhmət diləyirik.


Kəlağayı ustası basqallı Mürşüd Talıbov məhz belə insan idi… -FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU
Yazıçı - Jurnalist



Kəlağayı ustası basqallı Mürşüd Talıbov məhz belə insan idi… -FOTOLAR
Kəlağayı ustası basqallı Mürşüd Talıbov məhz belə insan idi… -FOTOLAR
Kəlağayı ustası basqallı Mürşüd Talıbov məhz belə insan idi… -FOTOLAR
Kəlağayı ustası basqallı Mürşüd Talıbov məhz belə insan idi… -FOTOLAR
Kəlağayı ustası basqallı Mürşüd Talıbov məhz belə insan idi… -FOTOLAR
Kəlağayı ustası basqallı Mürşüd Talıbov məhz belə insan idi… -FOTOLAR
Kəlağayı ustası basqallı Mürşüd Talıbov məhz belə insan idi… -FOTOLAR
Kəlağayı ustası basqallı Mürşüd Talıbov məhz belə insan idi… -FOTOLAR
Kəlağayı ustası basqallı Mürşüd Talıbov məhz belə insan idi… -FOTOLAR
Kəlağayı ustası basqallı Mürşüd Talıbov məhz belə insan idi… -FOTOLAR
Kəlağayı ustası basqallı Mürşüd Talıbov məhz belə insan idi… -FOTOLAR
Kəlağayı ustası basqallı Mürşüd Talıbov məhz belə insan idi… -FOTOLAR
Kəlağayı ustası basqallı Mürşüd Talıbov məhz belə insan idi… -FOTOLAR
Kəlağayı ustası basqallı Mürşüd Talıbov məhz belə insan idi… -FOTOLAR
Kəlağayı ustası basqallı Mürşüd Talıbov məhz belə insan idi… -FOTOLAR

Dünyada hər 67 nəfərdən biri məcburi köçkündür - BMT-dən yeni hesabat
Dünyada hər 67 nəfərdən biri məcburi köçkündür - BMT-dən yeni hesabat
Prezident Bakıda qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib
Prezident Bakıda qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib
Azərbaycanın cüdo tarixində bir İLK
Azərbaycanın cüdo tarixində bir İLK
Dondurma sevənlərə XƏBƏRDARLIQ - Ekspert HƏYƏCAN TƏBİLİ ÇALIR
Dondurma sevənlərə XƏBƏRDARLIQ - Ekspert HƏYƏCAN TƏBİLİ ÇALIR
Vətən Müharibəsi Qəhrəmanları hər ay 2200 manat təqaüd alacaqlar
Vətən Müharibəsi Qəhrəmanları hər ay 2200 manat təqaüd alacaqlar
Qarabağda Ermənistan istehsalı olan minaların basdırıldığını etiraf etdilər
Qarabağda Ermənistan istehsalı olan minaların basdırıldığını etiraf etdilər
Azərbaycanda telekanal rəhbəri vəzifəsindən AZAD EDİLDİ
Azərbaycanda telekanal rəhbəri vəzifəsindən AZAD EDİLDİ
Naxçıvan konstitusiyasına dəyişikliklər layihəsi Milli Məclisə göndərildi
Naxçıvan konstitusiyasına dəyişikliklər layihəsi Milli Məclisə göndərildi