![]()
Ermənistanda gözlənilən seçkilər fonunda regionda baş verən proseslər yenidən diqqət mərkəzinə gəlib. Xarici güclərin İrəvandakı siyasi proseslərə təsiri, müxalifətin şansları və mümkün ssenarilər geniş müzakirə olunur. Bəzi iddialara görə, Qərb və Rusiya fərqli düşərgələri dəstəkləyir. Lakin məsələyə fərqli yanaşma da var - Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov kimi.
Publika.az-a açıqlama verən keçmiş XİN rəhbəri Ermənistan ətrafında formalaşan siyasi diskursla bağlı səsləndirilən iddialara münasibət bildirdi.
O, “Ermənistanda Avropanın Paşinyanı, Rusiyanın isə müxalifəti dəstəkləməsi fikri ilə mən qətiyyən razı deyiləm. Rusiyanın da, elə Avropa Birliyinin də məqsədi eynidir. Hər ikisi də Paşinyanı dəstəkləyir” fikrini səsləndirdi.
Paşinyana ikitərəfli dəstək iddiası
Keçmiş nazir Kremldə keçirilən görüşlər ətrafında yaradılan görüntülərə də şübhə ilə yanaşdığını bildirib: “Mən Kremldəki görüş zamanı yaradılan süni görüntünü ciddi qəbul etmirəm”.
Onun sözlərinə görə, Ermənistan daxilində müxalifətin mümkün qələbəsi və bunun Qarabağ müharibəsi ilə əlaqələndirilməsi də düzgün yanaşma deyil: “O ki qaldı Ermənistanda müxalifət qalib gələcəyi təqdirdə Qarabağ müharibəsinin yenidən başlanması ehtimalına, bu məsələnin bu səpkidə təhlilini düzgün hesab etmirəm”.
Zülfüqarov qeyd etdi ki, regionla bağlı formalaşdırılan bəzi narrativlər real vəziyyəti əks etdirmir. Onun sözlərinə görə, Rusiya və Qərbin Paşinyanla bağlı mövqeyi fərqli görünsə də, mahiyyət etibarilə oxşardır: “O mənada ki, Rusiya qapalı, Qərb daha aydın şəkildə Paşinyana dəstək verir”.
Keçmiş nazirin fikrincə, Paşinyanın siyasəti həm Moskva, həm də Qərb tərəfindən müəyyən mənada istifadə olunur: “Paşinyan siyasəti ilə ona nail olub ki, həm Rusiya buna gələcəkdə istinad etsin, həm də Qərb. Nəyə görə, çünki bu 8 il ərzində Rusiyaya qarşı heç bir addım atmayıb”.
KTMT və hərbi reallıqlar
Müsahibimiz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı yayılan iddialara da münasibət bildirdi və bunun yanlış təqdim olunduğunu vurğuladı: “Bizi həqiqətə uyğun olmayan hansısa məsələlərə inandırmağa çalışırlar. O da onunla bağlıdır ki, guya KTMT Ermənistana yardım etmir. Amma bu açıq yalandır. Çünki KTMT-nin yardım edib-etməməsi o qədər də önəmli deyil”.
Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri daha dərin hərbi-siyasi əsaslara söykənir: “Çünki Ermənistan və Rusiya arasında xüsusi bir saziş var. Və bu sazişə uyğun olaraq onlar hərbi müttəfiqdirlər. Bildiyimiz kimi Rusiyanın iki hərbi bazası Ermənistanın ərazisindədir. Biri hərbi hava qüvvələri, ikincisi isə quru qoşunlarının müştərək hava müdafiə sistemi var. Və birbaşa Rusiyanın mərkəzindən idarə olunur və sair və ilaxır”.
Zülfüqarov əlavə etdi ki, KTMT ətrafında yaradılan siyasi narazılıq görüntüsü də məqsədli şəkildə qabardılır: “Yəni bu baxımdan bizi inandırmaq istəyirlər ki, guya KTMT gəlmədi və ermənilər Paşinyandan inciyiblər. KTMT-nin gəlməməsi və Rusiyanın Ermənistana kömək etməməsi ayrı səbəblərlə bağlıdır. Həm Paşinyan, həm Rusiya rəhbərliyi bunu ört-basdır edir”.
"Süni gündəm” və seçki ssenariləri
Keçmiş nazir həmçinin Kremldə guya Rusiya rəhbərliyinin bəzi detalları yeni öyrənməsi ilə bağlı iddiaları da tənqid etdi: “Guya ki, Kremldə baş tutan görüş zamanı Rusiya rəhbərliyi bilib ki, Samvel Karapetyan Rusiya vətəndaşıdır. Bu çox gülməlidir. Əgər onlar doğrudan da ona ümid bəsləsəydilər, bu məsələni çoxdan bilmiş olardılar ki, bu Ermənistan qanunlarına ziddir”.
Onun sözlərinə görə, bütün bu informasiyalar Rusiya və Qərbin real imkanları ilə bağlı fərqli görüntü yaratmağa xidmət edir: “Yəni bu görüntünü yaratmaqda məqsəd odur ki, Rusiya indiki mərhələdə Ermənistana nə hərbi, nə də maliyyə köməkliyi göstərə bilmir. Və belə bir əsaslar yaradılır ki, Qərb Ermənistana bu yardımları etsin”.
Zülfüqarov hesab edir ki, Ermənistanda müxalifətin hakimiyyətə gəlməsi ehtimalı real deyil və bu, daha çox siyasi görüntü xarakteri daşıyır: “Ermənistanda keçiriləcək seçkilərdə müxalifətin qalib gəlməsi demək olar ki, sıfıra bərabərdir. Çünki onlar sadəcə bir görüntü yaratmaq üçün bu və ya digər şəkildə fəallıq göstərirlər. Mən bu mövqedəyəm və dırnaqarası siyasi səhnəciklərə inanmıram”.
Regional balans dəyişmir
O, regional güc balansına da diqqət çəkərək bildirdi ki, istənilən hakimiyyət dəyişikliyi Ermənistanın real imkanları çərçivəsində formalaşacaq: “İstər Paşinyan, istər Karapetyan, istər hər kimsə hakimiyyətə gələrsə, onun siyasəti real imkanlardan asılı olacaq”.
Keçmiş nazirin fikrincə, Ermənistan müxtəlif sahələrdə Azərbaycandan ciddi şəkildə geri qalır: “Eyni zamanda demoqrafik baxımdan, iqtisadi baxımdan, hərbi baxımdan Ermənistan Azərbaycana nisbətən qat-qat zəifdir”.
O, həmçinin regional geosiyasi reallıqlara toxunaraq Türkiyə-Rusiya münasibətlərinin də balansı müəyyən etdiyini bildirib: “Rusiya isə Türkiyənin müttəfiqidir və Azərbaycana qarşı hərbi baxımdan hansısa addım Türkiyə üçün qəbuledilməz olacaq”.
Tofiq Zülfüqarov sonda qeyd etdi ki, regionda geosiyasi mənzərənin ciddi şəkildə dəyişəcəyini gözləmir: “Mən burda yaranmış geopolitik vəziyyətin dəyişməsinə inanmıram. Ona görə də Ermənistanda baş verən o siyasi dırnaqarası qalmaqal sadəcə olaraq onların daxili siyasətinin bir hissəsidir”.