![]()
Fransada kütləvi etirazlar müvəqqəti səngisə də, hadisələrin yenidən başlaya biləcəyi istisna edilmir. Ölkədə bu cür aksiyaların vaxtaşırı təkrarlanması problemin həll olunmadığını göstərir.
Bu fikirləri mövzu ilə bağlı Publika.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib.
“Fransanın şəhərlərində hər üç, beş, on ildən bir belə kütləvi etirazların, yağmalamaların, maşınların yandırılmasının şahidi oluruq. Bunların qarşısı əslində alınmır. Alınsa idi, hər dəfə eyni hadisələr təkrarlanmazdı”, - deyə politoloq bildirdi.
Elxan Şahinoğlu qeyd etdi ki, Fransa prezidenti Emmanuel Makron da bu hadisələrin qarşısını almaqda acizdir. Ona görə də, məktəblilərin etirazı ilə başlayan kütləvi aksiyalar sonradan talanlarla davam etdi.
Politoloq baş verənlərin gələn ilin aprelində Fransada keçiriləcək prezident seçkiləri ilə də əlaqəli ola biləcəyini vurğuladı. O bildirdi ki, Makron artıq iki dəfə prezident seçildiyindən, üçüncü dəfə namizədliyini irəli sürməyəcək.
“Bu baş verənlərdə siyasi rəqabətin əlamətlərini də görmək olar. Artıq indidən siyasi hərarət yüksəlir”, - deyə Elxan Şahinoğlu əlavə etdi.
Politoloqun fikrincə, baş verənlərə görə Makron özü də məsuliyyət daşıyır.
"Fransa prezidenti insanların hüquq və təhlükəsizliyini qoruya bilmir, mağazalar talan edilir, vətəndaşlara maddi və mənəvi ziyan dəyir. Makronun zamanı artıq bitmək üzrədir. Prezidentliyə real namizədlər isə yaxın aylarda sərt təbliğata başlayacaqlar”, - deyə politoloq fikrini yekunlaşdırıb.