veten informasiya agentliyi

BU DÜNYA İLƏ ZAMANSIZ VİDALAŞAN ƏŞRƏFİN ƏZİZ XATİRƏSİNƏ

Tarix:27-05-2025, 12:13
Baxış Sayı:126

BU DÜNYA İLƏ ZAMANSIZ VİDALAŞAN ƏŞRƏFİN ƏZİZ XATİRƏSİNƏ
Bir neçə gün əvvəl faciəvi şəkildə avtomobil qəzasında həyatını itirən Əşrəf Mirzəyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dördüncü kursunu bitirərək ay sonra əsgərliyə getməyə hazırlaşırdı. Amma amansız qəza onu qəflətən həyatdan qopardı.

BU DÜNYA İLƏ ZAMANSIZ VİDALAŞAN ƏŞRƏFİN ƏZİZ XATİRƏSİNƏ
Əşrəfin atası Nəsrəddin Mirzəyev müharibə veteranı idi. 1992-ci ildən 1996-cı ilədək torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Əvvəlcə Sədərək döyüşlərindən başlanan döyüş yolu Qazaxda Kəmərli döyüşlərinə qədər davam etmişdi. Bir neçə dəfə yaralanmışdı. Elə ömrünün 46-cı ilində, 2019-cu ildə qəflətən dünyadan köçməyi də müharibə zamanından bədənində daşıdığı qəlpələrə, aldığı travmalara görə olmuşdu. Nəsrəddin Mirzəyev oğlu Əşrəfə vətən sevgisini, zəhmət çəkməyi, ailənin qayğısına qalmağı hələ uşaqlıqdan öyrətmişdi. O, dünyasını dəyişəndə Əşrəf orta məktəbin son sinifindəydi, universitetə hazırlaşırdı. Atasının qəflətən vəfat etməsi onun üçün ağır olsa da, Əşrəf atasını itirdikdən sonra yaşadığı stresslərə baxmayaraq universitetə qəbul olmaq üçün bütün gücünü topladı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul oldu. Axı onun yaxşı təhsil alması, vətənə, dövlətə yararlı bir vətəndaş olması həm də müharibə veteranı olan atasının istəyi idi. Atasının vəfatından sonra Əşrəf üçün heç bir şey asan olmadı, hər uğuru öz zəhməti ilə əldə etdi. Ən çətin vəziyyətlərdə belə necə möhkəm olduğunu onu tanıyanlar yaxşı xatırlayır. Əşrəf universitetdən qayıdandan sonra müxtəlif işlərdə işləyərək həm təhsil xərclərini qarşılayır, həm də ailəsinə dəstək olurdu. Anası, iki bacısı və bibisi ona atasının əmanəti idi və onların daha yaxşı yaşaması üçün bütün əziyyətlərə qatlaşırdı. İki bacısına təmtəraqlı toy etdi, atalı qızlardan seçilməmələri üçün onları bütün ehtiyaclarını ödəyəcək hər növ cehizlə yola saldı. Əşrəf ətrafındakı hər kəsə kömək etməyə çalışırdı, çünki o həm də yaxşılığa inanan, həyatını başqalarının yaxşılığına həsr edən bir insan idi. Onun məqsədi yalnız özünü inkişaf etdirmək yox, ətrafındakıların həyatını da yaxşılaşdırmaq idi. Əşrəf yalnız yaxın dostları, müəllimləri və tələbə yoldaşları üçün deyil, həm də onu tanıyan hər kəs üçün əhəmiyyətli bir insan idi. O, həyatın gözəlliklərini, hər anını dəyərləndirməyi bilirdi. Səmimi və təvazökar xarakteri ilə həmişə ətrafındakılara özünü sevdirməyi bacarırdı. Əşrəf yalnız yaxınlarının və dostlarının deyil, hər bir tanışının, hətta sadəcə bir neçə dəfə qarşılaşdığı insanların da yaddaşlarında qalacaq bir insan idi. Bugün yaşadığı ərazidə, oxuduğu universitetdə, qohumları, iş yoldaşları, onu tanıyan hər kəs Əşrəfin səmimi, mehriban, zəhmətkeş, vətənpərvər, dostluğa sadiq biri olduğunu deyir, onu xoş xatirələrlə xatırlayır. Təəssüf ki, həyat bəzən bizə belə gözlənilməz və ağrılı anlar yaşadır. Avtoqəza hər il dünyadan qopardığı yüzlərlə gənc kimi Əşrəfin ömrünü də yarıda qoydu. O, məzarını tez-tez ziyarət edərək dərsdləşdiyi, çox sevdiyi atasına qovuşdu, onunla yan-yana uyuyur. Bir zamanlar atasını ziyarət etdiyi o məkan artıq Əşrəfin özünün son mənzilinə çevrilib. Hər dəfə dayandığı yerdə indi onun özünün məzarı var. Amma hər zaman yadda saxlamalıyıq ki, Əşrəf yalnız bədənini itirdi, ruhu isə bizimlədir. Onun xatirəsi hər zaman doğmaları, dostları ilə yaşayacaq.
BU DÜNYA İLƏ ZAMANSIZ VİDALAŞAN ƏŞRƏFİN ƏZİZ XATİRƏSİNƏ
Əşrəf, sən heç vaxt unudulmayacaqsan !
Sənin xatirən sevənlərinin qəlbində əbədi yaşayacaq. Dostların, qohumların, müəllimlərin, tələbə yoldaşların və tanıyan hər kəs səni xoş xatirələrlə yad edəcək.

ÜMİDLƏR PUÇ OLDU
Bir ümid işığı görürdü anan,
Sənin gözlərində, baxışlarında.
Gülüşün sükuta qərq oldu, Əşrəf,
O ümid işığı söndü bir anda.

Gözünü açandan qəhrəman atan,
Vətən sevgisini öyrətdi sənə.
Keşiyin çəkməyə yollanacaqdın,
Atan keşik çəkən ana vətənə.

Tələbə ömrünün son vidasını,
Sevinclə yaşamaq nəsib olmadı.
Əşrəf, diplomunu almaq arzusu,
Sənin ürəyində əbədi qaldı.

Son dəfə çıxdığın sonsuz yolları,
Bir qəza zamansız yarıda kəsdi.
Sənin sevgin ilə isinən qəlbdə,
Həsrətin küləyi tufantək əsdi.

Sənli ümidləri puç olan anan,
Yaralı qəlbinə şəklini basır.
Səni dayaq bilən bacılarının,
Göz yaşı kirpikdən özünü asır.

Ata məzarına söykəndiyin yer,
Daha əbədilik evinə dönüb.
Dünyadan əllərin üzülən gündən,
Elə bil evinin işığı sönüb.

(Şeirin müəllifi Manya Səxavətqızıdır)

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı