veten informasiya agentliyi

Azərbaycan bazarları “leşyığanlar mafiyası”nın əsarətindən qurtula bilmir

Tarix:11-04-2017, 10:32
Baxış Sayı:456

Azərbaycan bazarları “leşyığanlar mafiyası”nın əsarətindən qurtula bilmir
















İt əti at ətinə qarışıb kolbasaya çevrilir; 3 dövlət qurumu acizlik göstərir...

Azərbaycanın ət və ət məhsulları bazarında biabırçı vəziyyət qalmaqdadır. Mətbuat yazır, telekanallar göstərir, radiolar eşitdirir. Amma nə faydası? 2 manat 50 qəpiyə satılan kolbasalar piştaxtalardan kəm olmur. Restoranlarda menyuya daxil edilən, süfrəyə bəh-bəhlə verilən ətlərin dadı, keyfiyyəti ürək bulandırır.

Sanki Azərbaycanda müvafiq sahəyə nəzarət edən qurumların rəsmiləri gözdən, qulaqdan əlildir, vegetariandır. Restoranlara toya çağırılmırlar və ya getmirlər. Mətbuatı izləmirlər, telekanallara da baxmırlar. Heç polisin məlumatlarında ara-sıra yer alan atların sürü ilə oğurlanması, eşşəklərin qaçırılması haqda xəbərləri də eşitmirlər.

Bu gün bölgələrdə və paytaxt Bakıda mənşəyi məlum olmayan ət daşınmaqdadır. Ölmüş, yarımcan, xəstə heyvan ətləri ardı-arası kəsilmədən paytaxta daşınır. Yenə qəzetlər yazır, telakanallar göstərir, murdar ətlərin Bakıya daşınması bir qədər zəifləyir. Və ara sakitləşdisə, murdar ətlərin ticarəti yenə canlanır. Bu alverdə əl qızdıran kimlərdir? Kimlər qazanır belə iyrənc və qanunsuz alverdən? Mənşəyi məlum olmayan ətlərin üzərinə baytarlıq idarələrinin möhürü və rəsmi sağlamlıq arayışları necə verilir?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov illərdir ki, danışır, murdar ət ticarətini durdurmaq üçün yetərli məlumatları açıqlayır. Amma çi fayda. Eyyub Hüseynov bir müddət əvvəl qəzetimizə açıqlamasında olduqca ciddi faktları bölüşmüşdü.

Sitat: “Bu gün Bakının əksər bazarlarında - Yasamal bazarı, 9-cu mikrorayon, 3-cü mikrorayon, Nərimanov rayonu ərazisində bazarlarda, ”Təzə Bazar"da və sair yerlərdə küçələrdə heyvanlar kəsilir. Bu ərazilərdə hətta kəsilmək üçün gətirilən heyvanlar gecələr küçələrə bağlanır və sakinlərə narahatlıq yaradır. Çünki Azərbaycanda bazar öz qanunları ilə işləyir. Azərbaycan istehlakçısı gözü ilə gördüyü əti almaq istəyir. Sual olunur ki, niyə Azərbaycan istehlakçısı küçələrdə antisanitar şəraitdə satılan ətləri alır, böyük supermarketlərdən, yaxşı vəziyyətdə satılan ət almır? Ona görə ki, istehlakçının artıq inamı qalmayıb. Yaxud da istehlakçı səhər saatlarında bazara daxil olanda ətlərin üzərində baytarların sağlamlıq yoxlanışı haqqında möhürlərini görür. İstehlakçı bunu anlayır ki, bu möhürlər yoxlanılmadan vurulub. İstehlakçı bilir ki, səhər tezdən bazarda baytarlıq yerləri açıq olmur ki, onlar həqiqi yoxlamalar aparsınlar. Onlar bilirlər ki, bu möhürlər yalandan vurulub. Bazarlarda yalançı ekspertizalar keçirilir, pullar yığılır və sənədlər verilir. Hətta istehlakçı görür ki, bazarlarda ağzı açılmamış şüşə qablarda olan turşular üçün ekspertizadan keçirilmə sənədləri verilir. Ona görə də istehlakçı bunlara inanmır. Buna görə də istehlakçı istəyir ki, heyvanın kəsilmə prosesini gözü ilə görsün və inansın. Hətta bazarlarda, küçələrdə, insanların gözü qarşısında kəsilən heyvanların da heç biri ekspertizadan keçirilmədən istehlakçıya satılır. Mən dəfələrlə şahidi olmuşam ki, Bərdə bazarından, Sabirabadda məcburi köçkünlərin bazarından və digər bazarlardan onlarla heyvanlar maşınlara yığılaraq, heç bir yoxlamadan keçmədən, qan analizi götürülmədən, baytarlıq dərmanlarının qalıqları müəyyən olunmadan saxta kağızlar alınır və Bakıya gətirilib guya sanitariyadan keçirilməsi barədə kağız alınaraq kütləvi satış məntəqələrində satılır. Onların bir hissəsi marketlərə göndərilir".

Azərbaycanda bu sahədə dünyanın heç bir ölkəsində baş verməyən hadisələr baş verir. Mil-Muğan və Qarabağ zonasında ölmüş, murdar olmuş malların cəsədləri yığılaraq Bakıya gətirilir.

“Leşyığanlar mafiyası” haqda da çox yazmışıq. Bu mafiyanın üzvləri murdar olub çölə atılan cəsədləri yığır və ya xəstə mal-heyvanı sahibindən ətin kiloqramını 1 manatdan alıb Bakıya gətirirlər. Eyyub Hüseynov dəfələrlə bu cür murdar ətlərin satış şəbəkəsi haqda bildiklərini jurnalistlərə danışıb. Deyib ki, Azad İstehlakçılar Birliyi bu şəbəkəni ifşa etmək məqsədilə dövlət orqanları qarşısında məsələ qaldırıb: “Dünyanın heç bir ölkəsində murdar ətlər yeyilmir. Azərbaycanda bu ətlərin yeyilməsinə dair faktlar var, dövlət orqanlarına məlum olduğu kimi, bizə də məlumdur. Gecə 2-3 radələrində həmin ətlərin gətirildiyi yerlər haqda dövlət orqanlarına məlumat vermişik. Amma heç bir nəticə olmayıb”.

Bu sahədə vəziyyəti dəyişə biləcək qurumların - İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi rəsmilərinin hərəkətsizliyi Azərbaycan vətəndaşlarını, xüsusilə əhalinin aztəminatlı hissəsini böyük təhlükə ilə üz-üzə qoyur. Vətəndaşların qida təhlükəsizliyi böyük təhlükə ilə üz-üzədir. Rəsmi qurumlar isə hərəkətə keçməyə tələsmirlər.

Kimi gözləyirlər? Yoxsa “Leşyığanlar mafiya”sının əlləri onlara da çatır? Ətin murdar olmasının və piştaxtaya, restoranlarda süfrələrə, uşaq bağçalarında gündəlik qida rasionuna daxil edilməsinin onlara aidiyyəti yoxdur? Ən azından Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi murdar olmasına şübhə etdiyi ətdən nümunə götürüb ekspertizaya göndərə, Kənd Təsərrüfatı Nazirliyi ətin tərkibində baytarlıq dərmanlarının qalıqlarının səviyyəsini yoxlaya bilər. Birbaşa bazara nəzarət etməyə borclu olan İqtisadi İnkişaf Nazirliyi də səlahiyyətlərini işə salıb vəziyyəti dəyişə bilər.
Hökumət qurumlarının istehlakçı hüquqlarını qorumaq, bazarı təhlükəli mallardan, murdar ətlərdən azad etmək, vətəndaşlar arasında yoluxucu xəstəliklərin qarşısını almaq səlahiyyətləri var. Bunu isə etmirlər. Ölkədə ət bazarına nəzarəti gücləndirib koordinasiya etmək üçün bir müstəqil qurumun yaradılmasına və komissiya şəkilində fəaliyyət göstərməsinə əşhədü-ehtiyac var.


E.MƏMMƏDƏLİYEV

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Oğurluq
Oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib
Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib
DİN HESABAT
DİN HESABAT