veten informasiya agentliyi

Rüstəm XəlilovI Bizə qələbə yaraşır

Tarix:22-01-2021, 14:27
Baxış Sayı:259

Rüstəm XəlilovI Bizə qələbə yaraşır

Azərbaycan Prezidenti İlham ƏLİYEV: “Müharibə Ermənistanın yadından çıxmasın, unutmasınlar ki, dəmir yumruq yerindədir”

Qarabağa əmin-amanlıq gəlir. İllər öncə bunlar əlçatmaz arzuya çevrilmişdi. Budur, xəyallarımız gerçəkləşir. Doğma yurdlara qayıdış proqramları, dinc quruculuq işlərinə başlanılması müzakirə mövzusuna çevrilir, rəsmiləşdirilir, qərarlar qəbul edilir.

Dövlət başçısı İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı xalqa müraciətində, həmçinin 6 yanvar 2021-ci il tarixində ötən ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə bu məsələ müzakirə mövzusu oldu. Bəli, cəmi iki aya yaxındır ki, Vətən müharibəsi başa çatıb. Bu müddət ərzində Qarabağa yeni nəfəs gətirəcək xeyli işlər görülüb. Onlardan ən əsası 30 ilə yaxındır xəyallarımızda getdiyimiz Şuşaya, Laçına, Kəlbəcərə yolların çəkilməsi, vandalların barbarlıq siyasəti nəticəsində tamamilə xarabalığa çevrilən yurdlarımızın yenidən bərpası istiqamətində aparılan təxirəsalınmaz tədbirlər atılan ilk addımlardandır, uğurlu və davamlı olsun.

Müşavirədə qeyd edildiyi kimi, 44 gün ərzində Müzəffər Azərbaycan Ordusu Ermənistanın silahlı quldurlarının saxta mifini darmadağın etdi. Qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Ali Baş Komandanımızın rəhbərliyi ilə düzgün planlaşdırılan və həyata keçirilən hərbi əməliyyatlar mümkün olmayanı gerçəkləşdirdi - işğalçıları ağ bayraq qaldırıb məğlubiyyətini boynuna almağa məcbur etdi. Bu, əslində, düşmənin diz çökməsi, yalvarması deməkdir.

Hərb tarixinə zəfər yazan Ordumuzun rəşadətli döyüşləri sayəsində 300-dən çox yaşayış məntəqəsi, eləcə də qədim, doğma Qarabağın zümrüd tacı olan Şuşa işğaldan qurtardı. Bundan sonra silahlı quldur dəstələri haqqında “yenilməz”, “basılmaz” mifi yaradan düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı. Kəlbəcər, Laçın, Ağdam da məhz həmin təslim aktından sonra döyüşsüz qaytarıldı.

Müharibə artıq arxada qalıb. Müzəffər Azərbaycan Ordusu bizə Zəfər paradının sevinclərini də yaşatdı. Dövlət başçısının da qeyd etdiyi kimi, İkinci Qarabağ savaşı bizim əyilməz iradəmizi, birliyimizi, müharibə, qələbə rəmzinə çevrilən dəmir yumruğun gücünü göstərdi: “Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq”.

Ermənistanın xarici işlər nazirinin Xankəndiyə gəlməsi müharibədən sonra təxribatdan savayı bir şey deyil. Azərbaycan Prezidenti bu məsıələyə münasibətini qətiyyətli şəkildə və birmənalı bildirdi: “Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır! Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq! İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və Azərbaycana səfər etmiş Rusiya hökumət nümayəndələrindən ibarət heyət əsasən bu mövzular haqqında söhbətlər aparmışdır.

Yaxşı, əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli “səfərlərə” nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar. Ona görə bütün səfərlərə son qoyulmalıdır.

Azərbaycan Prezidenti bir daha vurğuladı ki, biz tarixi ədaləti bərpa etdik. Biz göstərdik ki, heç kim xalqımızın iradəsi qarşısında dura bilməz.

Ötən ilin yekunlarının müzakirəsində bir daha qeyd edildi ki, iqtisadiyyatın inkişafı siyasi müstəqilliyimizi də gücləndirdi, daha da cəsarətli siyasət aparıldı. O siyasət ki, yalnız Azərbaycan xalqının maraqlarına xidmət edir. Bu gün dünyada, dünya xəritəsində, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyil və Azərbaycan onlardan biridir. Qələbə ilə başa vurduğumuz Vətən müharibəsi də bir daha onu təsdiqlədi. Bütün təzyiqlərə baxmayaraq, biz istədiyimizə nail olduq: düşməni torpaqlarımızdan qovduq. İllərlə həll olunmayan Dağlıq Qarabağ problemi artıq yoxdur.

Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki tarixdə heç vaxt bu qədər güclü olmayıb. Bu, həm siyasi, iqtisadi, həm də hərbi gücdür, bir sözlə, xalq-iqtidar birliyidir. Bu, eyni zamanda dövlətimizin regionda oynadığı müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik.

İlin əvvəlindən sonuna kimi bütün bunlarla yanaşı, digər sahələrdə də bir çox işlər görülüb. Dövlət başçısı fikirlərini açıqlayarkən qeyd etdi ki, bundan sonra məcburi köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək. Füzuli rayonunda, Horadizdə və başqa bir kənddə evlər tikilib. Ancaq bundan sonra daha Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində və hər hansı bir başqa yerdə köçkünlər üçün evlər tikilməməlidir: “Bu yaxınlarda müşavirə keçirərkən mənə məlumat verildi ki, bütövlükdə keçmiş məcburi köçkünlərin 52 faizi şəhərlərdə məskunlaşıb. Bu insanların böyük əksəriyyəti kənd yerlərindən didərgin salınıb, ancaq, nədənsə, məskunlaşma şəhərlərdə aparılıb. Əlbəttə ki, bu insanları yenə də rayon yerlərinə qaytarmaq üçün xüsusi proqram olmalıdır. Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək...

Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar. Buna nail olmaq üçün dövlət əlindən gələni əsirgəməyəcək”.

Ötən il dekabrın 31-dən şəhid ailələrinin təqaüdü 500, 1-ci qrup müharibə əlillərinin müavinəti 400, 2-ci qrup müharibə əlillərinki 350, 3-cü qrup əlillərinki isə 300 manata qədər artırılıb. Bunlardan savayı, Milli Qəhrəmanlarımızın təqaüdləri də artırılaraq 1800 manata çatdırılıb. Dövlət başçısının sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub ki, məbləği 2000 manatdır. Artırılan təqaüdlər, ümumilikdə, 100 min nəfərədək insanı əhatə edir.

Bundan əlavə, İkinci Qarabağ müharibəsi döyüşlərində iştirak edən və ya şəhid olan vətəndaşların ailələri ilə bağlı son bir ayda görülmüş işlər 7 min şəxsi əhatə edib. 2300 şəxsə sosial ödənişlər təyin olunub. Ötən il 2000 şəhid ailəsi və müharibə iştirakçısının ailəsi özünüməşğulluq proqramlarına cəlb edilib, 2700 nəfərə isə sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib.

1500 şəhid ailəsi, müharibə əlilinə mənzillərin və evlərin verilməsi nəzərdə tutulub. Artıq 1450 mənzil və fərdi ev həmin şəxslərə təqdim edilib. Ötən il 400 müharibə əlili və əlilliyi olan şəxslər avtomobillə təmin ediliblər.

Azərbaycan Prezidenti bildirdi ki, artıq torpaqlar azad edilib, ona görə də böyük qayıdış və inkişaf prosesləri başlanmalıdır: “Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq.

Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam...”

Azərbaycan Prezidenti İlham Əliyev heç də təsadüfi yerə demədi: “Müharibə Ermənistanın yadından çıxmasın, unutmasınlar ki, dəmir yumruq yerindədir”.

Rüstəm Xəlilov
Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Oğurluq
Oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib
Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib
DİN HESABAT
DİN HESABAT