veten informasiya agentliyi

Politoloq: Azərbaycan beynəlxalq səylərin səfərbər olunması sahəsində qlobal liderliyini davam etdirir

Tarix:8-01-2022, 21:04
Baxış Sayı:30

Politoloq: Azərbaycan beynəlxalq səylərin səfərbər olunması sahəsində qlobal liderliyini davam etdirir



Dövlətin iki əsas – daxili və xarici siyasət funksiyası var. Buna görə də dövlət xarici funksiyasını və ya siyasətini beynəlxalq münasibətlər sisteminə uyğun quraraq həyata keçirir. Xarici siyasət bir dövlətin öz milli maraqları naminə digər dövlətlər və xalqlarla əlaqələrini beynəlxalq səviyyədə tənzimləyən, həmçinin həmin dövlətin daxilindəki proseslərin xarakterini özündə əks etdirən fəaliyyət istiqamətidir. Xarici siyasət dövlətin milli maraqlarının təmin edilməsi məqsədilə həyata keçirilir və bir çox nəzəriyyəçilər tərəfindən daxili siyasətin davamı kimi qəbul olunur. Bu, bizim Konstitusiyamızda da əks olunub. Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını, inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur. Xarici siyasətin əsas subyektlərindən biri də beynəlxalq təşkilatlardır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən, xüsusilə 1993-cü ildən sonra bir çox beynəlxalq təşkilatlara üzv olaraq beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.
O bildirib ki, bu gün Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Bu siyasətin təməli sülhə, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq kimi əsas prinsiplərə söykənir. Əsas vəzifə isə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə siyasi təminat verilməsindən və beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirilməsindən, dünya birliyində mövqeyinin möhkəmləndirilməsindən, bərabərhüquqlu və ölkəmizin milli mənafelərinə cavab verən iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasından, bir sözlə, xalqımızın milli maraqlarına uyğun olan ardıcıl və açıq xarici siyasətin yürüdülməsindən ibarətdir.
Həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın beynəlxalq münasibətlərinin məqsədi torpaqlarının işğaldan azad edilməsi üçün Ermənistanın təcavüzünü dünya ictimaiyyətinə çatdırmaqdan, Ermənistan–Azərbaycan münaqişəsinin ədalətli həllinə nail olmaqdan, o cümlədən üzvü olduğu beynəlxalq təşkilatların nizamnamələrinə və dövlətimizin maraqlarına uyğun siyasi, iqtisadi, hərbi və humanitar əlaqələrin qurulmasını və inkişafını təmin etməkdən ibarət olub. Bu münasibətlər sayəsində Ermənistanın bir çox beynəlxalq təşkilatlar tərəfindən işğalçı, təcavüzkar ölkə kimi tanınması, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüququn prinsiplərinə uyğun bərpasının vacibliyi əks olunan qərar və qətnamələr qəbul edilib. Bununla bərabər, Azərbaycan müxtəlif təyinatlı beynəlxalq layihələrin mühüm aktoruna çevrilib, Ermənistanın beynəlxalq layihələrdən təcrid olunmasına gətirib çıxaran uğurlu diplomatiya həyata keçirilib.
Politoloq əlavə edib ki, xarici iqtisadi siyasətdə karbohidrogen ehtiyatlarının nəqli və qeyri-neft sektorunun inkişafı qarşıya qoyulan əsas məqsədlərdən idi. Azərbaycan müstəqilliyini qazandıqdan sonra qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq və dinc yanaşı yaşamaq prinsipləri əsasında Qərb ölkələri ilə münasibətlərin qurulmasında və beynəlxalq siyasətdə fəal iştirak etməyə başladı. Bu kontekstdə Avropa İttifaqı (Aİ) ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın iqtisadi inkişafına dəstək və siyasi maraqlarının müdafiə olunması üçün mühüm əhəmiyyət kəsb edirdi. Avropa İttifaqı ilə müxtəlif təyinatlı iqtisadi layihələr işlənmiş, təşkilata üzv ölkələrin enerji təhlükəsizliyini təmin edəcək beynəlxalq əhəmiyyətli karbohidrogen layihələri həyata keçirilib. Azərbaycan dünya dövlətləri ilə hərtərəfli qarşılıqlı əməkdaşlıq qurmaq və müstəqilliyini möhkəmləndirmək məqsədilə 1992-ci ildə BMT-yə üzv qəbul olunub. Həmin gündən beynəlxalq güclərin diqqətini Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və onun beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri çərçivəsində ədalətli həlli məsələsinə çəkməyə çalışıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatı və Təhlükəsizlik Şurasının qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir, işğalçı qüvvələrin zəbt olunmuş ərazilərimizdən dərhal çıxarılması, atəşkəs əldə olunması və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib.
“Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2012-2013-cü illər üçün keçirilən seçkilərdə qələbə üçün tələb olunan 129 səsdən də çox – 155 səs əldə edib və Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olub. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması və artıq dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin mayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərindən biri idi. Azərbaycan 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında BMT Təhlükəsizlik Şurasına sədrlik edib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə ən mühüm uğuru 2012-ci il mayın 4-də terrorçuluğa qarşı mübarizəyə dair öhdəliyin təmin olunması yolu ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda yüksəksəviyyəli konfransın keçirilməsi oldu. Prezident İlham Əliyevin sədrlik etdiyi konfransın yekununda bəyanat qəbul olundu, terrorçuluğun bütün formaları və təzahürləri bir daha qətiyyətlə pisləndi, terrorizmin təbiətinin dəyişildiyi qeyd edildi, üzv dövlətlər beynəlxalq münasibətlərdə hər hansı bir dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı təhdid və ya gücdən istifadə etməmə öhdəliyini həyata keçirməyə çağırıldı. Dünyada ilk dəfə olaraq Azərbaycan BMT-nin təcavüzkar ölkəyə qarşı qəbul etdiyi, amma ikili standartlara görə icra olunmayan qətnamələrini 2020-ci ildə 44 günlük müharibə ilə təkbaşına özü yerinə yetirdi”,- deyə politoloq vurğulayıb.
Yalçın Hacızadə deyib ki, Azərbaycanın Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı bir çox beynəlxalq təşkilatlarla əlaqələri var və bu münasibətlər davam edir. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olub. Qoşulmama Hərəkatı tarixinin ən parlaq dövrünü Azərbaycan Prezidentinin təşkilata rəhbərlik etdiyi zamanda yaşadığını desək yəqin ki, yanılmarıq. Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi günlərdə dövlətimiz böhranın aradan qaldırılması məqsədilə ədalətli münasibət, bərabər paylaşım adı ilə müxtəlif tədbirlər keçirir və təkliflər irəli sürdü ki, bunlar da təşkilat üzvləri və digər beynəlxalq təşkilatlar tərəfindən yekdilliklə qəbul olundu. Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı 2021-ci il dekabrın 16-da BMT-nin Baş Assambleyasında qətnamə qəbul edilib. Pandemiyaya qarşı mübarizədə “Azərbaycan nümunəsi” hər kəsə örnək kimi göstərilir. Bu müstəvidə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Hərəkata sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatı üçün müfəssəl və iddialı qlobal fəaliyyət planı hazırlaması, COVID-19 pandemiyasının dünyanı bürüməsi, Azərbaycanın yeni vəziyyətə çevik və adekvat reaksiyası, pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğurları kimi səciyyələndirilir. Pandemiya qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, koronavirusun öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Çox təqdirəlayiq haldır ki, 171 ölkə Azərbaycanın müəllifi olduğu qətnamənin lehinə səs verib. Qoşulmama Hərəkatının hazırkı sədri kimi Azərbaycan peyvəndlərin bərabər qaydada paylanmasının tərəfdarı olmaq üçün yalnız mənəvi deyil, rəsmi məsuliyyət daşıyır. Pandemiyanın başlanmasından bəri Azərbaycan bu böhrana qarşı təşkilatda müdrik koordinasiyalı yanaşma seçib. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr edilən xüsusi sessiyasında Qoşulmama Hərəkatının 120 üzv dövləti adından çıxış edən Prezident İlham Əliyev problemə çoxtərəfli yanaşmanın vacibliyini vurğulayıb, bütün ölkələr üçün koronavirusa qarşı dərmanlara, peyvəndlərə və tibbi avadanlıqlara bərabər əlçatanlığın təmin olunmasının vacibliyini vurğulayıb. Qoşulmama Hərəkatının 2020-ci ilin mayında təşkil edilmiş Zirvə toplantısı, 2020-ci ilin dekabrında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası, 2021-ci ilin mart ayında Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamənin yekdilliklə qəbul olunması Azərbaycanın qazandığı beynəlxalq uğurlardır. 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videomüraciətində Prezident İlham Əliyevin bir daha dünyada mövcud olan “peyvənd millətçiliyi”ni qınaması və Azərbaycan tərəfindən BMT Baş Assambleyasında müvafiq qətnamənin irəli sürüləcəyini elan etməsi ölkə Liderinin növbəti uğurudur.
Beləliklə, Azərbaycanın bu istiqamətdə daha bir təşəbbüsü BMT səviyyəsində dəstək qazandı. Prezident İlham Əliyevin humanitar prinsiplərdən çıxış edərək ədalətsiz bölgüyə qarşı sərt mövqeyi qlobal aləmdə rəğbətlə qarşılandı və Qoşulmama Hərəkatının beynəlxalq müstəvidə daha da güclənməsinə töhfə vermiş oldu. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il müddətə - 2023-cü ilə qədər uzadılması rəsmi Bakının qlobal çağırışlara münasibətdə daha fəal rol oynamasına gətirib çıxaracaq. Artıq Azərbaycan nüfuzlu dövlətdir və Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq müstəvidə də dəstəklənir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatı
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatı
Son iki ildə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb
Son iki ildə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb
Kənd təsərrüfatı ilinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr mövzusunda seminar keçirilib
Kənd təsərrüfatı ilinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr mövzusunda seminar keçirilib
Fuad Muradov Devid Harrislə yəhudi icmaları ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Fuad Muradov Devid Harrislə  yəhudi icmaları ilə əməkdaşlıq  imkanlarını müzakirə edib
Keçən il 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib
Keçən il 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib
Ismayıllıda məktəbəqədər təhsil müəssisəsində azyaşlıya qarşı şiddət haqlı olaraq cəmiyyətin hər bir üzvündə hiddət doğurur
Ismayıllıda məktəbəqədər təhsil müəssisəsində azyaşlıya qarşı şiddət haqlı olaraq cəmiyyətin hər bir üzvündə hiddət doğurur
Elmi dərəcə alanlara pul mükafatı verilir - REKTOR
Elmi dərəcə alanlara pul mükafatı verilir - REKTOR
"Baytarlıq üzrə kadr çox məhdud saydadır" - İbrahim Cəfərov