veten informasiya agentliyi

Vətən müharibəsinin yeddinci günü - Suqovuşan və başqa bir neçə kəndimiz işğaldan azad edilir

Tarix:3-10-2025, 09:50
Baxış Sayı:126

 Vətən müharibəsinin yeddinci günü - Suqovuşan və başqa bir neçə kəndimiz işğaldan azad edilir

2020-ci il oktyabrın üçü - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin yeddinci günü. Şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir.




Döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən, ilk günlərdə olduğu kimi, müharibənin yeddinci günündə də qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır. Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləbad, Qazyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcabədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tap Qaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulur.




Ermənistan ordusunun Tərtər rayonunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha iki mülki vətəndaş - Qapanlı kənd sakinləri, 1984-cü il təvəllüdlü Vasif Qasım oğlu Quliyev və 1985-ci il təvəllüdlü Pərviz Cəfər oğlu Quliyev xəsarət alırlar.




Ermənistan silahlı qüvvələrinin Beyləqan şəhərinin müxtəlif istiqamətlərində də dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması ilə şəhər sakinləri - 1976-cı il təvəllüdlü Zülfiyyə İsgəndər qızı İsmayılova və bacısı, 1998-ci il təvəllüdlü Arzu İsgəndər qızı Əsədova yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olur, eyni zamanda şəhərin müxtəlif yerlərinə düşən top mərmilərinin qəlpələrindən 1982-ci il təvəllüdlü şəhər sakinləri - Etibar Təvəkkül oğlu Balakişiyev və 1969-cu il təvəllüdlü Sevda Yaşar qızı Bəşirova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilirlər, çoxsaylı yaşayış evlərinə külli miqdarda ziyan dəyir.




Bütün bunlara baxmayaraq, müharibənin yeddinci günündə Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır. Belə ki, həmin gün bir neçə ərazimiz işğaldan azad edilir. Prezident İlham Əliyev özünün "X" səhifəsində Azərbaycan Ordusunun Madagizi işğaldan azad etdiyini və həmin ərazilərdə Azərbaycan bayrağının qaldırıldığını açıqlayır. Həmçinin, İlham Əliyevin verdiyi qərara əsasən, Madagizin tarixi adı olan Suqovuşan adı yenidən bərpa edilir. Azərbaycan Ordusu gün ərzində, həmçinin, Tərtər rayonunun Talış, Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad edir.







Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Madagiz - Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun dörd tankı məhv edilir, üç tankı isə qənimət götürülür. Həmçinin, Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın dörd ədəd avtomobil texnikası məhv edilir.




Təbii ki, müharibənin yeddinci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması, ərazilərimizin işğaldan azad edilməsi torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
“Netflix” və “eBay” Azərbaycanda vergi ödəyəcək - Qayda dəyişdi
“Netflix” və “eBay” Azərbaycanda vergi ödəyəcək - Qayda dəyişdi
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
Ağdaşda kişi arvadını və oğlunu bıçaqladı
Ağdaşda kişi arvadını və oğlunu bıçaqladı
Xırdalanda avtomobil yandı
Xırdalanda avtomobil yandı
Bərdədə piyadanı maşın vurub öldürdü
Bərdədə piyadanı maşın vurub öldürdü