veten informasiya agentliyi

Müzəffər Ali Baş Komandan, Xilaskar lider

Tarix:11-10-2023, 16:50
Baxış Sayı:338

Müzəffər Ali Baş Komandan, Xilaskar lider


Vətən müharibəsinin nəticələri, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları ilə başlayan münaqişənin şanlı Qələbə ilə başa çatması və 28 illik işğala son qoyulması göstərdi ki, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyəti, siyasətçi kimi iradəsi, diplomat kimi müdrikliyi və humanist davranışı ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqla həm xalqı qalib olmaq arzusuna çatdırdı, həm də minlərlə insanın həyatını xilas etdi.

Vətən müharibəsinin Şanlı Qələbəmizlə başa çatmasından və el-oba, yurd həsrətinə son qoyulmasından artıq üç il vaxt keçib. Bu müddətdə ilk Qələbə paradımız keçirildi. Tarixi Zəfərimizin birinci ildönümü ölkəmizdə və dünyanın hər yerində yaşayan soydaşlarımız tərəfindən fəxr və qürur hissi ilə qeyd edildi. Torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğalına artıq son qoyulub, düşmən darmadağın edilib. Artıq bir ildir ki, gözəl Şuşamızda dünya miqyaslı tədbirlər, festival və müsabiqələr keçirilir. Düşmən tərəfindən viran, talan edilmiş şəhər və kəndlərimizdə bərpa-quruculuq işləri uğurla, inamla davam edir. Ötən hər gün, həftə, ay vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıdışını yaxınlaşdırır. Artıq bir ildən çoxdur ki, ərazi bütövlüyümüz bərpa olunub, haqq-ədalət öz yerini tutub, əzəli-əbədi Azərbaycan torpaqları əsl sahiblərinə qayıdıb, habelə bir milyondan çox vətəndaşımız qaçqın, məcburi köçkün kimi yaşamaqdan və tənəli ifadələr eşitməkdən xilas olub. Hamımız şəhidlərimizin xatirəsini böyük qürur hissi ilə anır, Vətən müharibəsində qazandığımız Qələbədə əməyi olan insanları hörmətlə yad edir, qədim elimizə böyük qayıdışı səbirsizliklə, sevinclə gözləyirik.

Vətən müharibəsində Zəfər qazandıqdan sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən hərbi əməliyyatlar, Azərbaycan Ordusunun apardığı döyüşlər hərtərəfli təhlil edilir, nəticələri öyrənilir. Biz isə məsələyə başqa prizmadan – bəşəriyyətin ən ali, fundamental dəyəri olan insan həyatının xilas edilməsi prizmasından, humanistlik baxımından yanaşmaq istərdik. İnsan həyatının xilas edilməsindən danışanda ilk olaraq ağxalatlı qəhrəmanlar – hərbi həkimlər göz önünə gəlir. Lakin təcrübə göstərir ki, sərkərdənin bacarıqlı, düşünülmüş addımları, qətiyyəti və siyasi iradəsi, uğurlu diplomatik fəaliyyəti hələ döyüşlər başlamazdan əvvəl minlərlə insanın həyatını xilas etməyə qadirdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan silahlı birləşmələri torpaqlarımızı işğal altında saxladığı illərdə də, Vətən müharibəsi dövründə də bu həyati məsələnin öhdəsindən bacarıqla gəldi və minlərlə insanı ölümün caynağından qurtararaq Xilaskar Sərkərdə kimi tarixə düşdü. Uzun illər səbirlə, təmkinlə torpaqlarımızın danışıqlar yolu ilə azad edilməsinə çalışması da məhz Prezident İlham Əliyevin humanistliyinin, uzaqgörənliyinin və insan həyatına verdiyi dəyərin təcəssümüdür.

44 günlük Vətən müharibəsi dövründə döyüş əməliyyatları ilə bağlı əmrləri icra edən hərbi rəhbərlik Müzəffər Ali Baş Komandanın verdiyi bir xüsusi tapşırığı daha dəqiqliklə icra edirdi. Çünki komandanlıq yaxşı anlayırdı ki, Prezidentin bu tapşırığı torpaqlarımızın Ermənistan silahlı birləşmələrinin işğalından azad etmək qədər mühüm, əhəmiyyətli və vacibdir. Fikrimizcə, bu xüsusi tapşırığının ən önəmli və aydın ifadəsi üçtərəfli Bəyanatın müddəalarında əksini tapıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətən müharibəsi dövründə hərbi komandanlığa hər gün dəfələrlə təkrar etdiyi xüsusi tapşırıq, verdiyi əmr döyüş əməliyyatları zamanı düşmənə qalib gəlmək üçün savaşlarda maksimum çalışıb, ordumuzun sıralarında minimum şəxsi heyət itkisinə nail olmaq idi. Bu humanist insanın ən böyük amalı mümkün qədər az sayda vətəndaşımızın döyüşlərdə yaralanması, həlak olması idi. Dövlətimizin başçısının döyüşlərlə bağlı hər sözünün, hər tapşırığının, hər qərarının qayəsi, məqsədi daha çox insan həyatını xilas etmək idi. Ali Baş Komandanın xüsusi tapşırığı məhz maksimum insanın həyatının xilas olunmasının ön plana çəkilməsi ilə bağlı idi. Prezident İlham Əliyev təkcə öz hərbçilərimizin deyil, hətta düşmən əsgərlərinin mənasız xülya, sonu olmayan bir yol üçün ölməsini, Ermənistan rəhbərliyinin şəxsi ambisiyalarına, siyasi oyunlarına qurban olmasını belə istəmirdi. Yəni, Ali Baş Komandanımız hətta düşmən ordusunun əsgərlərinin də həyatını, onları böyüdüb boya-başa çatdıran ailələri də düşünürdü. Bu isə yüksək humanizmin göstəricisidir. Müzəffər Ali Baş Komandan hələ müharibə, aktiv döyüş əməliyyatları başlamamışdan uzun illər əvvəl də bu niyyətini açıq-aşkar, çəkinmədən, qətiyyətlə bəyan etmişdi.

“Biz heç vaxt müharibə istəmirik, biz sülh yolu ilə torpaqlarımızın azad edilməsinin tərəfdarıyıq. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması və torpaqlarımızın işğalda qalması ilə barışmayacağıq. Qarşı tərəf sülh danışıqlarına məhəl qoymazsa, işğal etdiyi ərazilərimizi xoşluqla tərk etməzsə, o zaman səbri tükənmiş xalqımız və qüdrətli ordumuz torpaqlarımızı hərbi yolla azad edəcək və ərazi bütövlüyümüzü bərpa edəcək. Bu, bizim beynəlxalq qanunlara görə təmin olunmalı hüququmuz, haqqımızdır. Bizim yolumuz haqq yoludur və biz tarixi ədaləti öz gücümüzlə bərpa etməyə qadirik. Əgər erməni əsgəri Azərbaycan torpaqlarında ölmək istəmirsə, o zaman Ermənistan silahlı birləşmələri qeyd-şərtsiz torpaqlarımızdan çıxmalıdır”. Ölkəmizin rəhbərinin uzun illər müxtəlif beynəlxalq kürsülərdən və respublikamızda keçirilən tədbirlərdəki çıxışlarında səsləndirdiyi bu fikirlərin mayası məhz yuxarıda bəhs etdiyimiz ideyalardan yoğurulmuşdu. Dövlətimiz də, xalqımız da, Ordumuz da məhz bu ideyanı əsas tutaraq, əgər düşmən sülhə razı olmazsa “Hər şey Vətən üçün” deyərək məsələnin həllinin hərb variantına, yəni, müqəddəs vəzifənin icrası üçün döyüşə hazırlaşırdı. Ordu quruculuğu istiqamətində atılan addımlar, həyata keçirilən islahatlar, təminat və təchizatın, yeni müasir silahların arsenalımıza daxil olması da məhz bu xüsusi tapşırığın icrasına yönəlmişdi: mümkün qədər az insan itkisinə yol verməklə torpaqlarımızı işğaldan azad etmək. Bir ideya, bir amal ətrafında “Dəmir yumruq” kimi birləşən xalqımız, həmrəy olan bütün azərbaycanlılar müqəddəs vəzifənin öhdəsindən 44 günlük Vətən müharibəsində uğurla gəldi. Haqq-ədalət zəfər çaldı və torpaqlarımız qəhrəman övladlarımızın qanı, canı bahasına işğaldan azad edilərək əsl sahibinə - Azərbaycan xalqına qaytarıldı. “Qarabağ Azərbaycandır!” şüarı, torpaqlarımızın azad edilməsi arzusu reallaşdı, çin oldu. Bu arzunun reallaşması, münaqişənin aradan qaldırılması, eyni zamanda, regionda insanların təhlükəsiz, sülh şəraitində, əmin-amanlıqla, rahat, firavan yaşamasını, dövlətlərin iqtisadi inkişafını təmin etməyə xidmət edəcək bir çox yeni reallıqlar yaratdı. Fəxr edirik ki, Azərbaycanın sayəsində meydana gələn bu reallıqları artıq təkcə region ölkələri deyil, dünyanın aparıcı dövlətləri də razılıqla və müsbət qarşılayıblar. Bu reallıqların yaranması da Azərbaycan Prezidentinin bir dövlət başçısı, hərbi və diplomatiya sərkərdəsi olaraq yorulmaz fəaliyyət, gərgin əmək, güclü iradə nəticəsində nail olduğu uğurlardan biridir. Bu gün Vətən müharibəsi döyüşlərindən bir ildən çox vaxt keçdikdən sonra 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən prosesləri xatırlasaq, təhlil etsək görərik ki, Azərbaycan Respublikası Prezidentinin ən böyük Qələbəsi ərazilərimizin bir hissəsinin azad edilməsi ilə yanaşı, həm də minlərlə insanın həyatının xilas edilməsi və sağ-salamat evlərinə dönməsidir.

Döyüşsüz, artıq qan tökmədən üç rayonumuzun boşaldılmasına nail olmaqla Prezident İlham Əliyevin xilaskarlıq missiyası təkcə soydaşlarımızın - Azərbaycan Ordusunun əsgərlərinin deyil, hətta bizim torpaqlarımızı 28 ildən çox işğal altında saxlayan, yurd-yerlərimizi talan edən düşmən ordusunun şəxsi heyətinə belə müsbət təsirini göstərdi ki, nəticədə minlərlə, bəlkə də on minlərlə erməni gəncin sağ-salamat evlərinə, ailələrinə qayıtmalarına şərait yaradıldı. Yuxarıda qeyd olunanların mahiyyətini və əhəmiyyətini özündə ehtiva edən kifayət qədər inkaredilməz faktlar mövcuddur. Həmin faktlara diqqət yetirsək bu addımın nəhəngliyinin mənzərəsini tam olaraq görmək mümkündür.

İşğalçılıq ən amansız müharibə, siyasət isə ən ədalətsiz döyüşdür. Hər ikisinin qanunu, qaydası yoxdur, qayəsi daha çox haqsızlıqdır. İşğalçı müharibələr haqqa xidmət etmir. Siyasi savaşlar da çox zaman haqq üçün, haqlı üçün deyil, merkantil maraqlara, şəxsi ambisiyalara, başqa xalqların haqlarını danmağa, qəsb etməyə, ya da qəsbkarları müdafiə etməyə xidmət edir. Fikrimcə, Yer üzündə min illər ərzində baş verən müharibələrdən bir müharibə, bir savaş var ki, o döyüşdə iştirak etmək, vuruşmaq, qan tökmək, qanından və canından keçmək insana yalnız başucalığı gətirir və həlak olanlara-Şəhidlərə əbədi həyat bəxş edir. Bu da Vətən müharibəsidir. Qırx dörd gün davam edən və xalqımızın Qələbəsi ilə başa çatan Vətən müharibəsi də bu qəbildəndir. Çünki bu müharibədə Azərbaycanın yalnız bir məqsədi var idi: Tarixi ədaləti bərpa etmək, qəsb edilən haqqını bərpa etmək, ərazisini işğalçı düşməndən xilas etmək, insanların doğma yurd-yuvasına qayıtmasını, firavan və xoşbəxt yaşamasını təmin etmək. Bu münaqişənin xalqımızın Qələbəsi ilə başa çatmasına nail olan Ali Baş Komandan müharibədə həm minlərlə insanın həyatını, həm də ölkəmizin xoşbəxt gələcəyini xilas etdi, eləcə də regionun firavanlığına, iqtisadi inkişafına əvəzolunmaz töhfələr verdi.

İnsan həyatının dəyəri heç nə ilə ölçülə bilməz və bu, uca Allahın insana verdiyi ən şirin nemətdir. Vətən müharibəsində şəhid olan soydaşlarımız bütün dünyaya yenidən xatırlatdı ki, belə bir şirin, qiyməti biçilməz nemətdən könüllü vaz keçməyə dəyəcək yeganə dəyər Vətənin müstəqilliyi, doğma torpaqların azadlığıdır. Bu ali dəyərlər uğrunda vuruşmaq, candan keçmək haqq işidir və Allah yolunda, din-iman yolunda savaşmaq, şəhid olmaq qədər müqəddəsdir. Çünki bu yolda, bu haqq savaşında həlak olanlar ölmürlər, əbədiyyətə qovuşurlar və qəlblərdə, könüllərdə, xatirələrdə, xəyallarda, yaddaşlarda, kitablarda, musiqilərdə, dastanlarda və kinolarda yaşayırlar. Bu savaşda canından keçənlər insanın fani dünyada yüksələ biləcəyi ən ali, ən müqəddəs zirvəyə - şəhidlik zirvəsinə ucalırlar. Vətən müharibəsində də savaşanlar, canından keçənlər mövqe, mənfəət, şan-şöhrət, ad-san üçün deyil, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda vuruşdular. Tarixə adlarını qızıl hərflərlə yazdılar, könüllərə, yaddaşlara, xatirələrə əbədi olaraq həkk olundular, əbədi yaşayan şəhidlik zirvəsinə ucaldılar. Onlar canlarını başqa insanların həyatını xilas etmək, Vətənimizi azad etmək naminə fəda etdilər. Bu gün fəxrlə, qürurla deyə bilərik: nə qədər ki, Vətən üçün haqq savaşına qalxan və Allahın bəxş etdiyi ən şirin nemətdən - canından keçən şəhidlərimiz varsa, onların xatirəsi ehtiramla anılırsa, nə qədər ki, yenə də ölkəmizdə Vətən naminə şəhid olmaqdan qorxmayan insanlar varsa, bu xalq yenilməyəcək, Azərbaycan əbədi olaraq var olacaqdır.

Müzəffər Ali Baş Komandan, Xilaskar lider

Cəlil Bağırov,
İsmayıllı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru

4 ton çətənə kolu məhv edildi
4 ton çətənə kolu məhv edildi
Gürcüstanda elektrik böhranı yaşanır
Gürcüstanda elektrik böhranı yaşanır
Vozinya bu kluba keçdi
Vozinya bu kluba keçdi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd