veten informasiya agentliyi

Yenidən sərt karantinə qayıtsaq, zərərimiz nə qədər olacaq? - TƏHLİL

Tarix:25-09-2020, 05:01
Baxış Sayı:345

Yenidən sərt karantinə qayıtsaq, zərərimiz nə qədər olacaq? - TƏHLİL
Koronavirus pandemiyasının başlanmasından 7 ay ötür. Bu müddət dünyada, eləcə də Azərbaycanda iqtisadiyyatın, dövlətin itkilərini hesablamaq üçün daha dəqiq göstəriciləri əldə etməyə imkan verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-avqust aylarında ölkədə 45 milyard 962,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,0 faiz az ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz, neft-qaz sektorunda isə 4,9 faiz azalıb. Əhalinin hər nəfərinə düşən ÜDM 3,7 faiz azalaraq 4611,7 manat təşkil edib. Maraqlıdır ki, əksər ölkələrdə ÜDM azalması daha yüksək səviyyədə qeydə alınıb.

Səkkiz ayda qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlər 10,5 faiz, nəqliyyatda yükdaşımalar 17,3 faiz, sərnişindaşımalar 35,2 faiz, pərakəndə ticarət dövriyyəsi 1,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 24 faiz, əhalinin banklardakı əmanətləri 9,4 faiz azalıb. Yanvar-iyulda isə xarici ticarət dövriyyəmiz 30,9 faiz kiçilib.

Qeyd edək ki, avqust ayında Azərbaycan dövlət büdcəsinə neftin yeni qiymətlərinə uyğun dəyişiklik olunub - qiymət 55 dollardan 35 dollara endirilib. Buna uyğun olaraq Dövlət Neft Fondunun 2020-ci il üzrə 55 dollardan hesablanmış büdcə gəlirləri 12 milyard 384 milyon manatdan ( 7 milyard 285 milyon dollar) yenidən hesablanaraq 7 833 min manata ( 4 milyard 608 milyon dollar) qədər azaldılıb. Fondun büdcə xərcləri isə 11milyard 5 990 milyon manatdan (6 milyard 818 milyon dollar) 12 milyard 440 milyon manata qədər (7 milyard 318 milyon dollar) artırılıb.

Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, dövlət büdcəsinə avqust ayında edilən dəyişikliklərdən sonra neft qiymətləri 10 faiz ucuzlaşıb: “Bu ucuzlaşmadan büdcə heç nə itirmir, çünki yeni variantda büdcə neftin 35 dollar qiyməti ilə hazırlanıb. Neftin qiymətində mart ayından qeydə alınan ucuzlaşmaya görə əldə edə bilmədiyimiz gəlirlərə gəlincə, bunu keçənilki gəlirlərlə müqayisə etməklə müəyyənləşdirmək mümkündür. Gəlirlərin azalmasına iki faktor təsir edib. Birincisi, OPEK+ çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq neft hasilatının azaldılmasıdır. Səkkiz ayda bu azalma 1, 8 milyon ton olub. İkinci faktor, koronavirus pandemiyasının təsiri ilə enerjiyə olan tələbatın azalması nəticəsində qiymətlərin ucuzlaşmasıdır. Bu ucuzlaşma nəticəsindədə bizim gəlirimiz azalıb. Əgər ötən ilə baxsaq, 2019-cu ildə Dövlət Neft Fonduna neft-qaz satışından təxminən 8 milyard dollar daxil olub. Bu ilin yekunu üçün isə bu gəliri ən yaxşı halda 4,5 milyard dollar gözləmək mümkündür”.

Ekspertin dediklərindən aydın olur ki, pandemiyanın yaratdığı problemlər 2020-ci il üzrə təkcə Neft Fonduna daxilolmalarda 3,5 milyard dollarlıq itkiyə səbəb olacaq. Beynəlxalq analitik mərkəzlərin proqnozlarına əsasən gələn il neftin qiyməti 40-45 dollar aralığında dəyişəcək. Bu isə elə cari ildəki orta qiymətə çox yaxın bir göstəricidir. Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, 2021-ci ildə Azərbaycanda neft hasilatı gündəlik 10 min barel və ya illik 500 min ton azalacaq. Bu isə gələn il neft gəlirlərimizin daha da azalacağı deməkdir.

Nəzərə almaq lazımdır ki, neft qiymətləri yalnız Neft Fondunun deyil, SOCAR-ın və dövlət büdcəsinin də gəlirlərinə təsir edir. SOCAR-ın dünya bazarına çıxardığı nefti ucuz satmaq, həmçinin hasilatı azaltmaq baxımından gəlirləri azalacaq. Dövlət büdcəsi isə xarici neft şirkətlərinin mənfəət vergisi bölməsi üzrə gəlirləri daha az olacaq.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, ümumi daxil məhsul istehsalında azalmanın digər dünya ölkələrinə nisbətən Azərbaycanda daha aşağı olmasının bir neçə səbəbi var: “Əsas səbəblərdən biri budur ki, Azərbaycanda iqtisadi mühit kifayət qədər inkişaf etmiş səviyyəyə çatmayıb. Buna görə də təbii ki, pandemiyanın təsirləri də qismən zəif olub. Diqqət yetirsək görərik ki, iqtisadiyyatın azalması daha çox neft sektorunda müşahidə olunur - 4,9 faiz. Qeyri-neft iqtisadiyyatında isə azalma daha azdır - 1,7 faiz. Bunu indiki halda dayanıqlıqla izah etməyə çalışırlar. Amma reallıq budur ki, ölkədə ciddi iqtisadiyyat yoxdur, sektorlararası şaxələnmə mövcud deyil. Buna görə də daha çox fəaliyyətlər ticarət və xidmətlər üzərində qurulub, istehsal mühiti zəif inkişaf edib. Belə bir şəraitdə də əhalinin gəlirlərinin formalaşmasında əsas seqment dövlət sektoru olur - burada da gəlirləri qoruyub saxlayırlar. Bu da məcmu tələbdə müəyyən tarazlığın saxlanmasına gətirib çıxarır. Beləliklə də iqtisadiyyatda geriləmə digər ölkələrlə müqayisədə daha aşağı səviyyədə müşahidə olunur. Amma onu da nəzərə almaq lazımdır ki, biz rəsmi rəqəmlər əsasında danışırıq. Real vəziyyətdə geriləmə daha yüksək həddədir. Statistik uçotun zəif təşkili iqtisadiyyatdakı real azalmanı dəqiq müəyyənləşdirməyə imkan vermir”.

Ekspert hesab edir ki, pandemiyanın zərərindən danışarkən yalnız ümumi olaraq ÜDM istehsalına deyil, ayrı-ayrı sektorlar üzrə vəziyyətə də diqqət yetirmək lazımdır: “Məsələn, turizm sektorunda 55 faiz kiçilmə qeydə alınıb. İaşə xidmətləri sahəsində dövriyyə 2 dəfəyə yaxın azalıb, tikinti sektorunda 9 faizdən artıq geriləmə var. Ayrı-ayrı sahələrə baxanda pandemiyanın daha ciddi itkilərə səbəb olduğunu görürük. Neft Fondunun itkiləri 4,7 milyard dollara yaxındır. Bundan əlavə, əsas göstəricilərdən biri adambaşına düşən ÜDM istehsalıdır ki, burada da 0,7 faizlik azalma var. Eyni zamanda 2,9 faizlik inflyasiyanı da nəzərə alsaq, əhalinin 3,6 faizə qədər yoxsullaşdığını deyə bilərik”.

Qarşıdan payız və qış gəlir - ənənəvi respirator xəstəliklər bu dövrdə geniş yayılır, nəinki koronavirus. Ölkə yenidən sərt karantinə gedərsə, iqtisadiyyatda yarana biləcək problemləri həll etmək mümkün olacaqmı? R.Həsənov deyir ki, hətta koronavirus infeksiyasına görə karantin tədbirləri sərtləşdirilməsə belə, Azərbaycanda həyata keçirilən indiki tədbirlərlə postandemiya dövründə iqtisadiyyatda bərpaya nail olmaq mümkün görünmür: “Ümumiyyətlə, qısamüddətli dövrdə qəbul edilən taktiki qərarlarla pandemiyanın təsirlərini aradan qaldırmaq mümkün deyil. Postpandemiya dövründə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı indiki şərtlər daxilində mümkün olmayacaq. Ona görə də Azərbaycan hökuməti daha fundamental islahatlara getməli və iqtisadi-sosial islahatlar siyasi islahatlarla müşayiət olunmalıdır. Ancaq bu yolla biz islahat adı altında həyata keçirilən tədbirlərin iqtisadiyyata transformasiyasını hansısa formada müşahidə edə bilərik. Postpandemiya dövründə dünyada investisiyaların cəlbi sahəsində çox kəskin rəqabət yaranacaq. Azərbaycan iqtisadiyyatı isə investisiyalara çox böyük ehtiyac duyur. Və bizim ən böyük problemlərimiz də elə bu sahədədir: xarici investorları cəlb edə bilmirik. Ölkə başçısının xarici və yerli investorlara müraciətləri olub. Lakin nəzərə almaq lazımdır ki, investor investisiya qərarlarını real şərtləri nəzərə alaraq verir. Buna görə də investisiya mühitinin real olaraq dəyişdirilməsi, cəlbedici hala gətirilməsi son dərəcə vacib şərtlərdən biridir. Konservativ iqtisadi siyasətdən imtina edilməsi, pul-kredit siyasətinin yenidən işlənib hazırlanması, monetar siyasətin yenidən işlənib hazırlanması, məzənnə siyasətinin təkmilləşdirilməsi və mərhələli şəkildə üzən məzənnəyə keçilməsi, dövlətin iqtisadiyyatdan geri çəkilməsi, rəqabətli şərtlərdə özəlləşmənin aparılması, ədalətli məhkəmə sisteminin yaradılması, əhalinin fərdi təşəbbüslərinin dəstəklənməsi, innovasiya ekosisteminin formalaşdırılması - bir sözlə, çox böyük işlər görülməsi vacibdir. Əsas istiqamət, əlbəttə, iqtisadiyyatın liberallaşdırılması olmalıdır. Bütün bunlar və postpandemiya dövrünün yaratdığı qlobal çağırışlara uyğun siyasətlərin yürüdülməsi imkan verə bilər ki, postpandemiya dövründə iqtisadiyyatın sürətli bərpasına nail ola bilək. Bu zaman korrupsiyaya qarşı real mübarizə, məmur biznesinin aradan qaldırılması, real və effektiv nəzarət mexanizmlərinin yaradılması, şəffaflıq və hesabatlılığın təmin olunması da nəzərdən qaçmamalıdır”.

Ekspert qeyd edir ki, qışın soyuq iqlim şəraitində yenidən sərt karantin tədbirlərinə qayıdılması iqtisadiyyata dəyən zərəri artıra bilər: “İlin sonuna təxminən 3 aydan artıq vaxt var. Bu müddətdə karantin tədbirlərinin sərtləşdirilməsi iqtisadiyyata dəyən zərərin 5-7 faizə qədər artmasına gətirib çıxara bilər. Xatırladaq ki, Azərbaycan hökumətinin özünün proqnozlarına görə, 2020-ci ildə iqtisadiyyatın 4,3 faiz kiçilməsi gözlənilir. Beynəlxalq təşkilatların proqnozları isə dəyən zərərin 7,5-9 faizə qədər yüksəlməsi təhlükəsinin olduğunu göstərir. Hökumət, əlbəttə, rəsmi statistik rəqəmlər əsasında proqnozlaşdırma aparır. Amma hamımız bilirik ki, Azərbaycanda uçotdan yayındırılan iqtisadiyyatın həcmi kifayət qədər yüksək həcmlərdədir. Bu baxımdan, real olaraq iqtisadiyyata dəyən zərəri dəqiq ölçmək mümkün deyil”.
“Yeni Müsavat”

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə