
Goranboy rayonunun Baxçakürd kənd sakinləri Teyyub Abbasov adına kənd orta məktəbində qarovulçu vəzifəsinə işə qəbul prosesi ilə bağlı Elm və Təhsil Nazirliyinə kollektiv şikayət ünvanlayıblar.
Şikayət müəllifləri bildirir ki, vakansiyaya müraciət edənlər arasında 3 Vətən müharibəsi iştirakçısı, 1 Qarabağ qazisi və 1 şəhid ailəsi nümayəndəsi olub. Onların sözlərinə görə, bu şəxslər işə qəbul edilməyib, əvəzində isə hərbi xidmət keçmədiyi bildirilən başqa namizər işə götürülüb.
Sakinlər bu qərarın hansı meyarlar əsasında verildiyini və seçim prosesinin nə dərəcədə şəffaf aparıldığını sorğulayırlar.
Kollektiv müraciətdə Elm və Təhsil Nazirliyindən Goranboy rayon Təhsil sektorunun müdiri Vüsal adlı şəxsin və məktəbin direktoru Lalə Əliyevanın prosesdəki fəaliyyətinin araşdırılması xahiş olunur.
Şikayətçilər xüsusilə namizədlərin hansı meyarlarla qiymətləndirildiyinin, Vətən müharibəsi iştirakçıları, Qarabağ qazisi və şəhid ailəsi nümayəndəsinin hansı səbəbdən işə qəbul edilmədiyinin, eləcə də seçilən namizədin hansı əsaslarla işə götürüldüyünün araşdırılmasını istəyirlər.
Müraciət müəllifləri bildirirlər ki, məqsədləri hər hansı şəxsi əvvəlcədən təqsirli elan etmək deyil. Onlar işə qəbul prosesinin obyektiv və şəffaf şəkildə araşdırılmasını və nəticə barədə rəsmi cavab verilməsini tələb edirlər.
Şikayətdə həmçinin araşdırma zamanı qanun pozuntusu və ya vəzifədən sui-istifadə faktı müəyyən ediləcəyi təqdirdə, məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülməsi xahiş olunur.
Korrekt.az olaraq məsələnin digər tərəfinin – Elm və Təhsil Nazirliyinin, Goranboy rayon Təhsil sektorunun və məktəb rəhbərliyinin mövqeyini də dərc etməyə hazırıq.