![]()
Milli Məclisin bugünkü plenar iclasında küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq sonuncu — üçüncü oxunuşda qəbul edilib. Bununla əlaqədar Əmək Məcəlləsinə müvafiq dəyişikliklər olunub.
Qanun layihəsinə əsasən, açıq şəraitli iş yerlərində, o cümlədən həmin iş yerləri üzrə qurğularda küləkli havada çalışan işçilərə müəyyən olunmuş qaydada fasilələrin verilməsi və ya işin tam dayandırılması təmin ediləcək.
Həmçinin yeni tənzimləməyə görə, küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə yalnız həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş xüsusi hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda isə qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda istisnasız olaraq dayandırılacaq.
Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib.("Yeni Sabah")