![]()
Ötən il Aslan müəllimin 70 illik yubileyi münasibətilə paylaşdığım bu şəkilə, bu şeirə yenidən baxıram. Şeirin son misrasında onun ömür formulunu yazmışdım:
Sevgi üstəgəl zəhmət üstəgəl insanlıq...
İndi həmin formulun üzərinə bir də bir il əlavə olunub. 70 üstəgəl bir... 71!
Rəqəmlərin də öz dili, öz fəlsəfəsi var. Yetmiş bir sadəcə yetmişin ardınca gələn rəqəm deyil. Yeddinin müdrikliyinə birin başlanğıcı qoşulub. Bir - yenilikdir, davamdır, yeni səhifədir. Deməli, ömür kitabında daha bir səhifə yazılıb. Amma bu səhifənin dəyərini rəqəm yox, onun içindəki mənalar müəyyənləşdirir.
Aslan Ağakişiyevin ömür kitabının ilk səhifələri İsmayıllının Buynuz kəndində yazılıb. Buynuz kənd məktəbinin ilk buraxılışlarından biri olmaq, sonralar həmin məktəbdə təhsil alanlara nümunə göstərilmək hər adama nəsib olan tale deyil.
Bir vaxtlar kənddən Moskvaya uzanan elm yolu çoxları üçün əlçatmaz görünürdü. Amma oxumaq həvəsi, elmə maraq, öyrənmək eşqi insanı məsafələrdən, maneələrdən daha uzağa aparır. Aslan müəllim də bu həvəsin gücü ilə Moskvaya qədər gedib, mikrobiologiyanın sirlərinə yiyələnib, müxtəlif elm ocaqlarında çalışıb. Kimyaçı alim kimi qazandığı bilikləri müəllim olaraq neçə-neçə nəslə ötürüb.
Deyirlər, yaxşı müəllim şagirdinə hazır cavablar vermir, ona düzgün suallar verməyi öyrədir. Aslan müəllimin yetişdirdiyi şagirdlərin kimya elminə maraq göstərməsi, bu sahəyə həvəslənməsi onun müəllimlik fəaliyyətinin ən gözəl nəticəsidir. Axı müəllimin ömrü təqvim yaşı ilə bitmir. O, yetişdirdiyi şagirdlərin düşüncəsində, qazandığı uğurlarda yaşamağa davam edir.
Bu gün Aslan müəllim təqaüddədir. Amma insanın elmdən, mütaliədən, düşünməkdən təqaüdə çıxması mümkün deyil. Onunla kimyadan da danışmaq olar, poeziyadan da, dindən də, ailə və cəmiyyət münasibətlərindən də. Son zamanlar dini araşdırmalara maraq göstərməsi də öyrənmək və dərk etmək istəyinin davamıdır. Çünki bilik insanın dünyasını, mütaliə isə o dünyanın sərhədlərini genişləndirir.
Təhsil və elm sevgisi onun ailəsində də öz davamını tapıb. Qızı həkim, oğlu kimya müəllimidir. Bu il nəvəsinin yüksək balla ADA Universitetinə qəbul olunması isə babanın sevincinə daha bir sevinc qatıb. Nəvəsinin uğurunda öz ömründən, öz zəhmətindən, illərlə aşıladığı dəyərlərdən bir pay görmək necə də gözəldir!
Bəlkə də, insanın ən böyük xoşbəxtliyi öz ömrünün davamını övladlarında, nəvələrində, yetirmələrində görməsidir.
Aslan müəllim, ötən il yazdığım şeirdə ömrünüzün düsturunu sevgi, zəhmət və insanlıqla ifadə etmişdim. Bu gün həmin düstura bir də müdriklik, təcrübə, mütaliə həvəsi və nəvə sevinci əlavə etmək istəyirəm.
70 üstəgəl bir... Rəqəmlər dəyişir, amma insanın dəyərini müəyyənləşdirən keyfiyyətlər dəyişmirsə, deməli, ömür öz mənasında davam edir.
71 yaşınız mübarək, Aslan müəllim!
Qoy bundan sonrakı illəriniz də sağlamlıq, ailə səadəti, elmi və mənəvi axtarışlar, xoş söhbətlər, nəvələrinizin uğurları ilə zəngin olsun.
Öyrətməkdən yorulmayan, öyrənməkdən doymayan insanlara EŞQ OLSUN!
Bəhruz Məmmədov