![]()
Böyük dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Məlum olduğu kimi, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmiş, idarəetmə qabiliyyəti aşağı olan ölkələrdə çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun ağırlığı, ölkə hakimiyyətinin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi. Mövcud durum 1991-ci ilin sentyabr ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin Sədri seçilməsinədək olan mərhələdə daha da kəskinləşdi. Ali Sovetin Sədri seçilən Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində sabitlik təmin edildi və muxtar qurumun sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail oldu. Beləliklə, ilk növbədə, milli dövlətçilik ənənələri bərpa edildi: Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı, Naxçıvan MSSR adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı. Bununla yanaşı, "1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi barədə də tarixi qərar qəbul edildi. Bütün bunlarla yanaşı, Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqi meyillərinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Sosial-iqtisadi və aqrar islahatlar reallaşdırıldı, özəlləşdirmə prosesinə start verildi və infrastruktur sahələrinin inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Beləliklə, siyasi fəaliyyətinin Naxçıvan dövründə Ümummilli Lider Heydər Əliyev gördüyü işlər, atdığı səmərəli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
Həmin dövrün reallıqlarına nəzər salan analitiklər bir məqama da xüsusi diqqət yetirirlər. Bu məsələ ondan ibarətdir ki, ölkədə gərgin və böhranlı vəziyyətdə xalq ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağlamış, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Digər tərəfdən, ölkədə 1993-cü ilin iyun hadisələri zamanı hətta ozamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olmuş, xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə Ulu Öndər Heydər Əliyev Bakıya qayıtmışdı. Beləliklə, 1993-cü il iyunun 9-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya qayıtdı, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi tarixi missiyasını həyata keçirməyə başladı. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi düşdü. Heç şübhəsiz, Qurtuluş xalqımızın Ümummilli Lider Heydər Əliyevin tarixi missiyasına verdiyi düzgün, ədalətli, obyektiv qiyməti əks etdirir. Ümumiyyətlə, Ulu Öndərin tarixi missiyasının həyata keçirilməsi üç güclü faktor üzərində qurulub: birincisi, xalqın Ümummilli Liderə olan möhkəm və sarsılmaz inamı, dəstəyi, ikincisi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti, üçüncüsü isə, Ulu Öndərin xalqına, millətinə, Vətəninə olan sonsuz, təmənnasız, əzəmətli sevgisi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Və Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.
Göründüyü kimi, Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı.
Ulu Öndərin zəngin mənəvi irsini, Onun Azərbaycançılıq ideyasını gənc nəsillərə aşılamaq, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Başqa sözlə, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti Ümummilli Liderimizin ideyalarına əsaslanır, Azərbaycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verir. Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz dəyərli - layiqli töhfəsini verir. Heydər Əliyev Fondu, eyni zamanda, milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində genişmiqyaslı fəaliyyət göstərir, eləcə də Azərbaycanın zəngin tarixi və mədəni irsi dünya ictimaiyyətinə çatdırılır. Fond, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də məqsədyönlü və ardıcıl iş aparır. Beləliklə, Heydər Əliyev Fondu Ulu Öndərin zəngin irsinin təbliğində mühüm rol oynayır.
Beləliklə, müstəqil və qüdrətli Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir, möhtəşəm nailiyyətlər qazanaraq tarix yazır.![]()
Əvəz Qocayev
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini, YAP Nəsimi rayonu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ərazi üzrə ilk partiya təşkilatının sədri, Əmək ordenli, I Vətən Müharibəsinin veteranı