veten informasiya agentliyi

Heydər Əliyev siyasətinin layiqli davamçısı

Tarix:9-10-2023, 10:14
Baxış Sayı:101

Heydər Əliyev siyasətinin layiqli davamçısı


2003-cü il oktyabrın 31-də isə andiçmə mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdi: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır.

Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Dövlətin müstəqil olması onun daxili və xarici siyasətini işləyib hazırlamağa və həyata keçirməyə imkan verən real suverenliyi ilə müəyyən edilir. Bu suverenliyin olmadığı təqdirdə ölkə məhdud müstəqilliyin mövcudluğu ilə kifayətlənir və belə olan halda müstəqil siyasət aparmaq, ölkə daxilində və onun ətrafındakı nizamın formalaşmasına təsir göstərmək qabiliyyətində olmur.

Milli suverenliyin möhkəmlənməsinin mühüm və əvəzolunmaz vasitəsi, şübhəsiz effektiv iqtisadiyyatdır. Çünki məhz effektiv iqtisadiyyat siyasi, sosial, mədəni-humanitar problemlərin həlli üçün universal açar rolunu oynayır. Bu fikir dünya tarixində çoxsaylı misallarla dəfələrlə sübut olunmuşdur.

Ulu öndər Heydər Əliyevin siyasi məharəti təkcə atəşkəs rejiminin əldə olunmasını deyil, həm də milli dirçəliş proqramının həyata keçirilməsi üçün son dərəcə mühüm daxili qüvvələrin və potensialın yenidən qruplaşmasını mümkün etdi. Liberal iqtisadiyyatın qurulması, istehsal bazasının bərpası, ixracın artırılması reallaşdırılmadan həyatın yaxşılaşdırılması və milli inkişafla bağlı bütün istək və niyyətlər isə xam xəyala çevrilə bilərdi.

Ermənistanla atəşkəs haqqında razılaşmanın imzalandığı gündən dörd ay keçməmiş Azərbaycan üçün böyük tarixi əhəmiyyətə malik olan “Əsrin müqaviləsi”nin imzalanması üçün Bakıya dünyanın ən iri neft-qaz korporasiyalarının nümayəndələri toplaşdı. Ümummilli liderin siyasi uzaqgörənliyi milli reallıqların yenidən formalaşdırılması üçün bazanın yaradılmasını mümkün etdi və əsas hədəf Xəzər dənizinin Azərbaycan sektorunun karbohidrogen ehtiyatlarının çıxarılması və ixracı sahəsində beynəlxalq əməkdaşlığın qurulması idi.

Beləliklə, ulu öndərin enerji strategiyası ölkəmizin taleyində tarixi dönüş konturlarını müəyyən etdi, Azərbaycan üçün beynəlxalq iqtisadi birliyə aparan yolda yaşıl işıq yandırıldı.

Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin dövlətə rəhbərlik etdiyi 18 il Azərbaycanın inkişafı baxımından çox məsul və şərəfli dövr kimi tarixə həkk olunub. Bu müddətdə əldə edilən tarixi nailiyyətlər təsdiqləyir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin xalqa son müraciətində “Mən ona özüm qədər inanıram” sözlərinin ifadə etdiyi böyük etimadı yüksək səviyyədə doğruldub.

Respublikamızda keçirilən seçkilərdə Azərbaycan xalqı birmənalı olaraq Heydər Əliyev yoluna sədaqətini nümayiş etdirib, 1993-cü ildən başlayaraq bu günə qədər keçirilən seçkilərdə də ulu öndərin siyasətinə səs verib. 2003-cü ildə Azərbaycan xalqı cənab İlham Əliyevə səs verərkən Heydər Əliyev yoluna səs verirdi. 2008, 2013 və 2018-ci illərdə isə xalq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarını görərək öz taleyini bir daha ona etibar etdi və bu uğurların da əsasında yenə Heydər Əliyevin müəyyən etdiyi strategiyanın dayandığı şübhəsizdir. Cənab İlham Əliyev 2013-cü ildə keçirilən seçkilərin ilkin nəticələri ilə bağlı xalqa müraciətində deyirdi: “Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir. Azərbaycan xalqı bu seçkilərdə son 10 il ərzində görülən işlərə öz yüksək qiymətini vermişdir. On il ərzində dövlətçiliyimizin əsasları möhkəmləndi. Bu gün Azərbaycan dövləti güclü, müstəqil siyasət aparan bir dövlətdir”.

Dünyanın siyasi xəritəsində kiçik bir ərazini tutan Azərbaycan artıq geosiyasi məkana çevrilə bilmişdir. Bir çox iqtisadçılar dövlət quruculuğunda və sürətli iqtisadi inkişafda əldə edilmiş uğurları bəzən təbii sərvətlər amili ilə izah etməyə üstünlük verirlər. Ancaq bu da bir həqiqətdir ki, zəngin təbii sərvətlərə malik olan ölkələrin heç də hamısı dövlətimizin nail olduğu yüksəlişə, inkişafa müvəffəq ola bilməmişdir. Doğrudur, təbii resursların mövcudluğu ciddi amilə çevrilərək müəyyən rol oynayır. Bununla bərabər sərvətlərin səmərəli istifadə edilməsi, fəaliyyətin forma və metodları da olduqca əhəmiyyətlidir. Eyni zamanda, ölkə ərazisinin beynəlxalq kommunikasiya dəhlizlərinin sıx şəbəkəsindəki mobil bir halqaya çevrilməsinin də həlledici rolu danılmazdır. Ticari, sənaye və maliyyə kapitalının informasiya məhsulunun dövriyyə qabiliyyəti bundan çox asılıdır. Bütün bunların fonunda həm də beynəlxalq səviyyədə ciddi aktor qismində çıxış edən subyektə çevrilmək tamam başqa məsələdir. Bunun üçün güclü, iradəli, uzaqgörən, yüksək idarəetmə məharəti kimi keyfiyyətlərə malik nüfuzlu lider olmalıdır.

Cənab İlham Əliyev hələ Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışdığı dövrdə peşəkar diplomat kimi yarana biləcək problemlərə və açılan perspektivlərə dair düzgün qərarlar vermək bacarığını nümayiş etdirirdi. Qlobal məsələlərdə uzaqgörənliyə malik olmaq isə hər dövlət başçısına xas olan cəhət deyil. Bunu yalnız Heydər Əliyev kimi nəhəng siyasətçinin məktəbini keçmiş , ulu öndər qədər öz Vətənini, xalqını sevən bir şəxsiyyət bacara bilər.

Dövlət başçısının idarəçilik prinsiplərinə diqqət yetirərkən görürük ki, o, öz komandasının üzvlərinin arxayınlaşmasına imkan vermir, bütün məmurların qarşısında prinsipial tələblər qoyur: “Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməli, xalqla bir yerdə olmalı, təvazökar, işgüzar və vətənpərvər olmalı, rüşvət almamalı, özünü xalqdan üstün tutmamalı, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin... Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidir...”

Ölkə başçısının bu prinsipləri ilk növbədə onun fəaliyyətində öz əksini tapır. Təsadüfi deyildir ki, müxtəlif tədbirlərdə, görüşlərdə o, xalqla canlı ünsiyyət ənənəsi yaradır. Bu isə ona ilk növbədə mövcud problemlərlə vaxtında tanış olmağa, bəzən yerində qərar verməyə imkan verir. Açıqlıq, müsahibələrinə sərbəstlik vermək, səmimi söhbət etmək keyfiyyəti Prezidentin davranışının səciyyəvi xüsusiyyətinə çevrilmişdir. Məhz real vəziyyətə xüsusi həvəslə nüfuz etmək bacarığı dövlət idarəetmə strategiyasının işlənib hazırlanmasına və lazımi anda düzgün qərar qəbul olunmasına kömək edir. Belə siyasi xadimlər həmişə öz diqqətini cəmiyyətə, xalqa yönəldir.

Dövlət rəhbərinin təmsil olunduğu partiyanın ideoloji siyasəti dövlətin daxili və xarici siyasətinə də müsbət təsir göstərir. Bu baxımdan da Prezident İlham Əliyevin sədri olduğu hakim Yeni Azərbaycan Partiyasının qarşısında qoyduğu tələblər, qaldırdığı aktual məsələlər zamanın sürətlə dəyişən reallıqları ilə dəyişməyə, yenilənməyə, bu dəyişikliklərə çevik cavab verməyə istiqamətlənib.

Milli məsələlərdə güzəştə getməyən Prezident İlham Əliyev hakimiyyətə gələndən böyük zəfər gününə kimi Qarabağ məsələsində də heç bir güzəştə getmədi, Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. O, 44 gün ərzində siyasi, hərbi lider kimi durmadan, dincəlmədən sözün əsl mənasında vuruşdu, həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı.

Müasir Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin xalqının səadəti, dövlətimizin müdafiə qüdrətinin yüksəlməsi, dövlətçiliyin möhkəmlənməsi, milli müstəqilliyimizin əbədiyaşar olması uğrunda mübarizəsi isə davam edir.


Heydər Əliyev siyasətinin layiqli davamçısı
Fəridə Şərifova,
Bakı şəhəri, 25 saylı tam orta məktəbin direktoru

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb