veten informasiya agentliyi

BƏZİ İNSANLARIN ÖMRÜNÜ TƏQVİM ÖLÇMÜR... - FOTOLAR

Tarix:Dünən, 14:03
Baxış Sayı:2

BƏZİ İNSANLARIN ÖMRÜNÜ TƏQVİM ÖLÇMÜR... - FOTOLAR

“Neft daşları” qəzetinin baş redaktoru Bəhruz Məmmədovun ömründə Musa Yaqub nəfəsi, Buynuz yaddaşı və sözün işığı duyulur...

İnsan ömrü qəribə bir şeydir. Onu nə saatla ölçmək mümkündür, nə də təqvimdəki günlərin sayı ilə. Elə adamlar var ki, illər onların saçına dən salır, amma ürəyinə toxuna bilmir. Elə adamlar da var ki, yaşadıqları illəri özləri ilə aparmırlar, əksinə, o illərə özlərindən bir parça qoyub gedirlər. İnsan ömrünün əsl mənası da elə bundadır: yaşamaqdan daha çox yaşadığı həyata məna verməkdə.
Bu gün haqqında söz açmaq istədiyimiz Bəhruz Məmmədov da ömrünü yalnız yaşadığı günlərin hesabına sığışdırmaq mümkün olmayan insanlardandır. “Neft daşları” qəzetinin baş redaktoru kimi onun fəaliyyəti təkcə bir mətbu orqana rəhbərlik etməkdən ibarət deyil. Bu, sözə sahib çıxmaq, qələmə məsuliyyətlə yanaşmaq, insanları, zəhməti, taleləri və bir elin yaddaşını yazılı tarixə çevirmək missiyasıdır.
Qəzetçilik asan sənət deyil. Çünki jurnalist hər gün başqalarının həyatından yazır, amma öz həyatının hansı çətinliklərdən keçdiyini çox vaxt oxucuya bildirmir. O, başqasının sevincinə sevinir, dərdinə şərik olur, bir hadisənin görünən tərəfi ilə kifayətlənməyib onun görünməyən səbəblərini axtarır. Bəzən bir cümləni yazmaq üçün saatlarla düşünür, bəzən bir həqiqəti qorumaq üçün uzun-uzadı mübahisələrə girir. Qəzetin səhifələrində bir neçə sətir kimi görünən yazının arxasında isə çox vaxt böyük zəhmət, məsuliyyət və insan taleyi dayanır.
Baş redaktor olmaq isə bu məsuliyyətin daha ağırını çiyinlərində daşımaq deməkdir. Çünki baş redaktor yalnız yazılanlara deyil, yazılmayanlara, yalnız dərc olunanlara deyil, qəzetin sabahına da cavabdehdir. O, həm sözün çəkisini, yükünü tutmalı, həm kollektivin ruhunu qorumalı, həm də zamanın dəyişən küləkləri qarşısında öz mövqeyini itirməməlidir.
“Neft daşları” qəzetinin adı özü də böyük bir tarixdən xəbər verir. Neft Daşları adi bir coğrafi məkan deyil. O, insan iradəsinin dənizin ortasında qurduğu möcüzədir. Orada torpaq yox idi, insan torpaq yaratdı. Orada rahatlıq yox idi, insan zəhməti ilə həyat qurdu. Orada üfüqə baxanda yalnız dəniz görünürdü, amma insanın xəyalı o dənizin o tayına keçdi.
Neft Daşları Azərbaycan insanının alın təri, ağlı, cəsarəti və qurub-yaratmaq əzminin canlı abidəsidir. Bu məkanın hər estakadasında bir zəhmətkeşin ömründən iz, hər quyusunda bir insanın ümidindən pay var. Dənizin ortasında salınmış bu möcüzənin tarixini yazmaq da, əslində, insanın öz tarixini yazmaqdır.
Belə bir məkanın adını daşıyan qəzetdə müxbirlikdən başlayaraq rəhbərlik səviyyəsinə qalxmaq, şübhəsiz ki, xüsusi məsuliyyət tələb edir. “Neft daşları” isə yalnız bir qəzet adı deyil, neçə-neçə nəslin zəhmət salnaməsidir. Bu qəzetin səhifələrində neftçinin əməyi, mühəndisin düşüncəsi, fəhlənin alın təri, dənizdə çalışan insanların həyəcanı və qüruru öz əksini tapır. Burada yazılan hər söz həmin böyük tarixə hörmətin ifadəsi var.
Məncə, insanın peşəsinə münasibəti onun xarakterinin ən dürüst göstəricilərindən biridir. Vəzifə insana ad verə bilər, amma o adı mənalı edən insanın öz əməlidir. Baş redaktor kreslosunda oturmaqla baş redaktor olmaq arasında da böyük fərq var. Birincisi vəzifədir, ikincisi isə məsuliyyət, zəhmət, təcrübə və sözə sədaqətdir.
Bəhruz Məmmədovun ad günü münasibətilə haqqında söz açarkən məhz bu məqamı vurğulamaq istəyirəm. Onun rəhbərlik etdiyi qəzetin adı ilə yaşatdığı dəyərlər biri-birini tamamlayır. Çünki Neft Daşlarının tarixində olduğu kimi, mətbuatın tarixində də insan amili hər şeydən öndə dayanır.
Həyat insana müxtəlif vəzifələr, müxtəlif adlar, müxtəlif məsuliyyətlər verir. Amma bütün bunların içərisində ən çətini insan adını qoruyub saxlamaqdır. Çünki insan olmaq diplomla təsdiqlənmir, vəzifə ilə ölçülmür, təmtəraqlı sözlərlə sübut edilmir. İnsanlıq gündəlik davranışda, münasibətdə, söhbətdə, çətin anda göstərilən mövqedə üzə çıxır.
Bəzən bir insanın böyüklüyünü onun haqqında deyilən təriflərdən çox onunla ünsiyyətdə olan insanların üzündəki ifadədən anlamaq olur. Həqiqi hörmət sifarişlə yox, zamanla yaranır. Zaman isə heç kimin qarşısında əyilmir, heç kimin xatirinə hökmünü dəyişmir, hər kəsi öz əməlinin tərəzisində çəkir.
Ad günü də insanın dayanıb geriyə baxdığı, yaşadığı illərin mənasını düşündüyü günlərdəndir. Bu gün təbriklər eşidilir, xoş sözlər söylənilir, arzular dilə gətirilir. Amma, məncə, ad günündə insana deyilə biləcək ən gözəl söz onun zəhmətinin, ömrünün və insanlığının dəyərini xatırlatmaqdır. Yaradıcı insanın ən böyük mükafatı isə arxada qoyduğu yaxşı izdir, xeyirxah yoldur...

BU YOL BUYNUZDAN BAŞLAYIR...

İnsan bəzən bir kəndin övladı olur, amma o kənd bir ömür boyu onun içində yaşayır. Kənddən uzaqlaşmaq mümkündür, onun yollarından, küçələrindən, həyətindən, bulaqlarından ayrılmaq mümkündür. Ancaq uşaqlıqda ruhuna hopan torpağın qoxusundan, dağların yaddaşına yazdığı xatirələrdən, bir də o yerlərin insanlara öyrətdiyi mənəvi dəyərlərdən ayrılmaq olmur. Çünki insanın doğulduğu yer təkcə coğrafi ünvan deyil, həm də onun görünməyən mənəvi xəritəsidir.
B.Məmmədovun həyatına, yaradıcılıq dünyasına, sözə və insana münasibətinə nəzər salanda Buynuzun həmin mənəvi xəritədə xüsusi yeri olduğunu hiss etmişəm. Buynuz onun üçün təkcə kənd adı yox, xatirələrin başladığı, təbiətin insanla danışdığı, sözün torpaqdan, ağacdan, bulaqdan, dağdan güc aldığı bir dünyadır.
İsmayıllının Buynuz kəndi deyəndə ilk yada düşənlərdən biri, təbii ki, ustad şairimiz Musa Yaqubdur. Dədə Musa bu kəndin adını Azərbaycan poeziyasının yaddaşına həkk etdi. O, təbiəti təsvir etmirdi, onunla danışırdı. Ağacın yarpağında insan taleyi, bulağın suyunda zamanın axarı, dağın sükutunda həyatın fəlsəfəsini görürdü. Onun şeirlərində təbiət canlı bir obraz, insan isə həmin böyük təbiət kitabının oxucusu idi.
Musa Yaqub poeziyası bir məktəbdir. Bu məktəbin dərsləri sinif otaqlarında deyil, dağların döşündə, bulaq başında, ağacların kölgəsində, insanın öz ürəyinin dərinliyində keçirilir. Bu məktəbdə insanı sözün gözəlliyindən əvvəl sözün məsuliyyətinə öyrədirlər. Burada şair olmaq üçün təkcə qafiyə tapmaq kifayət etmir, torpağın ağrısını duymaq, təbiətin dilini anlamaq, insanın dərdini öz dərdin kimi yaşamaq lazımdır.
Bəhruzun Musa Yaqub yaradıcılığına bağlılığına da bu mənəvi yaxınlıq müstəvisindən yanaşmaq lazımdır. Onun ustad şairin poetik irsindən bəhrələnməsini, həmin yaradıcılıq ənənəsinin davamçısı kimi sözə və təbiətə münasibətini, Buynuzla bağlı yaşantılarını qələmə gətirməsini biri-birindən ayrı məqamlar kimi yox, eyni mənəvi kökdən qidalanan duyğular kimi təsəvvür etməliyik.
Ustadın poeziyasını davam etdirmək, əlbəttə, onun yazdığı şeirləri təkrarlamaq deyil. Əsl davamçılıq ustadın dünyaya baxışındakı həssaslığı, insan sevgisini, torpaq duyğusunu, təbiətə münasibətini öz qələmində yaşatmaqdır. Hər yaradıcı insanın öz səsi olmalıdır. Amma o səsin arxasında bəzən bütöv bir məktəbin nəfəsi, bir elin yaddaşı, bir ustadın mənəvi təsiri dayanır.
Dədə Musa Buynuzun sözə çevrilmiş yaddaşıdırsa, bu yaddaşdan bəhrələnən hər qələm adamı həmin böyük mənəvi irsin qorunmasına öz töhfəsini verə bilər.
Buynuzun Bəhruzun dünyasında tutduğu yeri təsəvvür etmək üçün kəndin özünə baxmaq kifayətdir. Dağların əzəməti, təbiətin səssizliyi, bulaqların zümzüməsi, kənd adamlarının sadəliyi, torpağa bağlılığı... Bütün bunlar insanın xarakterini formalaşdıran görünməz məktəbdir. Orada həyatın dərsləri bəzən bir ağsaqqalın söhbətində, bəzən bir ananın nəsihətində, bəzən də səhər tezdən dağların arxasından boylanan günəşin işığında gizlənir.
Kəndin öz saatı, öz təqvimi, öz yaddaşı var. Orada insanın kimliyi təkcə adı ilə deyil, nəsli, ailəsi, davranışı, el içində qazandığı hörmətlə müəyyənləşir. Birinin qapısından girəndə o biri evin də sənə doğma gəlməsi, bir dərdin bütün kəndin dərdinə çevrilməsi, bir sevincin hamının üzündə təbəssüm yaratması kənd həyatının yazılmamış qanunlarıdır.
Bəhruzun Buynuzla bağlı yaşantıları da bu dünyanın içindən gələn mənəvi sərvətdir. İnsan illər keçdikcə çox şeyi unuda bilər, amma uşaqlıq yaddaşı qəribədir: bir yolun döngəsini, bir ağacın kölgəsini, bir bulağın suyunu, bir insanın səsini illərlə qoruyub saxlayır. Bəzən bir kənd mənzərəsi göz önünə gəlir və anlayır ki, əslində, heç vaxt oradan ayrılmayıb. Bəlkə də elə buna görə Bəhruzun qələmində Buynuz mövzusu yalnız keçmişə yox, həmçinin özünə qayıdışdır. Bilirik ki, insanın mənəvi pasportu hesab edilən yaddaşında uşaqlıqdan tutmuş bu günə qədər yaşadığı hər hadisənin, hər görüşün, hər ayrılığın öz möhürü yer tutub.
Onun jurnalist fəaliyyəti ilə bu mənəvi dünyanın arasında da maraqlı bağlılıq görünür. Bir tərəfdə Buynuzun təbiətindən, Musa Yaqubun poeziyasından gələn həssaslıq, digər tərəfdə Neft Daşlarının sərt dəniz reallığı, zəhmət və mübarizə tarixi. Bir tərəfdə dağların sükutu, digər tərəfdə Xəzərin dalğaları. Bir tərəfdə bulağın zümzüməsi, digər tərəfdə neft quyularının ritmi...
İlk baxışda bunlar biri-birindən nə qədər uzaq görünür! Amma əslində hər ikisinin mərkəzində insan dayanır. Dağ kəndində torpağa bağlanan insan da, dənizin ortasında neft çıxaran insan da eyni zəhmətin, eyni iradənin, eyni həyat mübarizəsinin daşıyıcısıdır.
Bəlkə də B.Məmmədovun qələm dünyasının maraqlı tərəflərindən biri məhz bu iki aləmin qovuşmasındadır: Buynuz ona təbiətin və insan yaddaşının dilini öyrədibsə, Neft Daşları zəhmətin, fədakarlığın və böyük quruculuq tarixinin dilini öyrədib. Jurnalist isə bu iki dünyanın hekayəsini sözə çevirməyə çalışan insandır.
“Neft daşları” qəzetinə rəhbərlik etmək də bu mənada təsadüfi vəzifə sayılmır. Ölməkdə olan qəzetçilik yalnız hadisələri yazmaq sənəti deyil, həm də yaddaşı qorumaq missiyasıdır. Bu günün hadisəsini sabahın tarixinə çevirmək, zəhmət adamının adını unudulmaqdan xilas etmək, bir ömrün hekayəsini gələcək nəsillərə çatdırmaq... Bunlar qələm sahibinin məsuliyyətidir.
Musa Yaqub öz poeziyası ilə Buynuzun adını böyük ədəbiyyatın ünvanına çevirdi. Neft Daşları isə zəhmət adamlarının alın təri ilə Azərbaycanın sənaye tarixində özünəməxsus yer qazandı. Bu iki mənəvi ünvanın arasında dayanaraq həm ustadın söz dünyasından bəhrələnmək, həm də zəhmət insanlarının həyatını qələmə almaq əslində Bəhruz Məmmədovun həyat yolunun maraqlı cizgilərini üzə çıxarır.

DOSTLUĞUN DA, MÜƏLLİM EHTİRAMININ DA ÖZ TƏQVİMİ VAR...

Bəhruz Məmmədov haqqında danışarkən onun yalnız qələmindən, jurnalistikadakı fəaliyyətindən, ədəbi zövqündən söz açmaq kifayət etməz. Onun xarakterini tamamlayan başqa bir mühüm cəhət də var: insanlara bağlılığı, dostluğa sədaqəti, müəllim əməyinə ehtiramı və el-obanın mədəni həyatına münasibəti.
Həyatda elə adamlar var ki, dostluğu sözlə ifadə edirlər, elələri də var ki, dostluğun yükünü öz çiyinlərində daşıyırlar. Dostunun sevincini öz sevinci, uğurunu öz uğuru hesab edən, onun xoş günündə yanında olmağı mənəvi borc bilən insanlar ikinci qəbildəndir. Bəhruz Məmmədovun dostları Xeyrulla Ağayevin 50, Daşdəmir Əjdəroğlunun və Təranə Cəbiyevanın 60 illik yubileylərinə münasibəti də bu mənada onun insani keyfiyyətlərinin ifadəsidir.
Altmış yaş insan ömrünün elə bir mərhələsidir ki, insan artıq arxaya baxanda yaşadığı illərin mənasını, qazandığı dostların dəyərini, keçdiyi yolun izlərini daha dərindən anlayır. Belə bir gündə insanın yanında dostlarının olması, onun ömrünə, əməyinə, şəxsiyyətinə ehtiram göstərilməsi əsl mənəvi sərvətdir.
Bəhruz Məmmədov üçün yubiley tədbirləri, görünür, təkcə təbrik mərasimləri hesab edilmir. O, belə məclislərdə insanın ömrünə, zəhmətinə, şəxsiyyətinə qiymət verməyin vacibliyini anlayan ziyalılardandır. Dostlarının yubileyində iştirak etmək, onların həyat yolunu yada salmaq, ətraflarına insanları toplamaq, xoş sözləri bir araya gətirmək – bunlar zahirən sadə görünə bilər. Amma dostluğun həqiqi mahiyyəti elə bu sadə görünən münasibətlərin içərisində gizlənir.
Bir də müəllim məsələsi var. Müəllim insanın həyatında elə bir iz qoyur ki, illər keçsə də, o izin üstündən zaman keçə bilmir. İnsan vəzifə sahibi olur, tanınır, cəmiyyətdə müəyyən mövqe qazanır, amma bir vaxtlar sinif otağında qarşısında dayandığı müəlliminə münasibəti onun mənəvi səviyyəsini göstərir.
Bəhruzun orta məktəb müəllimi Xeyrulla Ağayevin 50 illik yubileyinə göstərdiyi diqqət də bu baxımdan xüsusi məna daşıyır. Müəllimə ehtiram insanın öz keçmişinə, aldığı tərbiyəyə, qazandığı biliklərə ehtiramıdır. Çünki heç kim öz həyat yolunu təkbaşına başlamır. Hər birimizin yolunun harasındasa bir müəllimin sözü, bir nəsihəti, bir zəhməti dayanır.
Məncə, insanın böyüklüyü bəzən özündən böyüklərə münasibətində daha aydın görünür. Müəlliminin yubileyini yad etmək, onun ömrünə və əməyinə ehtiram göstərmək, onu unutmamaq – bunlar təkcə şəxsi münasibət deyil, həm də cəmiyyətə verilən mənəvi mesajdır. Bəhruzun bu davranışı onun müəllim məktəbinə və keçmişinə sədaqətinin ifadəsi kimi dəyərləndirilməlidir.
Onun ictimai fəallığının başqa bir maraqlı istiqaməti isə ədəbi-mədəni tədbirlərin təşkilində özünü göstərir. Bir xeyli əvvəl “Babadağa baxan ellər - 1”, bu ilin yayında isə İsmayıllı rayonunda “Babadağa baxan ellər - 2” kitabıarının təqdimatında nümayiş etdirdiyi təşkilatçılıq qabiliyyəti bu baxımdan diqqətəlayiqdir.
Kitab təqdimatı, əslində, bir nəşrin oxucuya təqdim edilməsindən daha böyük hadisədir. Xüsusilə el-obanın tarixinə, yaddaşına, insanlarına, adət-ənənələrinə həsr olunmuş kitabların təqdimatı həmin bölgənin mənəvi xəzinəsini ictimaiyyətə tanıtmaq deməkdir. Belə tədbirlərdə yalnız kitabın müəllifi deyil, onun arxasında dayanan bütöv bir elin yaddaşı danışır.
“Babadağa baxan ellər-2” kimi nəşrlərin təqdimatında dostunun sevincinə şərik çıxmaq, orada cani-dildən çalışmaq da təkcə tədbirin vaxtını, yerini müəyyənləşdirməkdən ibarət deyil. Burada insanları bir araya gətirmək, ziyalıları, söz adamlarını, el-obanın təəssübünü çəkən şəxsləri eyni məclisdə birləşdirmək, tədbirin məzmununu və mənəvi təsirini təmin etmək bacarığı lazımdır. Bəhruzun bu təqdimatda göstərdiyi fəallıq onun təşkilatçılıq qabiliyyətinin, ictimai təşəbbüskarlığının və doğma yurdun mədəni irsinə bağlılığının daha bir nümunəsidir. Əslində, bu fəaliyyətlərin hamısını birləşdirən görünməz bir xətt var: insanı yaşatmaq, yaddaşı qorumaq, dəyərləri gələcəyə ötürmək.

USTADIN SÖZÜNƏ SƏDAQƏT, BUYNUZUN YADDAŞINA EHTİRAM...


Bəzi insanlar var ki, bir sənətkarın yaradıcılığını sevməklə kifayətlənmirlər, onun yaşatdığı mənəvi dünyanı öz ömürlərinin bir parçasına çevirirlər. Bəhruz Məmmədovun ustad Musa Yaqubla bağlı fəaliyyətində də belə bir sədaqətin, belə bir mənəvi bağlılığın izlərini görürük.
Musa Yaqub onun üçün yalnız böyük şair, Xalq şairi, Azərbaycan poeziyasının qüdrətli nümayəndəsi deyildi. O, həm də Buynuzun mənəvi sərvəti, doğma torpağın poetik yaddaşı, dağların, bulaqların, ağacların dilini insan qəlbinə çevirən bir ustad idi. Bəhruzun Dədə Musanın yaradıcılığına bağlılığı da, görünür, elə bu doğmalıqdan, bu torpaq sevgisindən qaynaqlanır.
Ustadın sağlığında onun yaradıcılığına, poeziyasına, ədəbi irsinə göstərilən diqqət və ehtiram Bəhruz müəllimin mənəvi dünyasında xüsusi yer tutub. Belə bir sənətkarın adını, yaradıcılığını, poetik irsini yaşatmaq təkcə ədəbiyyatsevərlərin yox, özünü həmin torpağın, həmin ədəbi mühitin bir parçası hesab edən hər kəsin borcudur.
Musa Yaqub dünyasını dəyişəndən sonra isə bu bağlılıq, sadəcə, xatirəyə çevrilmədi, əməli fəaliyyətə, təşkilatçılığa, təbliğat işinə çevrildi. Bəhruz Məmmədovun 4 avqust 2024-cü ildə Buynuzda təşkilinə təşəbbüs göstərdiyi “Daş altında toxumam” adlı sərgi bu baxımdan diqqətəlayiqdir. Rəssam Hüseyn Mirtəqəvinin ustad şairə həsr etdiyi əsərlərin nümayiş olunduğu həmin tədbirin ərsəyə gəlməsində Bəhruzun əməyini və təşkilatçılıq bacarığını xüsusi qeyd etməliyik. O, tədbirin hazırlanmasında, yaradıcı insanlarla əlaqələrin qurulmasında, qonaqların dəvət edilməsində fəallıq göstərmiş, sərginin açılışında çıxış edərək iştirakçıları rəssamın yaradıcılığı ilə tanış etmişdi. Bu, bir sərginin təşkili yox, bir şairin xatirəsinə başqa bir sənət növünün dili ilə ehtiram göstərmək, Musa Yaqubun poeziyasını rənglərin, tabloların, obrazların dili ilə yenidən insanlara çatdırmaq cəhdi idi. Şairin sözü ilə rəssamın fırçası bir araya gəlmiş, Buynuzun mənəvi mühiti bir sənət məclisinə çevrilmişdi.
Bu il mayın 15-16-da İsmayıllıda keçirilən “Musa Yaqub günləri” də bu mənəvi missiyanın davamı kimi yadda qaldı. Buynuz kənd məktəbindən başlayan, İsmayıllı Rayon Mədəniyyət Mərkəzində davam edən tədbirlər Musa Yaqubun poeziyasını yenidən insanlarla görüşdürdü. Şairin kitablarının və fotoşəkillərinin sərgisi, bədii kompozisiyalar, xatirələr, qiraətlər, yeni nəşrin təqdimatı bir daha göstərdi ki, Musa Yaqubun sözü öz ömrünü yaşamaqda davam edir. Bu tədbirlər haqqında Bəhruz Məmmədovun özünün də geniş publisistik yazısı dərc olundu.
Bəhruz Məmmədovun bu istiqamətdəki fəaliyyəti bununla da bitmədi. Bu il oktyabrın 23-də keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisində Musa Yaqubun uşaqlar üçün yazdığı şeirlərdən ibarət “Gül bağçası” kitabının təqdimatı da onun diqqət mərkəzində oldu. Bu təqdimatda böyük bir şairin yaradıcılığının uşaqlara, gələcək nəsillərə ötürülməsi kimi mühüm məna vardı.
Bəhruz həmin təqdimatdan sonra Bəhruz qərara aldı ki, Dədə Musanın qarşıdan gələn 90 illik yubileyinə indidən hazırlıq getməlidir. Bundan sonra mən “Musa Yaqub dünyəvi şairdir” adlı publisistik yazı ilə çıxış etdim. Yazısında ustadın poeziyasının yalnız bir kəndin, bir bölgənin deyil, bütün insanlığın mənəvi sərvəti olduğunu vurğulamışam. Tədbirdən sonra bizimlə söhbətində Musa Yaqubun qarşıdan gələn 90 illik yubileyinin layiqincə keçirilməsinin vacibliyini də xüsusi qeyd etdi.
Bu məqam mənə görə çox əhəmiyyətlidir. Çünki əsl davamçılıq yalnız ustadın sağlığında onun yanında olmaq deyil, o dünyasını dəyişəndən sonra da onun sözünün, adının, irsinin keşiyində dayanmaqdır. Ustadın cismani yoxluğu onun sözünün yoxluğu demək deyil. Əksinə, böyük sənətkarlar dünyadan köçəndən sonra onların yaradıcılığına sahib çıxmaq daha böyük məsuliyyət tələb edir.
Bax, mən Bəhruz Məmmədovun qələm adamı kimi xarakterində məhz bu cəhəti xüsusi dəyərləndirirəm: o, yalnız yazmaqla kifayətlənmir, yaşatmağa çalışır. Yalnız xatırlamır, xatırladır. Yalnız sevmir, sevdirməyə çalışır.
Əslində, Buynuzun da, Musa Yaqubun da, Bəhruz Məmmədovun da bir ortaq məqamı var:

SÖZƏ, TORPAĞA, YADDAŞA SƏDAQƏT...


Buynuz ustadın doğulduğu torpaqdır, Musa Yaqub həmin torpağın poeziyaya çevrilmiş ruhudur, Bəhruz Məmmədov isə bu ruhun unudulmaması üçün çalışan qələm adamlarından biridir.
İnsan öz ustadına sədaqəti ilə də böyüyür. Bəhruz müəllimin bu sədaqəti onun ad günü münasibətilə haqqında yazılan sözlərə də xüsusi məna verir. Çünki onun ömür yolunda yalnız qəzetçilik, redaktorluq, jurnalistika yoxdur. Orada bir kəndin yaddaşı, bir ustadın poeziyası, bir ədəbi mühitin nəfəsi və gələcək nəsillərə ötürülməli olan mənəvi sərvət də var.
Musa müəllimin poeziyasına ehtiram göstərmək, onun yaradıcılığını təbliğ etmək, dostlarının və müəlliminin yubileylərinə diqqət ayırmaq, el-obanın tarixini yaşadan kitabların təqdimatında fəallıq göstərmək – bunlar ayrı-ayrı tədbirlər kimi görünsə də, mahiyyət etibarilə eyni mənəvi düşüncədən qaynaqlanır. Bu düşüncənin adı isə ziyalılıqdır.
Ziyalılıq yalnız oxumaq, yazmaq, müəyyən vəzifə daşımaq deyil. Ziyalılıq həm də başqasının əməyini görmək, onun dəyərini vaxtında vermək, unudulmağa qoymamaqdır. Bir dostun ömrünə ehtiram, bir müəllimin zəhmətinə minnətdarlıq, bir şairin irsinə sədaqət, bir elin yaddaşına sahib çıxmaq – bütün bunlar insanın mənəvi portretini yaradan cizgilərdir.
Bəhruz Məmmədovun həyat və fəaliyyətində diqqət çəkən məqamlardan biri də məhz bu cizgilərin bir araya gəlməsidir.

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, BƏHRUZ MÜƏLLİM!


Ad günü insanın yalnız dünyaya gəldiyi tarixi xatırlamaq deyil. Bu, həm də onun haradan gəldiyini, hansı dəyərlərlə böyüdüyünü, hansı izləri qoyduğunu düşünmək fürsətidir. Bəhruz qardaşım, insanın ən böyük sərvəti yaddaşında yaşatdığı doğma yerlər, ehtiramla xatırladığı ustadlar, dəyər verdiyi insanlar və özündən sonra qoyduğu mənəvi izlərdir. Arzu edirəm ki, Buynuzun dağ havası, Musa Yaqub poeziyasının işığı, sözə olan sevginiz və jurnalist qələminizin məsuliyyəti həmişə sizinlə olsun.
Qoy ömrünüzün bundan sonrakı illərində də doğma kəndinizin yolları xatirələrinizdə işıqlı qalsın, ustad Musa Yaqubun poeziyasından gələn mənəvi nəfəs qələm dünyanızı zənginləşdirsin, “Neft daşları” qəzetinin səhifələrində insan taleləri, zəhmət qəhrəmanları və həyat həqiqətləri öz əksini tapsın. İnsanın iki evi olur: biri yaşadığı ev, digəri isə ömrü boyu içində gəzdirdiyi doğma yurd. Bəhruz Məmmədovun buynuzlu yaddaşı da, sözə bağlılığı da həmin ikinci evin işığıdır. Bəzi yollar dənizdən keçir, bəziləri dağlardan. Amma insanın ürəyinə gedən yol həmişə doğulduğu torpaqdan başlayır. Bəhruz Məmmədovun yolu da Buynuzdan başlayıb, sözün və zəhmətin içindən keçərək bu günə gəlib çatır.
Doğum günün mübarək, Bəhruz müəllim!
Daşdəmir ƏJDƏROĞLU





















Azərbaycan–Böyük Britaniya əməkdaşlığında yeni mərhələ
Azərbaycan–Böyük Britaniya əməkdaşlığında yeni mərhələ
BƏZİ İNSANLARIN ÖMRÜNÜ TƏQVİM ÖLÇMÜR... - FOTOLAR
BƏZİ İNSANLARIN ÖMRÜNÜ TƏQVİM ÖLÇMÜR... - FOTOLAR
Dövlət Xidməti Ucarda gənclər üçün tədbir keçirdi
Dövlət Xidməti Ucarda gənclər üçün tədbir keçirdi
İsraildə iki yaşlı uşaq aeroportda itkin düşdü: Görün harada tapıldı
İsraildə iki yaşlı uşaq aeroportda itkin düşdü: Görün harada tapıldı
Nazirlikdən yaşa görə muavinətlərlə bağlı yeni xəbər
Nazirlikdən yaşa görə muavinətlərlə bağlı yeni xəbər
Daha bir vəkil həbs edildi
Daha bir vəkil həbs edildi
EkologiyaBakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
EkologiyaBakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
Smartfonda iki Wi-Fi işarəsi niyə görünür?
Smartfonda iki Wi-Fi işarəsi niyə görünür?