veten informasiya agentliyi

Elşən QƏNİYEV – 60

Tarix:24-07-2025, 12:34
Baxış Sayı:196

Elşən QƏNİYEV – 60

HAMIYA DOĞMA ELŞƏN

Yaradıcı şəxsiyyət kimi formalaşıb boya-boy görsənmək, ədəbi ictimaiyyət arasında tanınmaq, qədirbilən xalq tərəfindən qəbul edilmək hər kəsə, hər qələm sahibinə nəsib olmur. Buna uzun illərin zəhməti, Allah vergisi olan istedad, bir də əxlaqi-mənəvi ucalığın saflığı, duruluğu imkan verir...
Azərbaycan mətbuatında xeyli müddət qələmini külüngə çevirmiş, dağlar qədər ucalıq və əzəmət qazanmış dəyərli ziyalı, maraqlı, məzmunlu yazıları ilə özünə oxucu auditoroyası qazanmış tanınmış jurnalist Elşən Qəniyevin yaradıcı şəxsiyyətində biz bu ucalığı, saflığı, duruluğu, ilahi vergi olan istedadı və uzun illərin gərgin zəhmətinin bəhrələrini görmüşük, müşahidə etmişik.

Təcrübəli jurnalist, istedadlı qələm sahibi və ssenaristin həyat yolu

Söz demək, ağıl vermək, nümunə olmaq səlahiyyətini qazanmaq çətindən-çətindir. Təcrübəli jurnalist, istedadlı qələm sahibi və ssenaristin həyat yolu sübut edir ki, fikri, sözü və əməli ilə, müdrikliyi, ağlı və kamalı ilə, əxlaqının və qəlbinin təmizliyi ilə örnək olan Elşən Qəniyev müasir jurnalistikamızın aparıcı simalarından biridir, ovxarlı qələmə malik cəsarətli, obyektiv, prinsipial ziyalısıdır.
Belə bir publisist ricətdən, bəlkə də monoloqdan sonra, Elşən qardaşım, üzümü sənə tutub bir sıra fikirlərimi, mülahizələrimi həm səninlə, həm də illər boyu rəğbətini qazandığın oxucularınla, ədəbi ictimaiyyətimizlə bir həmkarınız kimi bölüşmək istərdim.
Çünki indiki halda, elə bilirəm ki, müasir jurnalistikaya, jurnalistlər korpusuna sənin kimi təcrübəli, səriştəli, zəhmətkeş, ən ümdəsi isə obyektiv, prinsipial, peşəsinə və qələminə daim hörmət edən yaradıcı bir jurnalistin təcrübəsi çox-çox lazımdır. Nə gizlədim, sənin qələmə aldığın bir-birindən maraqlı yazılarını, bədii oçerklərini zaman-zaman izləmişəm, əlimə keçən, vərəqlədiyim publisistik yazılarını oxuduqca zövq almışam, bir sözlə, təqdir etdiyim hallar daha çox olub...
Elşən Qəniyevin bir jurnalist kimi bu publisitikasından boylanan obrazı ilə həyatda tanıdığım, ziyalı, insan Elşən Qəniyev şəxsiyyəti arasında qəribə bir uyarlığın, oxşarlığın vəhdətini görmüşəm. Həmçinin bu yaradıcılıq toplusu son yarım əsrdə Elşən jurnalistikasının keçdiyi yolun həyəcanlı, daş-kəsəkli, toz-dumanlı, fəxarətli, öyünməli, yaxşılı-yamanlı obyektiv, real bədii salnaməsidir... Əsl azərbaycanlı jurnalistinin, qələm sahibinin, ziyalının real, bədii obrazı. Rəftar və davranışında təmkinini saxlayan, ələm, kədər və ağır günlərində heç vaxt sarsılmayan, bayağı şöhrətə aludə olmayan, babalardan yurddan gələn vüqarı, əyilməzliyi, adət və ənənəni, ağayana kişiliyi özündə cəmləşdirən, qələmində, yazılarında, yaradıcılığında obyektivliyi, prinsipiallığı, mübarizliyi, insafı, mürvəti qoruyan – Elşən Qəniyev...

ŞƏRƏFİNİ, NÜFUZUNU QORUYAN BİR İNSANIN ÖMRÜNƏ HOPMUŞ HƏYAT GERÇƏKLİYİ

Sənin yaradıcılığın böyük həyat təcrübəsi keçmiş, ömrü boyu bu sahənin şərəfini, nüfuzunu qorumuş bir insanın ömrünə hopmuş həyat gerçəkliyinin real, sənədli, xatirələrlə zəngin bədii təfəkkürünün məhsulu kimi qiymətlidir, örnəkdir, həyat dərsliyidir. Səndə cəmləşən bu xarakter, bu xasiyyət, bu şəxsi keyfiyyətlər, deyərdim ki, müasir jurnalistikamız üçün hava və su kimi lazımdır.
Sənin tərcümeyi-halına nəzər salsaq, dediklərimin əyani sübutunu görə bilərik.
Elşən Qəniyev 1982-ci ildə Ucar rayonunun Qazyan kəndindəki Nizami adına kolxozda kolxozçu kimi ilk əmək fəaliyyətinə başlayıb. 1983-cü ildə o zamankı Azərbaycan Dövlət Universitetinin, indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə (qiyabi) daxil olub. 1984-1986-cı illərdə Rusiyanın Çita vilayətində Sovet ordusu sıralarında xidmət edib. Orduda nümunəvi xidmətinə görə o zamankı SSRİ-nin Müdafiə Nazirliyi tərəfindən “Əla hərbi inşaatçı” döş nişanı, qiymətli hədiyyələr, eləcə də ÜİLKGİ MK-nın laureatı adına layiq görülüb. 1986-cı ildə Sovet ordusundan tərxis olunduqdan sonra Ucar rayonunun “Nizami” kolxozunda komsomol komitəsinin katibi işləyib.
E.Qəniyev 1987-ci ilin oktyabr ayından 1991-ci ilin avqust ayına kimi Ucar rayonunda çıxan “Yeni söz” qəzetində yerli radio verilişlərinin diktoru, teletaypçı müxbir, kiçik ədəbi işçi, ədəbi işçi, müxbir və kənd təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışıb. O, daha sonra 1991-ci ilin avqust ayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının orqanı olan “Ülfət” qəzetinə işə dəvət olunub və 1992-ci ilin avqust ayına kimi orada müxbir vəzifəsində işləyib.
Bir müddət Rusiyada yaşayıb. Vətənə qayıtdıqdan sonra müstəqil jurnalist kimi fəaliyyət göstərməyə başlayıb. Hazırda Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində müxbir işləyir.
Yaşadığı illərdə bir sıra mətbuat orqanlarında “Azadlıq hökmü” adlı povesti, “İki tale” hekayəsi, onlarca publisistik məqalələri dərc olunub. “Ağarəhim yaradıcılığının özəllikləri” adlı monoqrafiyası çap olunub.
Yazıçı-ssenarist Elşən Qəniyev həmçinin “Xalqa həsr olunmuş ömür” (2016-cı il), “Səngərdə açılan səhər” (2017-ci il), “Ruhum sözümdür” (2017-ci il), “Qəhrəman Tərtər” (2018-ci il), ”Zirvəyə doğru” (2018-ci il), “Sumqayıt-Xəyalların gerçəkləşdiyi şəhər” (2018-ci il), “Zirvədən zirvəyə” (2018-ci il), “Qələbəyə gedən yol-Müsüslü döyüşləri” (2018-ci il), ”Vətən üçün yaşanmış ömür” (2019-cu il) sənədli filmlərinin müəllifidir.
Bütün bu əziyyətlərinin, yuxusuz gecələrinin nəticəsi kimi, mətbuatda çoxillik səmərəli fəaliyyətinə görə 2012-ci ildə Azərbaycan jurnalistlərinin “Qızıl qələm” mükafatı laureatı adına layiq görülüb.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Ailəlidir, Rəmzi və Türkay adlı iki övladı, Fatmanur adlı bir qız nəvəsi var.

ƏSL JURNALİST NECƏ OLMALIDIR

Bunlardan sonra sənin heç bir rəsmi dərslikdə tapmadığımız “Əsl jurnalist necə olmalıdır?” sualına real, həyati və bədii detallarla zəngin cavab tapırsan. Və bir də inanırsan ki, əsl jurnalisti məktəbdən, universitetdən, xüsusi kafedradan, fakültədən daha çox həyat özü, mühit özü, milli təfəkkür özü yetişdirir...
Əziz qardaşım, tərcümeyi-halınla, həyat təcrübənlə bunları bir daha gerçəkdən-gerçəyə inandırmısan. İnandırmısan ki, jurnalistin həyatı, qələmi, istedadı xalqına, torpağına, millətinə, dövlətinə bağlı olmalı, onun qələminə bütün şirinlik, şəhdbal bu mübarək, müqəddəs mənbələrdən süzülüb gəlməlidir.
Sənin iti qələmin, cəsarət və mübarizliyin, obyektivliyin və prinsipiallığın həmişə səni bir jurnalist kimi fərqləndirib və bu, müasir gənc jurnalistlərimiz üçün əyani bir örnəkdir. Sən heç vaxt şəxsi hislərinin əsiri olmamısan, həmişə obyektivliyini qorumağa çalışmısan, əmək fəaliyyətinin az hissəsi sovet senzura sisteminə düşsə də, senzura maşınının qarşısında boynunu bükməmisən, vüqarını saxlamısan. Sənin qələmindən süzülüb gələn aydın fikirlərdən bu qənaətə gələ bilərəm ki, türk kişisi peşəsindən asılı olmayaraq elə hər yerdə türk kişisidir.
Jurnalist dünyanın ziddiyyətləri ilə həmişə qabaq-qənşər dayanmalı olur. Bu dünyada yaxşılıq da var, pislik də, xeyir də var, şər də, rəhm də var, zülm də. Jurnalist həmişə bu ikiliyin məngənəsi arasında qalmalı olur, sıxılır, vurulur, boğulur, tamah, umacaq, nəfs qara ilana dönüb qələmə dolaşır... Amma bütün bunlara baxmayaraq əsl, vicdanlı, dərrakəli jurnalist haqqı nahaqqa verməməli, həqiqəti boğmamalıdır. Zülmün, pisliyin, şərin, nəfsin qarşısında qorxub çəkinməməli, qələminin heyrətamiz gücünə, saflığına, sözün bəkarətinə sığınmalıdır.
Zənnimcə, indi – müstəqilliyimizin, dövlətçiliyimizin, demokratik təsisatlarımızın indiki məqamında, keçid mərhələsinin doğurduğu eybəcərliklərin törəmələrindən qorunmaq üçün bizə xarakterli, prinsipial, mövqeyi olan, haqqı nahaqqa boğdurmayan, mübariz, qorxmaz, əyilməz, dövlətçiliyimizi, milliliyimizi, milli istəklərimizi uca tutan jurnalistlər nəsli daha çox lazımdır. Səndə də bu keyfiyyətlər cəmləşib.

MƏSLƏKİ, MƏRAMI DÜZLÜK, HALALLIQ OLAN JURNALİST-YAZIÇI ELŞƏN QƏNİYEV

Jurnalist olan kəs hər bir fakta təmənnasız, öz vicdanının ölçüsü ilə yanaşmalı, obyektivliyi, ictimai mənafeyi üstün tutmalıdır.
Sən beləsən. Sən bizləri də, indiki jurnalistləri də belə təmiz, obyektiv, prinsipial görmək istəmisən, təcrübəli, peşəkar jurnalist Elşən Qəniyev. Yalançılığa, yaltaqlığa, yarınmaq həvəsində olanlara qəzəbnak Elşən Qəniyev. “Yalançılıq, yaltaqlıq, yarınmaqlıq biqeyrətlik kimi həmişə adamın başını aşağı əyər”, – deyən məsləki, məramı düzlük, halallıq olan jurnalist-yazıçı Elşən Qəniyev.
Atalar yaxşı deyiblər: “Çox oxuyan çox bilməz, çox gəzən çox bilər”. Amma sən həm çox oxumuş, erudik bir ziyalısan, həm də yurdumuzun, Azərbaycanımızın hər dağına-daşına, bölgəsinə, ən ümdəsi insanlarına yaxından bələd bir səyyahsan. Təcrübə, görüb-götürmək, dərk edib qiymətləndirmək, real fakta, sənədə söykənmək, jurnalist üçün böyük peşə keyfiyyətlərindəndir. Gərək jurnalist əldə etdiyi faktları bir-bir dəqiqliyi ilə yoxlasın, süzgəcdən keçirsin, daxilən inansın, təmiz əqidəyə sarılaraq qələmə əl atsın. İstər tərifdə, istər tənqiddə faktı təsdiqləyən inam, insaf, sənəd gərəkdir. Belə olan halda onun vicdanının da, qələminin də səsini hamı eşidəcək, hamı onu duyacaq, hamı ona inanıb hörmət bəsləyəcəkdir. Elşən qardaşım, sənin jurnalist etikanda və prinsipiallığında bir cəhəti də qeyd etməyə bilmirəm. Bu da sənin həmişə “haqsız güclünün yox, haqlı gücsüzün, zəifin tərəfində durmaq” prinsipindir. Müasir jurnalistlər üçün necə də gözəl bir əxlaqi-mənəvi peşə örnəyidir...

QƏLƏMİNİN, SÖZÜNÜN, PEŞƏSİNİN SAHİBİ

Adamlar müəyyən narazılıqla üzləşəndə, süründürməçilik və baxımsızlıqla rastlaşanda ümidgah yeri kimi həmişə jurnalistə üz tuturlar. Gərək jurnalist şəxsiyyəti də, bu səlahiyyəti də qazansın, heç nə-dən çəkinmədən düzlüyü sevsin. Haqqı tapdananda, hər yerdən əli üzüləndə insanlar jurnalistə sığınır, ondan kömək umurlar. Düzə, haqqa isə zaval yox-dur. Jurnalist sözü haqqı müdafiə edəndə, kəsərli olanda hamı, bütün ictimaiyyət onun tərəfində olur, jurnalist sözünə dayaq dururlar...
Əziz qardaşım, sən mürəkkəb, kağız korlayan qələm sahiblərindən deyilsən. Sözün həqiqi mənasında, qələminin, sözünün, peşənin sahibisən. Təcrübəli jurnalistə məxsus söz mülkünün, jurnalist taxtının sahibi kimi dövlət qəzetinin əməkdaşısan, özünün öyrəniləsi, nümunə göstəriləsi ənənələri olan “Azərbaycan” qəzetinin müxbirisən. Bu qəzetdə də sənin yaradıcılığından, təcrübəndən həmin mənada öyrənməli şeylər çoxdur.
Sən sözü dağ eləyib qələmə alan söz sahibisən. Dünya gör-götür dünyasıdır. Görüb görməməzliyə vurmaq və ondan bir məna, mahiyyət əxz etməmək korafəhmlərin işidir. Sözü bişirə-bişirə yazıya gətirdiyindən sözünün dadı-tamı, duzu duyulur. Bu dad, tam, duz eldən gəlir, xalqdan gəlir, folklo-rumuzun daşından süzülür. Sənin üslubunun təbiiliyi, təhkiyənin milliliyi də öz mayasını el xəzinəsindən götürür.

DOSTLUĞUN VƏ İNSANLIĞIN LƏYAQƏT SİMVOLU

Yaşadığı 60 illik ömür yolunu şərəflə, ləyaqətlə başa vuran Elşən Qəniyev bu ömür yolunda, özünün dediyi kimi, adi seyrçi olmadı. Həyatın bütün çətinliklərinə ədəb-ərkanla, ağılla sinə gərdi, işlədiyi bütün sahələrdə öz dəsti-xəttini qoydu, neçə-neçə kitab yazdı, Azərbaycan mətbuatında, aparıcı qəzet və jurnallarda ölkəmizin uğurları haqqında olduqca dəyərli publisistik məqalələr dərc etdirdi. Yaşamağın mənasını yorulmadan işləməkdə, öz ideyası uğrunda mübarizə aparmaqda vətəninə, xalqına, insanlara xidmətdə görən E.Qəniyev hamıya doğmadır, o, dostluğun və insanlığın ləyaqət simvoludur...
Və sonda... Həyatda çox insanla rastlaşıb tanış olursan. Bu tanışlıq bəzən uzun illəri əhatə etsə də, müəyyən müddət keçdikdən sonra onlardan bir çoxunu unudursan. Şəxsən mənim on il orta məktəbdə, beş il universitetdə bir yerdə oxuduğum, yaxud iki il eyni hərbi hissədə qulluq etdiyim, eləcə də neçə müddət əvvəl iş yoldaşı olduğum tanışlarımın bir çoxunun adı, soyadı, hətta görkəmi belə yaddaşımdan silinib... Elə insanlar da olur ki, onları bircə dəfə görürsən, hətta kəlmə kəsməsən belə, yaddaşa əbədi həkk olunur, ömür boyu unuda bilmirsən. Söhbətimiz belə unudulmaz insanlardan biri haqqında oldu...
Bəli, çoxuna nəsib olmayan şərəfli bir ömür yaşayır Elşən Qəniyev…
Sənin ömrünün 55-ci ilinə bir yazı yazmışdım. Bu yazımın da sonunu elə həmin sonluqla tamamlamaq istəyirəm.
Bu gün hörmətli dostum, qardaşım Elşən Qəniyev yaradıcılığının ən gözəl çağlarını yaşayır. Yaşı 60-a çatsa da, ürəyi hələ ki, cavandır. Yaşamaq eşqi, yazıb-yaratmaq əzmi aşıb-daşır. Onun yaradıcılığı yuxarıda qeyd etdiyim kimi hərtərəfli və zəngindir.
Sonda Elşən qardaşıma 100 il ömür arzulayıram ki, hələ uzun illər uca Allah tərəfindən ona bəxş edilmiş istedadı onun yaşayıb-yaratmaq eşqindən, yaradıcılıq əzmindən, cəfasından və zəhmətindən güc-qüvvət alsın və bizi yeni-yeni əsərləri ilə sevindirsin.

Uzun ömür və yaradıcılıq uğurları arzusuyla

Daşdəmir ƏJDƏROĞLU

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı