veten informasiya agentliyi

“Netflix” və “eBay” Azərbaycanda vergi ödəyəcək - Qayda dəyişdi

Tarix:24-08-2026, 12:13
Baxış Sayı:2



Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması ilə bağlı sentyabrın 1-dən etibarən yeni mexanizm tətbiq ediləcək. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycanda vergi uçotunda olmayan şəxslərə elektron xidmətlər göstərən qeyri-rezident elektron ticarət platformasının ölkəmizdəki illik dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdə, həmin şirkətlər 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Bu tələb cari ilin sentyabr ayında qüvvəyə minəcək.

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni qaydaların tətbiqinə hazırlıq məqsədilə Dövlət Vergi Xidməti tərəfindən Azərbaycanda elektron xidmətlər göstərən qeyri-rezident elektron ticarət platformaları ilə məlumatlandırma və kommunikasiya işləri aparılır. Hazırda qeydiyyat prosesi davam edir. Qeydiyyata alınmış elektron ticarət platformaları barədə məlumat Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilir və bu günədək qeydiyyatdan keçmiş şirkətlərin siyahısı ilə həmin səhifədə tanış olmaq mümkündür.

Yeni mexanizm yalnız vergi orqanlarında uçotda olmayan şəxslərə göstərilən elektron xidmətlərə şamil edilir. Belə şəxslərə təqdim edilən rəqəmsal xidmətlər üzrə ƏDV qeyri-rezidentlər tərəfindən dövlət büdcəsinə ödəniləcək.

Rəqəmsal xidmətlərdən sahibkarlıq məqsədilə istifadə edən və vergi uçotunda olan şəxslər qeyri-rezident elektron ticarət platformasının sistemində VÖEN-lərini düzgün qeyd etməlidirlər. VÖEN-lər daxil edildiyi halda qeyri-rezident elektron ticarət platforması ƏDV-ni xidmətin dəyərinə əlavə etmir və vergi ödəyicisindən tutmur, xidmətdən istifadə edən vergi ödəyicisi isə müvafiq ƏDV-ni qanunvericilikdə nəzərdə tutulmuş qaydada özü hesablayaraq dövlət büdcəsinə ödəyir. Buna görə də vergi ödəyiciləri xidmətlərdən istifadə edərkən vergi statuslarına dair məlumatları düzgün və tam təqdim etməlidirlər.

Bununla yanaşı, yeni mexanizmin əhatə etdiyi elektron xidmətlərin dairəsi müvafiq qanunvericiliklə müəyyən edilib. Belə ki, Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü il tarixli 387 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən, elektron ticarət çərçivəsində təqdim edilən iş və xidmətlərə elektron kitabların, musiqi, audio və video materialların, qrafik təsvirlərin, virtual oyunların və proqram təminatlarının yüklənməsi, internetdə reklamların yerləşdirilməsi, eləcə də internet vasitəsilə göstərilən digər oxşar xidmətlər aiddir.

Əlavə olaraq bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha 4 beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.

Qeydiyyata alınmış şirkətlər ABŞ-ın "Anthropic, PBC" və "Aghanim Inc.", İsveçrənin "eBay Marketplaces GmbH", eləcə də Niderlandın "Netfliks International B.V." şirkətləridir. Bu şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.

Din, uşaqların gələcəyi və seçim azadlığı
Din, uşaqların gələcəyi və seçim azadlığı
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
Pezeşkian İrəvandadır
Pezeşkian İrəvandadır
Mətbuat Şurasının IX qurultayı keçirilir
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb