veten informasiya agentliyi

SAHİBƏ İMZASININ TƏRCÜMANI

Tarix:6-05-2021, 14:32
Baxış Sayı:426

SAHİBƏ İMZASININ TƏRCÜMANI
SAHİBƏ İMZASININ TƏRCÜMANI
SAHİBƏ İMZASININ TƏRCÜMANI

O, oxuyanda sanki başqa bir aləmdə olur, sanki onun məlahətli səsi uzaqlardan, lap elə qeybdən gəlir, dinləyəni çox uzaqlara-hiylə, riya olmayan, yalnız saf məhəbbət, azad dünya, möcüzəli bir aləmə aparır. Saatlarla, günlərlə də dinləsən yenə dinləmək istəyirsən, bu sehrli-sirli səsi. Xoş, həzin səsi, laylaları, yanıqlı şikəstələri elə bil birə-bir mahnıların və muğamların boyuna biçilib. Sirli-sehrli nəfəsi eşidəni öz cazibə sahəsindən kənar buraxmır, dinlədikcə dinləmək istəyirsən. Sadə el deyimi ilə desək, "səsi sanki insanın iliyinə, sümüyünə işləyir". Bayaqdan portret cizgilərini çəkdiyim sənətkar sənətin ən zirvəsində qərar tutan, davranışıyla, xoş rəftarıyla, səmimi və mehribançılığıyla hamımızın, muğamsevərlərin sevimlisi, elimizin-obamızın mərd, fədakar, cəfakeş qızı, anamız, bacımız, danışığını, oturuşunu, duruşunu bilən, ağayana xanım-xatın Sahibə xanımdır.
Nahaqdan deməyiblər, "İnsan ömrü kitaba bənzəyir, maraqlı bir kitaba. Oxuduqca, elə heyy oxumaq istəyirsən". Ancaq hər bir kitabın işıqlı səhifəsi də olur, qaranlıq səhifəsi də. Həyatda o insanlar xoşbəxtdirlər ki, onların həyat kitabında işıqlı səhifələr daha çoxdur. Bizim nəğməkar bacımız da belə insanlardandır. O insanlardan ki, ömürdən yola saldığı illər hədər getməyib, bir-birindən mənalı və yadda qalan olub. Sahibə xanımın mayası Babadağın saf havasıyla, torpağı, daşı, göz yaşı tək dupduru suyu ilə, əsəblərə sığal çəkən əsrarəngiz şəlalərin sərin mehi ilə yoğrulub. Bəlkə elə bu səbəbdən də, onun mahnılarında, muğamlarında, yanıqlı şikəstələrində Ana torpağa, elə-obaya, Vətənə bağlılıq, sədaqət, yurda məhəbbət hissləri daha güclü, daha qabarıq şəkildə tərənnüm olunur.
Sənətdə peşəkar müğənni olmaq səadəti çox az sənətçiyə nəsib olur. Bu baxımdan Sahibə xanım Abbas qızı Abdullayeva üçün sənəti uğurlu olub. O, İsmayıllı rayonunun Bağəli kəndində anadan olub. Orta məktəbi Lahıc qəsəbə orta məktəbində, sonra isə peşə məktəbinin xalçaçı şöbəsində ixtisas təhsili alıb. İstər Lahıc məktəbində, istərsə də texniki peşə məktəbində oxuyarkən bədii özfəaliyyət dərnəklərinin fəal üzvü olub, baxış müsabiqələrində uğurlu çıxışlar edib.
İsmayıllı rayon mədəniyyət evinin direktoru Əlağa Sədirovun dəvətiylə 1975-ci ildə "Niyal" ansamblına gələrək, o vaxtdan da ömrünü, həyatını musiqiyə, səhnəyə bağlayıb. Onun səhnə həyatı da məhz elə teatrdan başlayıb. Dram dərnəyinin üzvü kimi ilk dəfə "Solğun çiçəklər" tamaşasında baş rolun ifaçısı Sara oldu, Sahibə xanım. Respublika dram dərnəklərinin baxış müsabiqəsində Sara obrazı, eləcə də dram kollektivi "Xalq teatrı" adını aldı. Sahibə Abdullayeva teatrın rejissoru Ləyaqət Yusifovun quruluşunda bir-birinin ardınca "Aydın", " Unuda bilmirəm", " Qız atası", "Yadındamı?" tamaşalarında baş obrazları şox peşəkarcasına yaratdı və Adil İsgəndərov, Mərahim Fərzəlibəyov münsiflər heyətinin üzvləri kimi onun ifalarını yüksək qiymətləndirdilər.
Bəli, Sahibə xanım həyatda çox çətinliklərlə üzləşib. Hətta ilk dəfə el şənliyində iştirak edəndə də çox həyəcan keçirmişdi, həyəcandan əl-ayağı titrəyir, mahnının sözlərini də unutmuşdu. Beləliklə də, onun səhnə həyatı bu cür başladı. Əlbəttə ki, işlədiyin kollektivdən də çox şey asılıdır. Onun iş yoldaşları, kollektiv ona hər bir çətinlikdə arxa, dayaq oldular. İstər mənəvi, istər maddi cəhətdən həmişə onu dəstəklədilər. Sahibə xanımın səhnəyə gəlişi durğunluq illərinə təsadüf etdiyindən o vaxtlar rayon yerində hamı onun sənətinə birmənalı baxardı. Doğrudan da, o vaxtlar bir qız uşağı üçün səhnədə olmaq çox çətin idi. Ancaq vaxt keçdikcə, zaman dəyişdikcə insanların həyata baxışı da dəyişdi. Bütün o əzablı günlər arxada qaldı.
İstər rayon, istərsə də rayonun hüdudlarından kənarda Sahibə xanım xalq musiqisinin, muğamlarımızın, bəstəkar mahnılarının özünə məxsus tərzdə mahir ifaçısına çevrildi. Xalq tərəfindən sevilə-sevilə dinlənildi. Rayonda keçirilən bütün tədbirlər onun iştirakı ilə daha rəngarəng keçirildi. Birinci Qarabağ müharibəsi başlayandan Sahibə xanım öz istəyilə bütün cəbhə bölgələrində əsgərlər və zabitlər qarşısında yüksək vətənpərvərlik nümayişi ilə çıxışlar edərək, öz həyatını təhlükə qarşısında qoymaqla əsgərlərimizi qələbəyə ruhlandırırdı. Bu sahədə apardığı mədəni təbliğata görə dəfələrlə respublika və rayon rəhbərlikləri tərəfindən mükafatlandırıldı, Sahibə xanım.
Sahibə xanım rayonun, Vətənimiz Azərbaycanın ictimai-siyasi həyatında da yaxından iştirak edir. Rayon qadınlar cəmiyyətinin üzvü, Azərbaycan Qadınlarının qurultayının nümayəndəsidir. Onun ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Heydər baba" klipi ekranların gündəmini zəbt edən ekran əsəri oldu. Xalq mahnılarının, muğamlarımızın düzgün ifa olunmasında öz bilik və təcrübəsini gənc ifaçılara böyük həvəslə öyrədir Sahibə xanım. Bu işdən zövq aldığını, qürur hissi duyduğunu söyləyir. Sahibə xanımın səhnə fəaliyyətini, canıyla-qanıyla sənətə bağlı olduğunu, həyatını - ömrünü səhnəyə bağladığını heç kəs inkar edə bilməz. O, bu sənəti sevir və daim onu təkmilləşdirməyə çalışır.
Bu günlərdə Sahibə xanımın fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirildi. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Sahibə xanım Abdullayevaya "Əməkdar Mədəniyyət işçisi" fəxri adı verildi. Bu onun sənətinə verilən dəyərli, ən layiqli töhfə oldu. Sahibə xanım sənətində sıravi bir sənətçi deyildir. O, hazırda sənətinin ən uca zirvəsindədir. Doğru deyimdir: "Hər qoz girdədir, hər girdə isə qoz deyildir". Sahibə xanımın oxuduğu mahnıları, muğamları hər özünə "müğənniyəm, xanəndəyəm" deyən oxuya bilməz. Bu ifaları ifa etmək üçün xanəndə müəyyən reseptlərə sahib olmalıdır. Onları oxumaq üçün birinci növbədə xanəndənin Vətən sevgisi, xalq sevgisi, insanların qəlbinə nüfuz edə bilmə qabiliyyəti, gözəl və təmiz qəlbə sahib olması çox önəmlidir. Bu məziyyətlərin hər biri Sahibə xanımda var. Odur ki, Sahibə xanım hər zaman həm gözəl səsiylə, həm gözləri qamaşdıran gözəlliyi ilə, həm səmimiliyi ilə könülləri oxşayır, oxuduğu mahnıları ilə hər kəsin sevimlisinə çevrilib.
Bizlər də dəyərli elqızımıza daima uğurlar diləyir, ona daha yüksək zirvələri fəth etmək arzumuzu bildiririk. Bu yazıda həyatdakı Sahibə obrazının tərcümanı olan Sahibə xanımın əzizlərinə, yaxınlarına və doğma yurduna olan sonsuz sevgisi, yaşadığı ömrün hesabatı qısa da olsa öz əksini tapıb. Ömür mənalı yaşananda isə verilən hesabat da belə, xoş və könülaçan olur, dəyərlimiz Sahibə xanım!
Uğurların bol olsun!
TƏRANƏ CƏBİYEVA
Yazıçı-publisist,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl Qələm" media mükafatı laureatı

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb