veten informasiya agentliyi

Qürurdoğuran tariximizi yaradan Lider

Tarix:14-07-2021, 10:47
Baxış Sayı:63

Qürurdoğuran tariximizi yaradan Lider


Hər bir dövlətin və onun xalqının milli özünütəsdiqində fenomenal liderlərin böyük rolu olur. İstənilən dövlətin tarixinə nəzər salsaq, onun həm yaranmasında, həm formalaşmasında, həm də inkişafında lider amilinin nə qədər böyük rol oynadığını görərirk. Müasir dövrdə də beynəlxalq münasibətlər sistemində siyasi liderlərin nüfuzunun proseslərə böyük təsiri danılmazdır.

XX əsrdə xalqımızın yetirdiyi, tariximizin bütöv bir epoxasının müəllifi olan Ümummilli Liderimiz Heydər Əliyev də belə şəxsiyyət kimi əbədiyaşarlıq qazanıb. Heydər Əliyey xalqın sevdiyi, inandığı və etimad göstərdiyi siyasi rəhbər olmaqla bərabər, həm də müasir Azərbaycanın qürur doğuran tarixini yaradıb, müxtəlif siyasi-ictimai formasiyalarda dövlətimizi irəli aparmağa nail olub.

İyulun 14-də Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə başlamasının 52-ci ili tamam olur. Bu dövrü nəzərdən keçirəndə görürük ki, müasir dövlətçiliyimizi və tariximizi, onun inkişaf yollarını Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyil. Çünki Ulu Öndərin zəngin ömür yolunun və fəaliyyətinin müxtəlif mərhələləri son əlli iki illik Azərbaycan tarixinin mərhələləri ilə üst-üstə düşür.

1969-cu ildən Azərbaycana rəhbərliyə başlayan Heydər Əliyevin işgüzarlığı, təşəbbüsləri və tələbkarlığı ilə respublikada genişmiqyaslı islahatların başlanılması və bunun da nəticəsində bütün sferalarda müsbətə doğru dönüşün başlaması sovet dövrü tariximizin ən mühüm nailiyyəti sayılır. Çünki Heydər Əliyevin yüksək təşkilatçılıq bacarığı, yorulmaz fəaliyyəti sayəsində Azərbaycanda iqtisadiyyatın bütün sahələrində vüsətli dəyişikliklərin baş verməsini, respublikamızın Rusiyadan sonra, ittifaq büdcəsindən dotasiya almadan yaşayan iki respublikadan birinə çevrilməsini başqa cür dəyərləndirmək mümkün deyildir. Ən mühümü odur ki, ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin sayəsində Azərbaycanda yaranan güclü iqtisadi potensial müstəqillik dövründə də ölkəmizə xidmət etdi.

Sovet dövlətinin ideologiyasının nədən ibarət olduğunu yaxşı bilirik. Həmin ideologiya hakim olduğu bir şəraitdə yalnız Heydər Əliyev kimi böyük şəxsiyyətlər xalqın özünə məxsus dəyərlərini qoruya bilərdilər. Ulu Öndərin sovet dövründə Azərbaycana rəhbərliyini həm də xalqımızın milli-mənəvi yüksəliş mərhələsi kimi də xarakterizə edə bilərik. Heydər Əliyev xalqımızı manqurtlaşmaqdan, yad mədəniyyətlərin təsirindən qorudu, atdığı addımlarla milli dəyərlərimizi yaşatdı. Milli düşüncələrinə görə sovet hakimiyyəti tərəfindən təqibə məruz qalan insanları da öz soykökünə bağlı olan Heydər Əliyev şəxsiyyəti qorumuşdu o dövrdə.

Sonralar Heydər Əliyev sovet hakimiyyəti illərində respublikamıza rəhbərliyi barədə deyirdi: “Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da, sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı”.

Həmin dövrdə respublikamızda bərqərar olunan işgüzarlıq mühiti, yaradılan sağlam mənəvi-psixoloji durum iqtisadiyyatımızın sürətli inkişafına, eləcə də iqtisadi müstəqilliyimizin yaranmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında liderlər cərgəsinə çıxmasına, beynəlxalq səviyyədə tanınmasına yol açdı.

1993-cü ildə Azərbaycanda baş verən hadisələr bir daha təsdiq etdi ki, yalnız güclü lider ölkəni bu vəziyyətdən çıxara bilərdi. Bu baxımdan o dövrdə Heydər Əliyevin siyasi müdrikliyi ilə Azərbaycanın bütün problemləri dəf etməsi, müstəqilliyimizin qorunması bir daha göstərdi ki, məhz böyük şəxsiyyətlər əməlləri ilə tarixin gedişatını öz xalqlarının maraqlarına uyğun şəkildə dəyişməyi bacarırlar. Qeyd etdiyim kimi, hələ sovet dövründə Azərbaycanı tənəzzüldən çıxaran, iqtisadi inkişafına nail olan Heydər Əliyev müstəqilliyimizin itirilmək təhlükəsi qarşısında qaldığı 1993-cü ildə də tarixin gərdişini, gedişatını belə dəyişdi.

Ulu Öndər siyasi müdrikliyi, xarizması, qətiyyəti ilə hələ bərkiməmiş müstəqilliyimizi layiqincə qorudu. Görkəmli dövlət xadimi kimi Heydər Əliyev müstəqil dövlətçiliyimizin etibarlı təməllərini yaratdı. Heydər Əliyev hüquqi dövlət quruculuğunu həyata keçirərək başa çatdırdı. Ulu Öndərin sayəsində iqtisadiyyatımıza xidmət edən uğurlu iqtisadi və aqrar islahatlar həyata keçirildi, yeni neft strategiyası müəyyən edildi.

Beləliklə, ən kəskin ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyini qorudu, ölkəni parçalanmaq təhlükəsindən xilas etdi və müasir dövlətimizin banisi oldu. Ona görə də Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Hakimiyyətdə olduğu 34 il müddətində Ulu Öndər xalqının tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim özünü real güc mərkəzi kimi göstərmişdir.

Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın yüksəliş tarixinin yeni səhifələri yazılır. Ötən il Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi bəlli həqiqətlərə yeni işıq saldı. Bir daha təsdiq olundu ki, Heydər Əliyev ideyaları həyata vəsiqə alır. Ulu Öndərin müəyyən etdiyi yüksəliş və tərəqqi kursunu müasir dövrün tələblərinə uyğun zənginləşdirən, onu yeni keyfiyyət mərhələsinə yüksəldən Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və müstəqil siyasətin nəticələri dövlətimizin şərəf salnaməsinin parlaq səhifələridir.

Bütövlükdə respublikamızın həm daxili məsələlərdə, həm də beynəlxalq münasibətlər sistemində əldə etdiyi hər bir nailiyyət sübuta yetirir ki, Heydər Əliyevin siyasi irsi layiqincə davam etdirilir. Ulu Öndərin ideyaları Azərbaycanın qüdrətlənməsinə xidmət edir. Son dövrlərin reallıqları - Vətən müharibəsindəki Zəfər, pandemiyanın qarşısının alınması, sosial-iqtisadi sferada əldə olunan müsbət göstəricilər belə bir həqiqəti təsdiq edir ki, Azərbaycan cənab Prezident İlham Əliyevin liderliyi ilə yeni hədəflərə inamla çatacaq, indiyədək nail olduğu bütün nailiyyətlərinin masştabını daha da genişləndirəcək.



Novruzəli ASLANOV,

Milli Məclisin deputatı,

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti

Dövlət başçısının yeni Fərmanı ilə DOST Agentliyinin səlahiyyət və xidmətləri sırası daha da genişlənib
Dövlət başçısının yeni Fərmanı ilə DOST Agentliyinin səlahiyyət və xidmətləri sırası daha da genişlənib
İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi İlahiyyat İnstitutunda olub
İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi İlahiyyat İnstitutunda olub
Vahid əlaqələndirmə mərkəzlərinə 700-ə yaxın şəhid ailəsi üzvü və qazi müraciət edib
Vahid əlaqələndirmə mərkəzlərinə 700-ə yaxın şəhid ailəsi üzvü və qazi müraciət edib
Sumqayıtda qohum və tanıışlarına məxsus 5 evdən oğurluq edən şəhər sakini saxlanılıb
Sumqayıtda qohum və tanıışlarına məxsus   5 evdən oğurluq edən şəhər sakini saxlanılıb
Şəhid ailəsinə guya övladlarının həlak olmadığını, əsirlikdə olduğunu deyərək onları dələduzluq yolu ilə aldadan şəxslər saxlanılıblar
Şəhid ailəsinə guya övladlarının həlak olmadığını, əsirlikdə olduğunu deyərək onları dələduzluq yolu ilə aldadan şəxslər saxlanılıblar
Vahid əlaqələndirmə mərkəzlərinə 700-ə yaxın şəhid ailəsi üzvü və qazi müraciət edib
Vahid əlaqələndirmə mərkəzlərinə 700-ə yaxın şəhid ailəsi üzvü və qazi müraciət edib
Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə Respublika Elmi Konfransı keçiriləcək
Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə Respublika Elmi Konfransı keçiriləcək
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 507-ə, marafon üzrə işlə təmin edilənlərin sayı 715-ə çatıb
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 507-ə, marafon üzrə işlə təmin edilənlərin sayı 715-ə çatıb