![]()
İranın artan hücumları fonunda Hörmüz boğazı yaxınlığında iki konteyner gəmisi batıb. Gəmilər raketlərlə vurulub və artan hücumlar İranın ABŞ-dakı ara seçkilərdən əvvəl su yolunu bağlamağa çalışdığını göstərir.
Bu barədə “The Guardian” nəşri yazıb.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, son 48 saat ərzində Hörmüz boğazı ətrafında tankerlərə və digər kommersiya gəmilərinə pilotsuz uçuş aparatları ilə hücumlar da daxil olmaqla, azı beş insident qeydə alınıb. Yalnız bazar günü altı gəminin hücuma məruz qaldığı bildirilir.
Sinqapur bayrağı altında üzən "GFS Pride" konteyner gəmisi çərşənbə günü batıb. Antiqua və Barbuda bayrağı altında üzən "Cape Dao" gəmisi isə sentyabrın 23-də boğaz yaxınlığında mərmi zərbəsi nəticəsində batıb. "GFS Pride" gəmisinin 2500 konteyner daşıdığı bildirilir.
İran tərəfi "GFS Pride" gəmisinin icazəsiz marşrutla hərəkət edərkən dəniz minasına düşdüyünü iddia edib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında gəminin “qanunsuz və təhlükəli marşrut” kimi seçildiyi bildirilib. Tehran dəfələrlə gəmiləri icazə olmadan boğazdan keçməməyə çağırıb.
“The Financial Times” qəzetinin təhlilinə görə, iki həftə ərzində bölgədə 24 gəmiyə hücum edilib. Onların arasında neft məhsulları daşıyan üç tanker və xam neft tankerləri də olub.
Nəşr yazır ki, hücumların intensivləşməsi Hörmüz boğazından neft daşımalarının azalmasına səbəb olub. İran rəsmilərinin sözlərinə görə, Tehran ABŞ və müttəfiqlərinin dünya bazarında neft qiymətlərini aşağı salmaq səylərinə mane olmaq üçün gəmilərə qarşı yeni taktikalardan istifadə etməyə başlayıb.
İran rəsmiləri bu strategiyanın noyabrın 3-də keçiriləcək ABŞ aralıq seçkilərinə təsir göstərmək məqsədi daşıdığını iddia ediblər. Məlumata görə, müharibə başlayandan sonra ABŞ-da yanacağın qiyməti təxminən 70 faiz artıb.
ABŞ hərbi rəsmisi də İranın taktikasını dəyişdiyini təsdiqləyib. Onun sözlərinə görə, İranın radar sistemlərinin böyük hissəsi məhv edildikdən sonra SEPAH potensial hədəfləri, o cümlədən ABŞ hərbi gəmilərini müəyyənləşdirmək üçün kiçik qayıqlarda silahsız müşahidəçilərdən istifadə etməyə başlayıb.