
DÜNYANIN İŞIĞINI, NURUNU ARTIRARAQ, DOSTLARIN QƏLBİNDƏ ÖZÜNƏ TAXT QURAN BİR AKİF KEÇDİ BU DÜNYADAN...
Bir insan köçürsə, dünyadan əgər,
Sən elə bilmə ki, tək bir can gedir.
Hər sönən baxışda saysız diləklər,
Hər kiçik tabutda bir cahan gedir....
Şəhriyar
Bu dünyadan bir Akif keçdi...
Məncə, hamı tanıyırdı onu. Dünyaya göz açdığı Yardımlıdan ömrünün son anlarınadək yaşadığı Xırdalanadək, hamı ona hörmət edər, qayğı göstərərdi. Bizim toplaşdığımız daimi bir məkan var idi: 20 yanvar metrostansiyasından üzü yuxarı qalxanda “Ləvəngi” restoranının üst tərəfindəki kafe... Hazırda bu kafenin yerində tikinti işləri aparılır, əslində bizim görüş yerimiz də dəyişib. Əvvəlki yerimizdə - Əlipənahın “Gürcü mətbəxi” adlı məkanda yığışıb çay içir, maraqlı söhbətlər edirik. İstər əvvəlki yerimizdə, istərsə də indiki məkanda Akif müəllimi bir gün görməyəndə darıxmışıq. Son vaxtlar az-az gəlirdi. Həmişə də qıçından, ağrılarından gileylənirdi. Deyirdi sözümə baxmır. Həkimə getməyini məsləhət gördükdə cavab verirdi ki, yaxşı həkim yoxdur. Hamısı elə bil bir-birinin ağzına tüpürüb. Razılaşmadığımızı görəndə “çort poberi” ifadəsini işlədirdi. Bu da bizim gülüşümüzə səbəb olurdu. Bununla da söhbət bağlanırdı...
O, bir yerdə qərar tutmazdı. Yolda gördüyü hər kəsə salam verər, hal-əhval tutardı. Heç kimlə işi olmayan fağır insan idi Akif müəllim. Müəyyən vaxtlar olub ki, ehtiyac içində yaşayıb, hətta bu günədək kirayədə qalsa belə, bunu çox da biruzə verməyib. O, heç kimin malında gözü olmayan biri idi...
Artıq onun haqqında keçmiş zamanda danışıram. Dünyasını dəyişdi... Keçdi və köçdü bu dünyadan... Bu sətirləri yazmadan bir saat əvvəl onun da, mənim də dostumuz Cəmil müəllim kövrək notlarla onun keçindiyini, artıq bu gün dünyada yoxluğunun 3-ünün olduğunu bildirdi. Bu xəbər bir anlığa içimdə çox şeyi dəyişdi. Söz verdim özümə. Söz verdim ki, bir daha əsla və əsla pisliyini görmədiyim birini - filankəsi pisdir deyə, çıxarmayacağam həyatımdan. Niyə beləyik əksəriyyətimiz? Bir insanı sevərik, hörmət edərik, ondan pis heç nə görmərik, o da bizə hörmət edər, amma elə ki, eşidərik ki, o adamın filankəsi oğurluq edib, həmin adamı silərik həyatımızdan, yolda qarşılaşanda yolumuzu dəyişərik. Düşünmərik ki, axı bu insanın günahı nədir?!... Akif Rzayev isə tamam başqa adam idi. Bütün gileyləri “udan”, gülüşlə “həzm edən” biri idi. Bizim onun görüşümüzə gəlməməyinin, gec-gec gəlişinin səbəbini bilmək istəyəndə, hətta aramızda ona kobudluq göstərəndə belə elə təmkinlə, soyuqqanlılıqla, aramla cavab verərdi ki, biz özümüz bu hərəkətdən utanardıq. Amma hazırda o qədər peşmanam ki... Təəssüf ki, artıq bu peşmançılıq fayda verməz.
... Həmişə dəfn prosesində cənazə namazında molla "haqqınızı ona halal edin" deyir. Yəqin ki, onun dəfnindən xəbərsiz olduğumuz anlarda, dəqiqələrdə molla yenə camaatdan halallıq istəyib. Düşündüm ki, o bizə haqqını halal etdimi görəsən? Bu aralarda ziyarətinə getmədik. Kim bilir, kimlərin onu ziyarət etməsini istədi? Gözləri qapıda qaldı yəqin ki... Halını soruşan olmadıqca, nə düşündü görəsən? Düşündümü ki, mən axı heç kimə pislik etməmişəm, niyə insanların üzü döndü məndən? O bizi bağışladımı?!
Məni hara basdırırsanız basdırın
Adım da qalmasın bir daş üstündə.
Bir qəbir yeri, bir nişanə də...
Üstümdə ağlasınlar, istəmirəm
Gözyaşından doymuşam
Çox ağlatdı dünya məni
Kimsə üzülməsin, heyif deyə
Kədərdən yorulmuşam
Həyat həsrətdi mənə...
Kimsə sığallamasın qəbir daşımı
Saçımı sığallamadısa
Sevib-sevdalandığım
Kimsə öpməsin soyuq məzarı
Yalnızlıq alın yazımdı...
Bu kiçik şeir parçası isə mərhum deputat, işıqlı ziyalı, seçilən ictima xadim Qənirə Paşayevanındır, kövrək qadın ürəyinin, bəlkə də nakam sevgisinin pıçıltısı var. Ömrünün son gününü görürmüş kimi yazıbmış bu şeiri Qənirə Paşayeva. Elə bil özündən sonra dünyaslarını dəyişənlər üçün yazıb bu misraları...
O bəlkə də çox az sayda redaktorlardan, jurnalistlərdən, həm də pedaqoqlardan biri idi ki, tədbirdən tədbirə yox, həmişə insanların içində idi, yalnız öz yaşadığı məkanın sakinlərinə deyil, hamıya diqqətlə qulaq asar, əlindən gələni də, gəlməyəni də etməyə çalışardı. Onu hətta ilk dəfə görən adamları belə mehribanlıqla qarşılayıb, bağırna basmağı var idi. Yaddaşlara da belə köçdü - gözəl, mehriban, üzügülər. Böyük zamanın içərisində yaşanan insan ömrü dəryada damla misalı deyilmi? Akif müəllim bir insan ömrünə nələri sığdırmadı? Hər şeydən qabaq A.Rzayev sözümüzün keşiyində durdu. Qələmiylə müsəlləh əsgər misalı sözümüzü qorudu. İstər şeirləriylə, istər publisistik yazılarıyla, istər də şifahi çıxışlarıyla. Söhbət sözdən, milli kimlikdən düşəndə Akif müəllimin məsələyə öz baxış bucağından diqqət yetirməsini, heç kimə bənzəməyən, özünəməxsus münasibətinin olmasını heç kim dana bilməz.
Ətrafının sevgisini vicdanlı davranışı, mərhəməti, işgüzarlığı, əsl insan olması ilə qazanmışdı. Adları ürəklərə qazınanlar ölmürlər. Xatırlandıqca bir az kövrəldir, göynədirlər insanı.
Akif müəllim üçün hamının dilindən yana-yana çıxan bir söz var. “Heyf ondan”. Bu söz hamı üçün işlənmir, hər gedən üçün təəssüflənmirlər. Hamının dilindən ürəkdən gələn rəhmət kəlməsini eşitmək üçün yaşamın boyu çətin bir missiyanı yerinə yetirməlisən – həyatın gətirdiyi bütün sürprizlərə qarşı insan olaraq qalmağı bacarmalısan.
O, əsl insan kimi yaşadı, əsl insan kimi də köç etdi. Öldü demək istəmirəm. Əsl insanlar missiyaları bitincə sadəcə başqa bir aləmə köç edirlər. Sağlıqlarında etdikləri yaxşı əməlləri xatırlayan son insan ölməyənə qədər yaşayırlar.
Akif Rzayev journalist kimi də, pedaqoq kimi də, insan kimi də səmimi idi.
Akif Rzayev yumoru, zarafatı sevən idi. Onun canlı, içdən gələn lətifələr danışmasını indi dostlar, onunla munis olanlar necə xatırlamaya bilər?
Akif Rzayevin rəqs etməsinə əlavə iki göz də gərək idi ki, tamaşa edəydi. O qədər yüngül, o qədər plastik, o qədər baxımlı rəqs edərdi ki, görən bir də görüm deyirdi.
Akif Rzayev mərd idi, dostcanlı idi. Bunu deməsəm olmaz.
Akif Rzayev təkrarsız adam idi. Hər hərəkəti yalnız özünə xas idi. O, standartlara sığmayan nadir insanlardan idi. Bəzən hərəkətlərinin ölçü-biçi tanımaması, heç bir ölçüyə gəlməməsi də bununla bağlı idi. Həyatını, yaradıcılığını adət-ənənələrin, yazılmamış qanunların çərçivələrini qırıb tökərək sürməsi də bundan irəli gəlirdi. Mühafizəkarlar arasında yeniliklərə qapı açan, zamanla ayaqlaşan biri olmaq heç kimə asan gəlməsin. Kimlərsə vaxtın azlığından, öyrənmək üçün artıq gec olduğunu söyləyib “qırxında öyrənən...” fəlsəfəsindən yapışanda öz işlərini özü yoluna qoymağı bacaran Akif müəllim qarşısındakı əngəlləri aşa bilən nadir şəxsiyyət idi.
O, yüksək mədəniyyət sahibi idi. Bir redaktor kimi də kollektivi hədə-qorxunun, xofun gücü ilə yox, mədəniyyətin, qarşılıqlı hörmətin, nəzakətin təsiri ilə idarə edərdi. Təqsiri olan işçini başqalarının yanında yox, təklikdə qəbul edib, iradını bildirər, danlayardı. Kollektivin xeyir-şərində bir rəhbər, müəllim və ağsaqqal kimi həmişə öndə olardı. Hər bir işçiyə fərdi yanaşır, onun hansı qayğılarla yaşadığından xəbərdar olardı. Hər kəsin qanuni haqqına hörmətlə yanaşardı.
Onun 77 yaşına yazdığım təbrik mətninin sonunu xatırlayıram: “Akif Rzayev üçün həyat təbiətin bizə bəxş etdiyi əvəzsiz nemətdir. Bəlkə də biz onu günlərlə, aylarla, illərlə ölçməyə adət etmişik. Ancaq bu ölçü çox aldadıcıdır. Ömür var ki, qum dənələri kimi barmaqların arasından axıb tökülür. Heç bir iz qoymadan ötüb keçir. Səndən sonra gələnlər bu dünyada yaşadığına dair heç bir dəlil-sübut tapmırlar. Varlığınla yoxluğun bilinmir. Ömür də var ki, özü başa çatsa da, izi, sorağı aylarda, illərdə qalır. Xalqın tarixinə, yaddaşına köçür. Yetişdirdiyi, tərbiyə etdiyi adamların taleyinə çevrilir, onların həyatında yenidən yaşanır. Əsl insan ömrü də, xoşbəxtlik də onun üçün budur…”
Biz sənin 80 illik yubileyinə hazırlaşırdıq, sən isə bizim bu arzumuzu ürəyimizdə qoyub getdin...
... Dünyanın işığını, nurunu artıraraq, dostların qəlbində özünə taxt quraraq, bu dünyadan köçdün...
Allahdan sizə rəhmət, ailənizə səbir diləyirik.
Dostların Qəzənfərin Hüseynov, Arifin Həsənov, Cəmil Dadaşov, Rahib Kərimov,Rəfael Qasımov, Elxas Comərd, Vidadinin, Emilin adından
Daşdəmir ƏJDƏROĞLU