veten informasiya agentliyi

Ali Baş Komandan bayrağımızı ən ali məqama yüksəldir

Tarix:8-11-2020, 13:30
Baxış Sayı:32

Ali Baş Komandan bayrağımızı ən ali məqama yüksəldir

Bu günün mübarək, məğrur bayrağım! Ənginliyi andıran mavini, atəş dilimi tək alışıb yanan al rəngini, ümidin simvolu zümrüdünü indi işğaldan azad olunan Qarabağda, başı buludlarla yarışan zirvələrində, Xudafərində, Suqovuşanda dalğalanan görmək necə də fəxarətdir. Ay-ulduzun meydan oxuyur, hər gün qələbə müjdələrinin gəldiyi rayonlarımızda "Qarabağ Azərbaycandır!” hayqırdıqca, düşmən əzəmətin qarşısında əzilir, diz çökür önündə!.. Səmada qartaltək süzəndə, fırtınalı dəniz kimi dalğalananda düşmənin bağrına ox kimi sancılırsan! Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, şücaəti sayəsində haqqa doğru inamla addımlayaraq, şah zirvənə ucalırsan, ədalət ənginliklərində bərqərar olursan...

Qürurverici həqiqətdir ki, hələ dünyanın bir çox ölkələrində dövlət, millət anlayışının formalaşmadığı bir vaxtda Azərbaycanın ta qədimlərdən dövlətləri də olub, onların bayraqları da. Minillərin o tayından adlayıb gələn bayraqlarımız tarix boyu çox sınaqlara tuş gəlib, cəng meydanlarında döyüşüb, nizələrə taxılıb, amma heç zaman düşmənə baş əyməyib. Ulu babalarımız həmişə bayrağa sancaq deyiblər, yəni qəhrəmanlarımızın döyüşlərdə öz bayraqlarını sancdıqları yer onlar üçün müqəddəs məkana, ana yurda çevrilib.

Müxtəlif dövrlərdə Azərbaycanın Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər kimi güclü dövlətləri tariximizdə silinməz izlər qoyub və bu dövlətlərin hər birinin müstəqillik rəmzi olan bayraqları ucalarda dalğalanıb. Bugünkü üçrəngli bayrağımız isə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. 102 il əvvəl - 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edib. Özünəməxsus milli varlıq fəlsəfəsi olan bayrağımızdakı mavi rəng milli mənsubiyyətimizi, qırmızı rəng müasirliyi, yaşıl rəng isə xalqın mənəvi dünyasını ifadə edir.

Dövlətin ən müqəddəs rəmzi və əsas atributlarından olan bayraq onun mövcudiyyətinin təsdiqidir. Buna görə bayraq bütün dünyada qürur mənbəyi hesab olunur. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra başlatdığı istiqlal mücadiləsində atdığı ilk addımlardan biri üçrəngli bayrağımızın yenidən ucaldılması olmuşdu. 1920-ci ildə üçrəngli bayrağımız sovet hakimiyyətinin bayrağı ilə əvəz olunsa da, Azərbaycan xalqının azadlıq hisslərini məhv edə bilmədilər. Xalqımız 70 il azadlıq sevgisini qəlbində gəzdirdiyi kimi, özünün milli bayrağının olduğunu da heç vaxt unutmadı.

Ürəklərdə yaşayan üçrəngli bayrağımız 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının iclasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Bu, o dövr idi ki, hələ sovet hakimiyyəti mövcud idi. Lakin Heydər Əliyevin cəsarəti, hünəri, müstəqil dövlətçilik idealları qarşısında heç bir ideoloji baryer dayana bilməzdi.

Bu hadisə Azərbaycanda başlanmış milli istiqlal hərəkatının ən şərəfli səhifəsi oldu, onun daha da genişlənməsinə yol açdı. Ulu Öndərimiz bayrağımızla bağlı tarixi ədalətin bərpa olunması istiqamətində fəaliyyətini bununla kifayətləndirmədi. Belə ki, Naxçıvan Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Bundan 3 ay sonra, 1991-ci ilin fevral ayında Azərbaycan Ali Soveti tərəfindən üçrəngli bayrağımız dövlət bayrağı kimi təsdiq olundu.

Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı.

Ötən 17 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu idarəçiliyi Azərbaycanın inkişafında yeni mərhələ açdı. Təsadüfi deyil ki, bu gün respublikamız bütün sahələrdə Cənubi Qafqazın lider dövlətidir, enerji təhlükəsizliyi məsələsində dünyada söz sahibidir.

Bu günlərdə Azərbaycan Ordusunun Dağlıq Qarabağda yazdığı şanlı tarix də İlham Əliyevin inkişaf siyasətinin təsdiqidir. Cənab Prezidentin uğurlu siyasəti artıq elə bir dövrü yetişdirdi ki, indi Azərbaycan öz hərbi imkanları ilə torpaqlarımızı işğaldan azad edə bilər. Məlumdur ki, Azərbaycan indiyə kimi torpaqlarının azad edilməsi məsələsində ikili standartlarla üzləşib. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar 28 ildə məhz ikili standartlar səbəbindən nəticəsiz qalıb. Bu illər ərzində heç kim işğalçını öz adı ilə çağırmayıb, Ermənistana təzyiq etmək istəməyib. Və bu illər ərzində çalışıblar ki, Azərbaycan xalqı işğalla barışsın.

Xalqımız 70 il müstəqillik arzusunu qəlbində yaşatdığı kimi, torpaqlarının işğal altında olması ilə də heç vaxt barışmadı. Sentyabrın 27-dən başlanan ikinci Qarabağ müharibəsində hər birimizin gördüyümüz və fərəhləndiyimiz ən böyük mənzərə övladlarımızın dərin vətənpərvərlik hisslərinə mənsub olmalarıdır. 30 ildə Azərbaycanda yeni bir nəsil formalaşıb. Bu gün cəbhədə döyüşən igidlərimizin böyük əksəriyyəti 1990-cı illərin əvvəllərində baş verən hadisələrin şahidləri deyillər. Amma onlar sanki o dövrü yaşamış insanlar kimi düşmənlə döyüşürlər, torpaqlarımızı azad edirlər.

Bəli, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ən böyük uğurlarından biri də bütün cəmiyyətimizin vətənpərvər ruhda olmasıdır. Bu işdə indiyədək görülən bir sıra işlərin, xüsusən dövlətçilik tariximizin öyrənilməsi, milli rəmzlərimizə yüksək ehtiramla yanaşılması mühüm əhəmiyyət kəsb edir. Məhz İlham Əliyevin sərəncamı ilə ölkəmizdə hər il noyabr ayının 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir. Məhz İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində Dövlət Bayrağı Meydanı salınıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. Bütün bunlar xalqımızın vətənpərvərlik hisslərinin daha da yüksəlməsinə xidmət edən mühüm amillərdir

Hələ 2016-cı ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən Lələtəpə yüksəkliyində sancılan bayrağımız tezliklə bütün işğal altında olan torpaqlarımızdan zəfər sədalarının gələcəyinin müjdəsini verdi. Budur, artıq bayrağımız yağı tapdağından azad etdiyimiz yurd yerlərimizdə dalğalanır. Azərbaycan xalqının milli mənliyini bütün dünyaya nümayiş etdirən İlham Əliyev bu gün tarixi ədaləti sərkərdə qətiyyəti ilə bərpa edir.

Bu gün Ali Baş Komandanımız tarixin gerçəkliyindən, milyonların arzusundan yoğrularaq azadlıq rəmzinə dönən üçrəngli müqəddəs bayrağımızı layiq olduğu ən ali məqama yüksəldir. Azərbaycanı heç bir qüvvə yolundan döndərə bilməz. İndiyə qədər bəzi cəhdlər olsa da, Prezident İlham Əliyev onların hamısını qətiyyətlə dəf etdi, Azərbaycanın haqq yolunda olduğunu bütün dünyaya sübuta yetirdi. Qısa müddətdə düşməni darmadağın edən ordumuzun torpaqlarımızı işğaldan tam azad etməsi bizim müqəddəs məqsədimizdir.

Novruzəli ASLANOV,
Milli Məclisin deputatı,
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti

Bizlan kəndinə təbii qaz verildi
Bizlan kəndinə təbii qaz verildi
Deputatdan növbəti onlayn qəbul
Deputatdan növbəti onlayn qəbul
3 dekabr-Beynəlxalq Əlillər Günüdür
3 dekabr-Beynəlxalq Əlillər Günüdür
“COVID-19-la mübarizədə birlikdə güclüyük” vebinarı keçirilib
“COVID-19-la mübarizədə birlikdə güclüyük” vebinarı keçirilib
İsmayıllıda qazilərin ailələri növbəti dəfə ziyarət olunub
İsmayıllıda qazilərin ailələri növbəti dəfə ziyarət olunub
"Biz Qalibik! Qaliblər mühakimə olunmur." Müsahibimiz Millət Vəkili professor Rüfət Quliyevdir.
Azərbaycan İlahiyyat İnstitutunda dərslərin məsafədən keçirilməsi uğurla davam edir
Azərbaycan İlahiyyat İnstitutunda dərslərin məsafədən keçirilməsi uğurla davam edir
Pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır - OPERATİV MƏLUMAT
Pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır - OPERATİV MƏLUMAT